BolgeXeber.Com » Analitika » Novxanının çimərliyində “amerikanski” qiymətlər-Açılışa qədər 4 azn, açılışdan sonra 15 azn(FOTO)

Novxanının çimərliyində “amerikanski” qiymətlər-Açılışa qədər 4 azn, açılışdan sonra 15 azn(FOTO)

24-06-2015, 10:22
Oxunub: 4 897 Novxanının çimərliyində “amerikanski” qiymətlər-Açılışa qədər 4 azn, açılışdan sonra 15 azn(FOTO)Novxanının pullu çimərliyində ilginc preyskurant, xidmət anlayışı və açılış hazırlığı...

- Ay oğlan, yer göstər də...

- Bax da oralara, özün tapa bilərsən.

- Mən əlimdə “veş”, yanımda arvad-uşaq yer axtaracam? Heç pul alıb içəri buraxanda demirdiz ki, gedib özün yer taparsan. Elə qəşəng alırdız ki, pulu. Şəhərdəki pullu “stoyanka”ların qapısında belə adama deyirlər ki, içəridə filan qədər yer var. Alıb aldatma dünyasıdı? Pulu al, sonra da camaatı qaraçı kimi qumun üstünə burax. Yaxşıdı vallah...

İstirahətin ilk dəqiqədən korlanması buna deyirlər. Həftəsonunu çimərlikdə keçirmək istəyən bakılılar üçün indi demək olar ki, seçim şansı qalmayıb. İnsanlar pullu çimərliklərə məhkum olunublar. “Pulsuz çimərlik” söz birləşməsi yavaş-yavaş yaddaşlardan silinməkdədir. Dəniz ya hasarlanıb, ya da girişi pulludur. Sonuncudan içəri girəndən sonra isə sürprizlər bitib-tükənmək bilmir. Anlamırsan ki, bir ətək ödədiyin pula hansı xidmət düşür. Sadəcə, nəfəs almaqmı? Bu haqda bir qədər sonra...

Çimərliyin tutumu ilə müştərilərin sayı tərs mütənasib olanda....

“Yeni Müsavat”ın əməkdaşı pullu çimərliklərdəki vəziyyət barədə arayış hazırlamaq üçün şəhərə nisbətən yaxın olan Novxanıya üz tutub. “Miami Beach” adlanan çimərlikdə olduğumuz müddətdə gördüklərimiz isə bu günə qədər çimərlik sektorunun normativlərinə uyğun gəlmirdi. Öncə çimərliyin girişi üçün nəzərdə tutulan məbləğ barədə. Çimərliyə giriş adambaşına 4 AZN nəzərdə tutulub. Bu vəsaiti ödəyən şəxs ordakı stol-stullardan, kölgəlikdən, şezlonqdan istifadə edə, eləcə də uşaqlar onlar üçün yenicə quraşdırılmış oyun meydançasında əylənə bilərlər. Amma bu, ilk baxışdan belədir. Girişdə yazdığımız kimi, çimərliyin tutumu müştərilərin sayı ilə tərs mütənasiblik təşkil edirdi. Ona görə də giriş pulunu ödəyib, içəri daxil olanlar uzun müddət yer axtarışına düşür, bir çox hallarda çətinliklə yer tapır, bəzən isə tapmırdı. Bu halda da rəhbərliklə müştərilər arasında ciddi narazılıq yaranırdı.

Çimərliyin girişində diqqəti cəlb edən dialoqlardan biri də müştərilərə giriş üçün ödədikləri məbləğin qarşılığında çek verilməməsi idi. Bəzi müştərilər “niyə çek vermirsiz ki” deyə sual edəndə qarşı tərəfin cavabı “təzə qurtarıb, çekə ehtiyac yoxdu, içəri keçmisizsə, deməli, orda dincələ bilərsiz, orda sizdən heç kim çek soruşmayacaq” kimi absurd olurdu.

Çimərliyin adı “Miami Beach” olsa da, içəridə “milli ənənələr” hakim idi. Birincisi, taxta çardaqlarla dəniz arasındakı məsafə olduqca uzun idi. Üstəlik, həmin ərazidə yerə döşənmiş daş plitələr çimərlik normativinə zidd idi. Ayağını quma basmaq istəyən istirahətçi üçün belə bir imkan yox idi. Bunun üçün pilləkənli yeri adlayıb, 150 metrə yaxın yol qət edib, quma “qovuşmaq” lazım idi. Yəni sən taxtalı çardaqda oturmusansa orda dənizi yox, ən yaxşı halda, qonşu “besetka”da əyləşən başqa bir tətilçinin peysərini görə bilərsən. Diqqəti cəlb edən daha bir məqam isə çimərliklərdəki taxta çardaqdakı “mühafizə” sistemi idi. Yəni yuxarıdan asılan pərdəyə bənzər, qalın materiallı parça “besetka”ları “kənar gözlərdən” qorumaq məqsədi daşıyırdı. Bu da... yumşaq desək, gülməli görünürdü. Bundan başqa, “besetka”da oturan valideynin dənizdə üzməyə gedən uşağına uzaqdan da olsa nəzarət etməsi imkanları sıfıra bərabərdir. Çünki qarşıdakı besetkalar onun dənizə baxan yolunu rəsmən qapadır. Bu da orda söhbətləşdiyimiz tətilçilərdən çoxunu narazı salan məqam idi. Novxanının çimərliyində “amerikanski” qiymətlər-Açılışa qədər 4 azn, açılışdan sonra 15 azn(FOTO)

Dənizdən gələn əcaib qoxu... “yay təzə başlayıb” arqumenti ilə toqquşurdu

Amma müştəriləri ən çox narazı salan dənizdən gələn əcaib qoxu idi. Hətta insanlar qoxudan uzaqlaşmaq üçün yeni üsul kəşf etmişdilər. “Sahildən 300 metr irəlidə qoxu yoxa çıxır elə bil” deyən istirahətçilər kanalizasiya qoxusundan qurtulmağı bu cür bacarırdılar. Amma dənizdən çıxanların üstünə həmin qoxu rəsmən çökürdü. Bunun səbəbini isə bilən yox idi. Əməkdaşımız çimərliyin əməkdaşlarından qoxunun niyə belə kəskin olduğunu soruşanda, “yay təzə gəlib də, ona görə öyrəşməmisiz” kimi əcaib cavabla qarşılaşırdı. Müşahidələrimiz zamanı bir neçə dəfə xilasetmə postunu boş gördük və bunu fotoaparatın yaddaşına da həkk etdik. Səyyar satıcıların sayı baxımdan da çimərlikdə olduğumuz gün seyrəklik idi. Qarğıdalı satan Elnur adlı gənc dedi ki, hər dəfə çimərliyin ərazisindən keçəndə buranın işçiləri ilə mübahisə etməli olur: “Bu gün də zorla keçdim. Dedilər, guya bu gün bura baxmağa nazir gələcək. Ona görə çox adamı içəri buraxmırdılar. Əsas məsələ gözdən oğurlanıb içəri keçə bilməkdir”.

Tətilçilərlə söhbət zamanı onlardan bəziləri çimərliyin ərazisindəki yüksək səsli musiqidən narazılıq etdi. Çimərliyə ailəsi ilə gələn Sultan Mehdiyev adlı vətəndaş dedi ki, əslində çimərlikdə insan beyninin də dincəlməsini istəyir: “Burda ağız deyəni qulaq eşitmir. Bayaqdan uşağı 4 dəfə çağırmışam, mahnının səsindən məni eşitmir. Bəzi fast food kafelərində qəsdən musiqini yüksək xodda qoyurlar ki, müştəri səsdən yorulsun, yeməyini yeyən kimi getsin. Nəticədə daha çox müştəri cəlb olunsun kafeyə. Burda da eyni məntiqdir. Bayaqdan bir neçə dəfə buranın işçilərinə şikayət etdim. Dedilər, camaat cümə axşamına gəlməyib ki, əylənməyə gəlib də...”

Açılışa qədər 4 azn, açılışdan sonra 15 azn - “amerikanski” qiymətlərNovxanının çimərliyində “amerikanski” qiymətlər-Açılışa qədər 4 azn, açılışdan sonra 15 azn(FOTO)

Fotolardan da gördüyünüz kimi, çimərliyin ərazisində ciddi təmir işləri gedirdi. Ordakı işçilərdən öyrəndiyimizə görə, açılış Avropa Oyunlarından sonra, iyunun 29-da baş tutacaq. Bu zaman uşaq və böyük hovuzları, uşaq attraksionları istifadəyə veriləcək. Amma çimərliyə giriş qiyməti də dəyişəcək. Özü də bir neçə dəfə. Adambaşına 15 AZN. Təsəvvür edin ki, 4 nəfərlik bir azərbaycanlı ailəsinin təkcə bir gün çimərlikdə oturması (hələ mən yemək, içki, nəqliyyat xərclərini hesablamıram) 60 AZN-ə başa gəlir. Əvəzində verilən isə... qumdan uzaq taxta çardaq, qoxulu dəniz və insan sıxlığı...

Bütün bu narazılıqlara və qiymət siyasətinə aydınlıq gətirmək üçün çimərliyin administratoru ilə danışmaq istədik. Amma məlum oldu ki, hazırda açılış üçün ciddi hazırlıq gedir, çimərliyin mətbəxinə yeni avadanlıqlar gətirilib və administrasiya da onun yerləşdirilməsi, təhsil-təslim prosesi ilə məşğuldur. Çimərliyin internet səhifəsində yerləşdirilən telefon nömrəsi isə bağlı olduğu üçün onlarla danışa bilmədik.

Sevinc TELMANQIZI