BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyevin şirkətləri əlindən alınır?

Etibar Pirverdiyevin şirkətləri əlindən alınır?

5-06-2015, 10:40
Oxunub: 6 058 Etibar Pirverdiyevin şirkətləri əlindən alınır?Enerji sektorunu uzun illərdir nəzarətdə saxlayan "Azerenerji" rəhbərini bəd aqibət gözləyir...

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev karyerasında ən çətin günlərini yaşayır. Səlahiyyətlərinin bir hissəsini itirənə kimi ölkənin baş elektriki statusuna sahib olmuş "Azərenerji" rəhbəri şəbəkələşmiş biznesi sayəsində öz "kiçik imperiyasını" yaxın çevrəsinin əli ilə bir müddət rahat idarə edə bilirdi.

Lakin sonradan məlum oldu ki, şəxsi biznesinə aludəçiliyi Etibar Pirverdiyevi əsas vəzifə öhdəliklərindən irəli gələn bir sıra mühüm məsələlərin həllindən uzaq salıb. "Azərenerj" ASC-nin son bir neçə il ərzindəki fəaliyyətinin xarici müstəqil auditor yoxlamaları nəticəsində bu qurumun xeyli ziyanla işlədiyi üzə çıxdı. Halbuki, Etibar Pirverdiyevin paralel "imperiyası" həmin dövr ərzində özünün əsl çiçəklənmə dövrünü yaşayıb. Bəs "Azərenerji"nin halal vəsaitinin azalmasına hansı amillər səbəb olub? Məlumata görə bu sualın cavabını axtaran müvafiq yoxlama qurumları Etibar Pirverdiyevin qeyri-rəsmi sahiblik etdiyi obyektlərdə maliyyə monitorinqi keçirdikdən sonra bəlli olub ki, baş energetikin şəxsi nəzarətindəki özəl şirkətlər əslində onun rəhbərliyindəki Səhmdar Cəmiyyətin ən yaxın tərəfdaşı rolunu oynayıb. Bu "işbirliyi" sayəsində isə milyonlarla manat büdcə vəsaiti həmin şirkətlərə qanunsuz transfer edilib. Qeyd olunur ki, bunun nəticəsində "Azərenerji"nin strukturuna daxil olan bir sıra istehsal müəssisələri acınacaqlı duruma düşüb. Etibar Pirverdiyevin şəxsi biznes nəzarətində olan bir sıra özəl şirkətlərin bank hesablarına külli miqdarda büdcə vəsaitlərinin köçürülməsi və nağdlaşdırılması əməliyyatlarına şəxsən rəhbərlik etməsi onun "kiçik imperiyasını" xeyli çiçəkləndirsə də, bu qanunsuzluqlarda adları hallanan şəxslər yoxlamalardan sonra çox çətin duruma düşüb. Hazırda həmin şəxslərin ciddi sorğu-suala çəkildiyi deyilir. Maraqlıdır ki, həmn şəxslərdən br çoxunun adı Beynəlxalq Bankın kredit qalmaqalında da hallanır. Məlumata görə həmin kreditlər məhz Etibar Pirverdiyevə aid şirkətlər vastəsilə nağdlaşdırılaraq bölüşdürülüb. Lakin "Azərenerji" ASC prezidentini xüsusilə narahat edən bu deyil. Onun birbaşa göstərişi əsasında 2013-cü ildə "Azenco" şirkəti tərəfindən gerçəkləşdirilməsinə başlanmış 32 milyonluq 110/35 kilovoltluq Gədəbəy yarımstansiyası və 110 kiovoltluq Gədəbəy-Zəyəm elektrik verilişi xətlərinin tikintisində üzə çıxan ciddi maliyyə pozuntuları barədə ölkənin ali rəhbərliyi artıq məlumatlandırılıb. Əldə etdiyimiz məlumata görə, layihə üzrə məbləğin bir hissəsi ümumiyyətlə enerji sahəsinə aid olmayan ayrı-ayrı şirkətlərin hesablarına ötürülməklə ciddi saxtakarlıqlara rəvac verilib. Həmin şirkətlərin adını hələlik çəkməyən mənbəmizin bildirdiyinə görə bu məsələ ilk növbədə Etibar Pirverdiyevi ölkənin enerji sistemində istifadə olunan elektrotexniki avadanlıqların, kabel və digər mal-məhsulların alınmasında qüsurlara yol vermiş səlahiyyət sahibi kimi məsuliyyət altında qoyur. Mənbə onu da bildirir ki, hazırda ölkədə Etibar Pirverdiyevin çətiri altında fəaliyyət göstərən və müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş biznes, istehsal və xidmət sahələrinin siyahısı tərtib edilərək aidiyyəti orqanlara təqdim olunub. Bu şirkətlərin arasında ən tanınmışı olan "Azenco" ASC-də həmin siyahıda yer alır. Qeyd edək ki, "Azərenerji" ASC-nin rəhbəri son onilliklər ərzində qazandıqlarına görə məhz 2002-ci ildən fəaliyyət göstərən "Azenco" ASC-yə minnətdar olmalıdır. Nizamnamə kapitalı 7 milyon manata qədər olan bu səhmdar cəmiyyət vasitəsilə hər il büdcə milyonları "Azərenerji" ASC-nin qazancı ilə birlikdə ayrı-ayrı şəxslərin cibinə axır. Etibar Pirverdiyevin xeyir-dua verdiyi "Azenco sınaq və keyfiyyətə nəzarət" MMC-adlı daha bir şirkət isə ölkədə energetika sahəsində gerçəkləşən bahalı layihələrin əsas icraçısı sayılan "Azenco"nun natamam və keyfiyyətsiz işlərini dəyərləndirərək sertifikatlaşdırmaqla məşğul olub. "Azərenerji" ASC prezidentinin himayəsi altında "Azenco" və digər oxşar şirkətlərlə ortaq şəkildə gerçəkləşdirilmiş sözügedən qanunsuz əməliyyatların Etibar Pirverdiyev üçün əməlli-başlı problem yaratması bu baxımdan gözlənilən idi. Səhmdar Cəmiyyətin mərkəzi ofisində məsələdən xəbərdar olan məlumatlı şəxslər artıq bunu "Azerenerji" rəhbərliyinin karyerasında son nöqtə qoya biləcək bir biabırçılıq kimi dəyərləndirir. Odur ki, çevrəsinə aid şirkətlərin əlindən alınması prosesinə start verilməsi ölkənin enerji sektorundan qanunsuz milyardlar əldə edərək oliqarxlaşmış Etibar Pirverdiyev üçün bəd aqibət vəd edir.

gundelik-baku.com