BolgeXeber.Com » Analitika » Əlilin hərbi xidmətə göndərilməsi skandal yaradır - ARAŞDIRMA

Əlilin hərbi xidmətə göndərilməsi skandal yaradır - ARAŞDIRMA

14-04-2015, 19:56
Oxunub: 3 692 Əlilin hərbi xidmətə göndərilməsi skandal yaradır - ARAŞDIRMAÖlkə başçısının son müşavirələrdə ciddi xəbərdarlığına baxmayaraq, hələ də bölgələrdə məmur özbaşınalığı davam edir

Hələ də xəstə, anadangəlmə əlil adamlar hərbi xidmətə göndərilir. Bunlardan biri də Ucar rayon sakini, anadangəlmə əlil Əhliman Qəhrəman oğlu Quliyevdir.
Gülşən Ağaysa qızı Quliyeva ünvanladığı şikayət məktubunda ölkə prezidenti İlham Əliyevdən kömək istəyir və Ucar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Həbib Əliyev haqqında ciddi tədbir görülməsini xahiş edir. Məktubda bildirilir ki, övladı 1997-ci il təvəllüdlü Əhliman Qəhrəman oğlu Quliyev anadangəlmə əlildir və təqaüdçüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasından 2006-cı ildə keçərək artıq 9 ildir ki, rəsmən əlil kimi sosial müavinat alır: “Anadangəlmə əlil olan övladımı Ucar rayonunda hərbi həkim komissiyasında hərbi xidmətə yararlı kimi yazaraq xidmətə göndəriblər. Cənab prezident, axı mənim xəstə övladımamı ehtiyacı var bu ölkənin? Hansı qanunda var ki, xəstə və əlil əsgər getsin? Rəsmən əlil olan insan hazırda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət çəkir. Görəsən, hansı qüdrətli ordunun 48 kiloqram çəkisi olan xəstə bir uşağa ehtiyacı ola bilər?”.
Əlil anası övladının hərbi xidmətdən geri çağırılmasını ölkə başçısından xahiş edir. Onun sözlərinə görə, oğlu Əhliman Quliyev hərbi xidmət çəkməyə yararsızdır, bir ayağı yerə çatmır: “Bir ana kimi yalvarıram, cənab Prezident, övladımı ölməyə qoymayın. Müdafiə naziri, general polkovnik Zakir Həsənodan tələb edirəm ki, əlil övladımı mənə qaytarsınlar. Əgər oğlumun xəstəliyinə şübhəniz varsa, Müdafiə Nazirliyinin Hərbi Hospitalında təkrar komissiya təşkil etməyinizi xahiş edirəm”.
Gülşən Quliyeva Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general Arzu Rəhimovdan da xahiş edir ki, həkim komissiyalarının fəaliyyətinə ciddi fikir verilsin, neçə-neçə anaların gözüyaşlı qalmasın: “Hərbi prokuroru Xanlar Vəliyevdən bu qanunsuzluğa göz yummamalarını rica edirəm”.
Gülşən Quliyevanın şikayət məktubunda qeyd olunanlara aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən “Həftə içi”nə bildirdilər ki, bu məsələ Müdafiə Nazirliyinin deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rayon şöbəsinin səlahiyyətinə aiddir: “Quliyev Əhliman Qəhrəman oğlu adında və soyadında Müdafiə Nazirliyində hərbi xidmətdə əsgər yoxdur. Ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, məlumatı dəqiqləşdirin”.
Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Arif Həsənov adlı əməkdaşı məsələni aydınlaşdırmaq üçün bizя yalnız tövsiyə verə bildi: “Baş idarənin operatoruna zəng vurub xahiş edin sizi Ucar rayon şöbəsi ilə birləşdirsinlər. Sizin suallarınıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi dəqiq cavab verəcək”.
Operatorun isə cavabı qısa oldu: “Siz Səfərbərlik Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ucar rayon şöbəsinin rəisi ilə danışa bilməyəcəksiniz. Yaxşı olar ki, məsələni əhatəli şəkildə aydınlaşdırmaq üçün həmin quruma yazılı qaydada müraciət edəsiniz”.
Əlil olmasına baxmayaraq, hazırda həqiqi hərbi xidmətdə olan əsgər - Əhliman Quliyevin vəkili Vasif Abdullayevlə də əlaqə saxladıq. Vəkil açıqlamasında qanunsuz olaraq hərbi xidmətə cəlb edilmiş Əhliman Quliyevin işi ilə bağlı araşdırmaların aparıldığını söylədi: “Araşdırmalar zamanı Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya İnstitutunun həkimləri tərəfindən 2013-cü ildə Əhliman Qəhrəmanovun həqiqi hərbi xidmətə yararsız hesab olunması barədə sənəd verdiyi təsdiqini tapıb. Yəni bu uşaq əsgərliyə yararsızdır. Uşağın ayaq pəncəsi düz olduğundan ayağı yerə çatmır. 2015-ci ildə isə həmin tibb müəssisəsində eyni həkimlər bilərəkdən, ya bilməyərəkdən tibbi rəydə Əhliman Quliyevin sağlam olduğunu yazıblar. Bu isə o deməkdir ki, Əhliman Quliyev hərbi xidmətə yararlıdır. Məhz bu sənəd əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ucar rayon şöbəsi onu hərbi xidmətə yollayıb”.
Vəkil Vasif Abdullayev onu da bildirir ki, bu işdə əsas günahkar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəis müavini Famil Novruzovdur. Onun sözlərinə görə, Famil Novruzov rayon şöbəsinin Çağırışaqədər xidmət bölməsinin rəhbəri kimi çağırışçılarla sıx təmasda olur və hansı çağırışçının hərbi xidmətə yararlı və ya yararsız olduğundan xəbərdardır: “Buna baxmayaraq, Famil Novruzov Əhliman Qəhrəmanovun xəstəlik faktına göz yumub və əlil kimi pensiya alan gənc oğlanın hərbi xidmət çağırışına qol çəkib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti Ucar rayon şöbəsinin rəisi Həbib Əliyevin isə bu işdə günahı yoxdur. Bu işdə günahkar olan Famil Novruzovla bağlı cinayət işinin açılması üçün Hərbi Prokurorluğa vəsatət yazıb göndərmişəm. Vəsatət qəbul olunan kimi bununla bağlı mətbuatda açıqlama verəcəyik”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəis müavini Famil Novruzov isə bildirdi ki, o, əlil kimi pensiya alan çağırışçının hərbi xidmətə göndərilməsinə cavabdehlik daşımır: “Biz kimik ki, xəstə çağırışçını sağlam kimi hərbi xidmətə göndərək?! Hərbi çağırışa birbaşa cavabdeh adamlar var, bu məsələyə yəqin ki, onlar özləri münasibət bildirəcəklər”.
“Həftə içi”
Əlilin hərbi xidmətə göndərilməsi skandal yaradır - ARAŞDIRMA