BolgeXeber.Com » Analitika » «Ağ xalatlı qəssab»

«Ağ xalatlı qəssab»

26-06-2015, 11:51
Oxunub: 3 708 «Ağ xalatlı qəssab»Azərbaycan Tibb Universiteti qəssab yetişdirməklə məşğuldur

Bir zamanlar həkimlərə ağızdolusu «ağ xalatlı mələk» deyə müraciət edərdik. Onları tərif edəndə «şəfalı əllərin sahibi» söylərdik. Amma indi işin rəngi dəyişib. Daha «ağ xalatlı mələk»lər uçub, gediblər. Yerdə isə «ağ xalatlı qəssablar» qalıblar.

Azərbaycanın səhiyyə sistemi biabırçı durumdadır. O qədər rəzalət var ki, insan həyatı pul qarşılığında bir andaca satılır. Dostum, həmkarım Anar Niftəliyevin həyat yoldaşının cərrah masası üzərində qətlə yetiriləndə də bu qəssabların pul qarşılığında insan həyatı ilə oynadıqlarının fərqindəydim. Dünən gördüyüm mənzərə isə bir qədər də dəhşətliydi.

Qızımın evdə oynarkən ehtiyatsızlıq üzündən ayağını sındırmasından bərk narahat idim. Səhər tezdən ayağına gips qoyulması üçün Sabunçu rayon 3 saylı Mərkəzi Xəstəxanaya aparmışdım. Etirf edim ki, qəbul şöbəsində min bir hörmət, izzətlə qarşılandıq və uşağı əlimdən alaraq təcili rentegen otağına apardılar. İlham həkim də apar-topar gələrək, sınıq yerlərini müəyyən edib, gips bağlanılması üçün hazırlıqlara başladı.

Rentegen otağının qarşısında rastlaşdıım mənzərə isə hələ də gözlərimin qarşısındadır. Çünki Azərbaycan səhiyyəsinin daha bir rəzalətinə şahidlik edirdim. Demək belə…

28-30 yaşlı hamilə qadın yüksək qan təzyiqindən əziyyət çəkdiyi halda, heç bir müayinə edilmədən əməliyyata alınmışdı. Validyenləri, qohumları da yığışıb gəlmişdilər ki, dünyaya gələcək yeni körpənin qədəmlərinə mübarək desinlər. Addətən son illər qeysər (keyser) yolu ilə ana olan qadınlarımızın sayı çoxdur. Təbii doğuş isə ensklopediyada bilgi şəklində mövcuddur. Sözüm onda deyil…

«Qəssab» 1000 manat müqabilində əməliyyat edib, uşağı və anasını sağ-salamat təhvil verəcəyini vəd edib. Amma əməliyyatın 15-ci dəqiqəsində ana yüksək qan təzyiqindən komaya düşür. Və əməliyyat edən həkim o qədər bisavad olub ki, elementar bir vəziyyətdən xəstəni çıxara bilməyib. Nəticədə, uşaq dünyaya göz açsa da, ana həlak olub. Ən dəhşətlisi isə əməliyyat otağından qaçaraq, gizlənməyə çalışıb.

Azərbaycan səhiyyəsinin vəziyyəti budur. Vicdanını itirmiş həkimlər pul qarşılığında insan həyatı ilə oynamaqdan çəkinmirlər. Cəzasızlıq, insan taleyinin dəyərsiz bir əşya həddində olması, Səhiyyə Nazirliyinin səriştəsizlərin əlində qalması sadəcə, üzdə olanlardır. Üzdə olmayan o qədər dəhşətli məqamlar var ki, yazmaqla bitməz.

Sovet dövründə yeganə sahə tibb idi ki, bu sahə üzrə təhsil alanlardan konkret ixtisasları üzrə pul alınmırdı. Yəni, Tibb Universitetində biliyi olmayanların təhsil alması qeyri-mümkün idi. Düzdür, rüşvət var idi, amma ixtisas fənləri üçün deyil, qeyri-ixtisas fənləri üçün alınırdı. Qardaşım da Tibb Universitetini oxuduğu üçün bütün bunların əksəriyyəti gözümüz önündə baş vermişdi. Həmin dönəmdə anatomiya fənnindən imtahan verənin pul müqabilində keçməsi qeyri-mümkünlər sırasındaydı. Çünki heç bir müəllim o risqin altına girmirdi ki, gələcək həkimə anatomiya öyrətməsin. Əksinə, pul alınsa belə tələbənin canını alıb oxutdururdular.

Bəs, indi necə? Azərbaycan Tibb Universiteti qəssab yetişdirməklə məşğuldur. Elementar səviyyədə cərrahlığı bacarmayan adamlara bu sahə etibar edilib. Səhiyyə Nazirliyinin başı pul qazanmağa qarışıb. Onu nə təhsil, nə də nəticələr maraqlandırmır. Ona görədir ki, hər gün ana və ya uşaq ölümlərinə şahid oluruq. Və ya insan təlafatlarımız səhiyyənin hesabına birə iki artıb.
Bu əsnada Azərbaycan həkimlərinin (pardon qəssablar) fitnə-fəsad işlərinə qonşu ölkələrdə də şahid olmuşam. Təbrizdəki klinikaların birində yaşlı qadını müayinə edən professor hirsindən necə qışqırırdısa, xəstənin qohumları qorxuya düşmüşdülər. Çünki bu yaşlı qadının böyrəyindəki soyqdəymədən dolayı yaranmış ağrılara görə, iki dəfə əməliyyat edib bağırsaqlarının bir hissəsini kəsib çıxarmışdılar. Sizcə, bunun adı nədir?

Qayıdıram əvvələ. İndi ölən ananın uşaqlarına kim cavab verəcək? Bu təkcə bir şəkimin törətdiyi cinayətdir? Yoxsa, bütün sistemin? Həmin həkimə normal təhsil verilsəydi, üzərindən normal maaş alsaydı və üzərindən bir də ondan aylıq haqqlar tələb olunmasaydı, bəlkə də bu gün bu qədər cinayətlər qeydə alınmazdı. Amma görünən odur ki, Səhiyyə Nazirliyi baş verənlərdən qəti narahat deyil. Onlar üçün insan ölümləri təcrübə qazanmaq kimi bir şeydir. Yəni, bütün bir ölkəni labaratoriyaya çevirib, eksperiment aparırlar. Buna dur deməyin zamanı çatıb, cənablar!

P.S. Azərbaycan vətəndaşlarının İrana, Türkiyəyə müalicə üçün üz tutmaları bilavasitə canlarını bizdəki qəssablardan canlarını qurtarmaq üçündür. Kimsə bunu qınayırsa, o adamın ya ölkədən xəbəri yoxdur, ya da vicdanı mövcud deyil.

Fikrət Fərəməzoğlu