BolgeXeber.Com » Analitika » "Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR

"Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR

14-05-2015, 18:36
Oxunub: 5 128 "Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLARTəməli 2012-ci ildə qoyulan və Kürqırağı rayonların içməli su probleminin həll olunması məqsədilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin tikintisi dalana dirənib

“Azərsu” ASC-nin reallaşdırdığı və smeta dəyəri bu günədək açıqlanmayan layihəyə görə, Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə ötürülməli və Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatını ödəməli idi.
Kəmərin 2013-cü ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulurdu. Bununla da 470 min nəfər əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdı.
2013-cü il, aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də isə Biləsuvar şəhərlərinə bu kəmər vasitəsilə su verilməyə başladı. Amma Salyan və Neftçala rayonlarının su təchizatı üçün heç bir iş görülməyib.
Bu rayonlardakı mövcud şəbəkələr isə ötən əsrin 50-ci illərində yaradılıb. Onlar istismar müddətini çoxdan başa vurduğundan Kür sahilində yaşayan əhali təmiz su sarıdan olmazın əziyyət çəkməkdə davam edir.
Belə ki, Salyan Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Kür çayının suyu normadan 10 dəfə çox çirklənməyə məruz qalır.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri bu regiondakı su xətlərinin vəziyyətini araşdırıb. Bəlli olub ki, Salyan şəhərində ötən əsrin ortalarında quraşdırılmış iki sutəmizləyici qurğu bərbad vəziyyətdədir. Burada nəinki heç bir bioloji təmizləmə, hətta elementar durultma belə aparılmır. Ona görə də əhaliyə gündə cəmisi bir-iki saat bulanıq (lilli) su verilir.
42 minlik şəhər əhalisinin yalnız 18 min nəfəri bu qurğulardan da istifadə edə bilir, qalan sakinlər isə suyu çaydan özləri götürürlər. Çox vaxt da pulla alırlar.
Salyan və Neftçalanın bütün kəndlərində modul tipli sutəmizləyici qurğular (onların hər biri 170-180 min manata başa gəlib) quraşdırılsa da onlar standartlara uyğun işlədilmədiyindən kənd əhalisi də əvvəlki kimi yenə də suyu arxlardan götürür. Halbuki Şirvan-Muğan su kəməri layihəsi çərçivəsində 107 kilometr uzunluğunda magistral xəttin inşası nəzərdə tutulmuşdu. Yeni kəmər istismara veriləndən sonra Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, Salyan rayonunun 41, Neftçalanın 44, Biləsuvarın 23 və Sabirabadın 13 kəndi ekoloji cəhətdən saf su ilə təchiz edilməli idi.
Ümumilikdə Şirvan-Muğan su kəmərinin istismara verilməsi ilə 470 min insan, o cümlədən 5 şəhərin 240 min, 121 kəndin 230 min əhalisi keyfiyyətli su ilə təmin olunacaqdı.
Layihəyə uyğun olaraq Şirvan-Muğan su kəmərinin inşası 2013-cü ilin sonunadək yekunlaşmalı idi. Layihəyə əsasən Hacıqabuldan kəmər vasitəsilə vurulan içməli su dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşən Salyanın Babazanan dağında inşa ediləcək anbara doldurulmalı və buradan öz axımı ilə Salyan, Biləsuvar və Neftçala rayonlarına verilməli olsa da bu anbar yalnız kağız üzərində mövcuddur. Əslində anbarın əsası qoyulsa da inşasına başlanmayıb.
Ona görə də Hacıqabuldan axıdılan su Biləsuvara elektirk mühərrikləri ilə vurulduğundan xətdə tez-tez qəzalar baş verir.
Beləcə, “Azərsu” smeta dəyəri yüz milyonlarla ölçülən xoşməramlı bir layihənin icrasını əslində başa çatdırmadan “başa çatdırdı”. Bu üzdən də Kürqırağı rayonların əhalisi ölkə üzrə ən çirkli, həyat və sağlamlıq üçün təhlükəli su içməkdə davam edir.
BOLGEXEBER.COM
"Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR
"Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR
"Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR
"Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR
"Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR
"Azərsu"nun yarımçıq işi: Su xətti çəkiblər, amma əhali suyu pulla alır-FOTOLAR