Etibar Pirverdiyev üçün həlledici an - 104 milyonluq borcunu qaytarmasa...
30-05-2015, 10:00
Oxunub: 12 068
Beynəlxalq Bank işinə görə həyata keçirilən həbslərin əhatə dairəsi gün keçdikcə daha da genişlənir
Dövlətə "maliyyə xəyanəti"ndə ittiham olunan bəzi iş adamları, vəzifəli şəxslər, həmçinin sabiq məmurlardan bir neçəsi artıq DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Son günlər bəzi yüksək rütbəli şəxslərin də adı "maliyyə xəyanəti"nə qarışıb.
Həmin məmurlardan biri də "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevdir. Yayılan məlumatlara görə, cəmiyyət rəhbəri bir neçə gün öncə "Bandotdel"ə çağırılıb və təxminən 5 saat dindirildikdən sonra sərbəst buraxılıb. Qarşı tərəf isə bunu nə təkzib, nə də təsdiq edib. Araşdırmalara görə, adıçəkilən məmurla Beynəlxalq Bank arasında hələ bir müddət əvvəl borca görə məhkəmə çəkişməsi olub. Belə ki, Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun "Azərenerji" ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb. Başqa sözlə desək, məmurun 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu rəsmi formada təsdiqlənib. Buna baxmayaraq, vəzifə sahibi məhkəmənin qərarını icra etməkdən yayınıb. Nəticədə 104 milyonluq borc bu günə kimi banka qaytarılmayıb. Aydındır ki, ASC sədri bir müddət əvvəl səlahiyyətlərinin mühüm hissəsini itirdi. Bəzi ekspertlər bunu Etibar Pirverdiyevin çöküşü kimi dəyərləndirdilər. Baş verən son hadisələr isə göstərir ki, ASC sədri həqiqətən də, yuxarıların hədəfindədir və onun həbsinə ciddi hazırlıq gedir. Bu şəxsin gələcək karyera yolunu çətinləşdirən amillərdən biri də Bayraq Meydanının sabiq rəhbəri, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədovla yaxın əlaqələrinin olmasıdır. Məlum olduğu kimi, Bayraq Meydanının tikilməsi "Azərenerji"nin rəhbərinə həvalə olunmuşdu. Rəşad Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Bildirilir ki, həbs olunan keçmiş idarə rəisi cəmiyyət sədri ilə bağlı istintaq orqanlarına bəzi məlumatları açıqlayıb və ona qarşı ifadə verib. Söhbət on milyonlarla dollarlıq yeyinti faktından gedir. Deyilənə görə, Etibar Pirverdiyev Rəşad Məmmədovla biznes ortağı olub. Dövlət Bayrağı Meydanı kompleksinin tikintisi layihəsini baş podratçı qismində ASC sədrinin nəzarətində olan "Azenco" şirkəti həyata keçirib. "Azİmport" şirkəti isə bu layihədə əsas podratçı olub. Dövlət Bayrağı Meydanı kompleksinin yerləşdiyi ərazidəki obyektlərin, yaşayış binalarının söküntüsünü də "Azenco"nun sifarişi əsasında "Azİmport" həyata keçirib. Sökülən obyektlərə və evlərə görə dövlət büdcəsindən ayrılan kompensasiyaların verilməsində şəffaflığa riayət olunmamasında da bu iki şəxsin maraqlarının əsas götürüldüyü deyilir. Onu da qeyd edək ki, bir müddət əvvəl nüfuzlu beynəlxalq audit şirkəti olan "Deloitte"nin "Azərenerji" ASC-də apardığı auditin nəticələri açıqlanmışdı. Məlum oldu ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib. "Azərenerji"nin gəlirlərinin bu cür kəskin aşağı düşməsinin səbəbləri barədə heç bir informasiya verilməyib. Hesablama Palatasının sonuncu hesabatında qeyd olunan məqamlar isə məmurun işini xeyli çətinləşdirib. Həmin hesabatda məmurun fəaliyyəti barədə qeyd edilir ki, 2011-2013-cü illər üzrə "Bakıelektrikşəbəkə" ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Müəyyən edilib ki, müəssisə tərəfindən Bakının enerji təchizatı üzrə 2011-2013-cü illəri əhatə edən investisiya proqramları hazırlanaraq icra hakimiyyəti orqanlarına təqdim edilib. Lakin növbəti büdcə ili və sonrakı 3 il üçün vəsaitlərə olan tələbatın düzgün müəyyənləşdirilməsi üçün əsaslandırılması və müvafiq dövlət proqramlarındakı tədbirlərlə əlaqələndirilməsi tam təmin edilməyib. 2011-13-cü illərdə Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında bir neçə tədbir qismən icra olunub, cəmiyyətin investisiya proqramlarında nəzərdə tutulmayan obyektlərdə işlər yerinə yetirilərək proqramlardan kənarlaşmalara yol verilib, 2 halda yarımstansiyaların tikintisi, 3 halda yarımstansiyalar arasında yüksək gərginlikli kabel xətlərinin çəkilişi və 8 halda transformator məntəqələrinin yenidən qurulması obyektlərinin layihə smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Əsas vəsaitlərin, nəqliyyat vasitələrinin yenilənməsində istehsalat tələbatı tam nəzərə alınmayıb, tikintisi və yenidən qurulması başa çatdırılan və faktiki istifadə olunan obyektlərin müvafiq qaydada istismara qəbulu təmin edilməyib, əsas vəsaitlərin, hava ilə aparılan ötürücü xətlərin dirəklərin üzərində inventar nömrələnməsi həyata keçirilməyib, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan ayrılan vəsait cəmiyyətin gəlirlərinə aid edilərək əlavə dəyər vergisi hesablanıb, qalan məbləğ cəmiyyətin maliyyə nəticələrində əks etdirilərək mənfəət vergisinə cəlb edilib. Nəticədə külli miqdarda vəsait göyə sovrulub. Göstərilən faktlar onu deməyə əsas verir ki, artıq Etibar Pirverdiyevin görəvdən alınma zamanı çatıb. Bəzi mənbələrin dediyinə görə isə dövlətə 104 milyon manat məbləğində kredit borcu olan məmur bunu ödəməsə, onu da həbs edilən iş adamlarının taleyi gözləyə bilər. Odur ki, ASC sədrinin hazırkı karyera durumu çox mürəkkəbdir.gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər