BolgeXeber.Com » Analitika » Əbülfəs Qarayev hər dəfə söz verir, amma ortada nəticə yoxdur

Əbülfəs Qarayev hər dəfə söz verir, amma ortada nəticə yoxdur

16-07-2015, 14:10
Oxunub: 3 297 Əbülfəs Qarayev hər dəfə söz verir, amma ortada nəticə yoxdurTurizm sektorundakı bahalıq nazirin adına yazılmalıdır

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri lisenziyaya görə əlavə "rüsum" tələb etdiklərindən bu sahədə ciddi problemlər yaranıb

"İndi Bakıda dünyada tanınmış brendlərin otelləri fəaliyyət göstərir. Bakıda olan otellər şəbəkələri ən mötəbər şəbəkələrdir, onların öz qiymət siyasəti var, biz buna o qədər də qarışa bilmərik. Bəs beş ulduzu olmayan hotellərin qiyməti niyə bahadır?". Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Prezident bildirib ki, bölgələrdə, rayon yerlərində elə qiymət istəyirlər ki, insan ora getmək istəmir: "Buna bəlkə də sadə yanaşırlar ki, bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var. Amma hər kəs gedə bilmir.

Azərbaycanda beş ulduzlu otellərin sayı kifayət qədər çoxdur, mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, prestijdir. Əgər dünyanın beşulduzlu aparıcı brendləri Bakıdadırlarsa, Bakı buna layiqdir. Onlar da layiqdirlər ki, Bakıdadırlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq! Azərbaycanda o qədər gözəl yerlər var ki, heç yerə istirahətə getmək də lazım deyil. Dağ, meşə, çaylar, göllər, dəniz, xizək kurortu, hər şey var". Ölkə başçısı deyib ki, ölkə turizmin inkişafı üçün üç məsələyə - viza, aviabiletlərin və otellərin qiymətləri məsələsinə, o cümlədən üçulduzlu, ikiulduzlu otellərin tikintisi məsələsi diqqət mərkəzində olmalıdır: "Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı tövsiyələr versin, eyni zamanda sahibkarlar da bunu eşitsinlər". Ölkəmizin turizm sektorundakı bahalıqla bağlı hələ bir müddət əvvəl, daha dəqiq desək keçən il həyəcan təbili çalınmışdı. Ölkə rəhbərliyi həmin vaxt turizm mərkəzlərindəki qiymətlərin baha olmasından danışmışdı. Yadımızdadır ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev keçənilki tənqidlərdən sonra mətbuatın qarşısına çıxaraq bu sahədə müşahidə olunan bahalığı aradan qaldıracaqlarını bildirmişdi. Lakin ötən bir il ərzində heç nə dəyişməyib. Belə ki, prezident bu il də eyni məsələyə toxundu. Bu o deməkdir ki, nazir ötən vaxt ərzində ölkədə fəaliyyət göstərən istirahət mərkəzlərində, otel və mehmanxanalarda qiymətləri tənzimləyə bilməyib. Qeyd edək ki, prezidentin sonuncu çıxışından dərhal sonra Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirdi ki, ölkə ərazisində 2 və 3 ulduzlu hotellərin tikintisi və sahibkarların bu sahəyə stimullaşdırılması marağının artırılması ilə əlaqədar nazirlik tərəfindən müvafiq təşkilatlara məktublar hazırlanıb. Nazirlik rəsmisi qeyd edib ki, elektron vizanın müddətinin qısaldılması ilə bağlı Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri tərəfindən qısa müddət ərzində birgə fəaliyyət planı hazırlanacaq. Həmçinin mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi məqsədilə nazirlik İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlayır. Görəsən, nazirlik indiyə qədər niyə hərəkətə keçmirdi? Məgər işlərini necə təşkil etməli olduqlarını cənab prezident onlara öyrətməlidir? Əgər belədirsə, bəs onda dövlətdən niyə maaş alırlar? Əbülfəs müəllimin açıqlamalarını KİV-lərdə tez-tez görürük. Amma həmin açıqlamalar özünütəbliğdən, başqa bir şey deyil. Nazir özünü gördüyü işlə, ortaya qoyduğu məhsulla sübut etməlidir. Kimə baxırsan, ölkədəki turizm obyektlərinin təklif etdiyi qiymətlərin baha olmasından gileylənir. Yəqin Əbülfəs Qarayevin özü və yaxınları yüksək səviyyədə yaşadıqlarından elə bilirlər ki, cəmiyyətin digər üzvləri də onlara bərabər şəraitdə yaşayır. Halbuki, vətəndaşların böyük hissəsi yay aylarında istirahət etməyə büdcələrinə uyğun yer tapa bilmirlər. Cənab prezident düz vurğulayır ki, ölkəmizdə kifayət qədər çay, göl, dağ, bir sözlə istirahət üçün lazımi şərait var. əfsuslar olsun ki, turizm bölgələrində tikilən restoran və otellərdə qiymətlər elə bahadır ki, kasıb təbəqənin nümayəndələri heç oranın qapısından içəri girə bilmirlər. Maddi durumu zəif olan insanlar ən yaxşı halda meşələrdə, çay kənarlarında istirahət edə bilərlər. Di gəl ki, bəzi iş adamları buna imkan vermir. Çünki adicə boş yerdə oturmağı da pullu ediblər. Turizmin gəlirli sahə olduğunu bilən azərbaycanlı iş adamları, məmur-oliqarxlar son illər bu işə marağı artırıblar. Ölkədə yeni otellər, turizm, istirahət mərkəzləri tikilib istifadəyə verilib. Azərbaycanda fəaliyyət göstərən istirahət mərkəzlərində qiymətlər xeyli bahadır və bu, turistləri digər ölkələrə üz tutmağa vadar edir. Araşdırmalar göstərir ki, ölkəmizdə fəaliyyət göstərən turizm mərkəzlərində, istirahət obyektlərində regionlardan asılı olaraq bir nəfərin bir günlük dincəlməsi minimum 70-100 manata başa gəlir. Hələ bu qiymətə nahar və şam yeməkləri daxil olmur. Əgər nəzərə alsaq ki, insanlar istirahətə tək deyil, ailəsi ilə birgə gedirlər, o zaman bir ailənin bir günlük istirahət xərclərini hesablamaq heç də çətin deyil. Bir nəfərin 7 gün ərzində Azərbaycandakı istirahət mərkəzlərində normal dincəlməsi üçün minimum 800-1000 manat vəsait tələb olunur. Bu isə bir çox ailənin büdcəsinə uyğun deyil. Bəzi mənbələrin fikrincə, turizm sektorunda müşahidə olunan bahalığın əsas günahkarlarından biri nazir Əbülfəs Qarayevdir: "Yeni açılan istirahət mərkəzləri, otel və mehmanxanalara lisenziya qanunda nəzərdə tutulan şəkildə verilmir. Başqa sözlə desəm, nazirliyin yetkili şəxsləri obyekt sahiblərindən dövlət rüsumundan əlavə "rüsum" tələb edirlər. Bismillah etməmiş böyük miqdarda xərcə düşən istirahət mərkəzinin, yaxud otelin sahibi məcburdur ki, ödədiyini insanların hesabına yığsın. Buna görə də qiymətləri baha müəyyənləşdirirlər. Nazirlik turizm obyektlərindən əlavə "rüsum" tələb etməsə, belə şərait yaranmazdı". Bu sahədəki problemlər və səsləndirilən tənqidlər deməyə əsas verir ki, nazir Əbülfəs Qarayev işinin öhdəsindən layiqincə gələ bilmir. Yəni artıq onun vəzifəsindən çıxarılmasının vaxtı çatıb.gundelik-baku.com

Qarşı tərəfi də dinləyə bilərik.