BolgeXeber.Com » Analitika » AZAL-ın "az aşın duzu olmayan" böyük oyunu... - ARAŞDIRMA

AZAL-ın "az aşın duzu olmayan" böyük oyunu... - ARAŞDIRMA

25-07-2015, 12:31
Oxunub: 3 835 AZAL-ın "az aşın duzu olmayan" böyük oyunu... - ARAŞDIRMA"Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək”

Digər ölkələrlə müqayisədə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti şirkətində (AZAL) istənilən istiqamətə bilet qiymətləri təxminən iki dəfə bahadır. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) şirkətinin fəaliyyətinə tənqidlə yanaşması bu mənada hava yollarından istifadə edən insanların ürəyindən xəbər verdi.

Həmin müşavirədə dövlət başçısı qeyd etdi ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Hava nəqliyyatı üçün lazım olan yanacaq ölkəmizdə istehsal olunur, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, aeroportlar dövlət hesabına tikilir. Dövlət tərəfindən AZAL-a yaradılan bu qədər böyük subsidiyalara rəğmən hava yolları şirkəti bilet qiymətlərini süni şəkildə qaldırır.

Prezident AZAL qarşısında çox mühüm sual qoyub: "Axı Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?”

Diqqət, hələ ki, AZAL müzakirə aparır...

Hazırda hər kəs həmin suallara əməlli cavabın verilməsini gözləyir, lakin hələ ki, yeni heç nə görünmür, manevrlərdən başqa...

Prezidentin "Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlardan sonra "Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin kollegiya iclası keçirilib və məsələ ciddi şəkildə müzakirə olunub. AZAL-ın vitse-prezident hələlik konkret yeniliyin olmadığını və hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələnin müzakirə olunduğunu bildirib.

Qurumdan verilən məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.

"Bəzi təkliflər artıq hazırdır”

Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda "Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. Bununla yanaşı, Cahangir Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışa çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir.

AZAL biletlərə 20 faiz qiymət endirimi ilə yanaşı bir sıra dəyişikliklər edib

Azərbaycan Hava Yolları AZAL-ın bilet qiymətlərinin aşağı salınması ilə bağlı keçirdiyi mətbuat konfransında vitse-prezident Arif Məmmədov biletlərin qiymətinin 99 avro olması ilə bağlı açıqlama verib. Bildirib ki, təyyarənin sərfəli uçması üçün maya dəyəri var:

"Biz bu qərardan sonra bəzi marşrutları bağlamaq məcburiyyətində qalacağıq. Hava yollarının çoxlu xərcləri var. Xaricdəki hava limanlarının xərcləri hesablanır. Biz qiymətləri İqtisadiyyat Nazirliyinə təqdim etdik. 99 avrodan aşağı qiymət iki-üç saat başqa ölkəyə gedib-gəlməyin xərclərini ödəmir. Amma ehtiyacın olduğunu nəzərə alaraq buna getmişik”.
AZAL Sərnişindaşıma Şirkətinin direktoru Eldar Hacıyev bildirib ki, Moskva, Dubay, İstanbul ən populyar olduğundan ilk növbədə aşağı büdcəli uçuşların həmin istiqamətlərdə başlamasına qərar verilib: "Avqustun 7-dən başlayaraq Bakı-Antalya-Bakı istiqamətində aşağı büdcəli uçuşlar təşkil olunacaq. Bunlar bir tərəfə 99 avro qiymətindədir. Amma yük 5 kq çəkidə olmalıdır. Baqajda 20 kq-a yaxın yük üçün 50 manat qiymət təyin olunub. Görünür ki, bu, islahat uçuşlarda qidalanmanı nəzərdə tutulmayıb, yalnız su veriləcək. Baqaj da əlavə pullu olacaq. Bu da biletin "astarını üzündən baha edir”.

"Cəmi 4 sinif satış sinfi olacaq”

Qeyd olunur ki, təyyarə satış sistemində lessinq deyilən satış sistemi tətbiq olunur. Təyyarədə bəlli oturacaq sayları var. Cəmi 4 sinif satış sinfi olacaq. Bu günə qədər 17 satış sinfi var idi. Onlar ləğv olunub yerinə 4 satış sistemi yaradılıb. Daha tez bilet alanlar daha ucuz bilet almaq imkanına malik olacaqlar. Bu o demək deyil ki, bahalı bilet almaq istəyənlərin aşağı bilet almaq imkanı olmayacaq. Ucuz biletin geri qayıtma, bileti dəyişmə imkanları yoxdur.

Konfransda bildirilib ki, embrayerlərin alınması 2013-cü ildən başlayır. Bunlar əvvəlcə Bakı-Naxçıvan uçuşları həyata keçirmək üçün alınıb, avqustun 1-də Bakı-İstanbul-Bakı ən aşağı tarif 238 avro, ən bahalı 468 avro olacaq. Əvvəl ən aşağı qiymət 274 idisə, indi bu 238, ən bahalı isə 504 avro idisə, indi bu 468 avro olub".
Göründüyü kimi, hələ ki, Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli sərnişindaşıma xətti yaratmaq niyyəti ölkə başçısının iyulun 13-də səsləndirdiyi iradlara real cavab vermir.

Qiymətlərin qısa müqayisəsinə baxaq

Azərbaycandan İstanbul, Paris və Nyu York kimi şəhərlərə uçuş qiymətləri ilə, yaxın Tibilisi və Moskvadan eyni şəhərlərə uçuş qiymətlərini müqayisə edək.
Bakıdan İstanbula uçuş üçün "Pegasus"da bileti (Bakı-İstanbul-Bakı) 290.98 EUR-ya alınır. Tbilisidən eyni hava yolları şirkəti ilə eyni tarixdə uçuş bileti isə (Tibilisi-İstanbul-Tbilisi) 159.98 EUR-ya başa gəlir. Yəni təxminən 2 dəfə ucuz qiymətə İstanbula bilet əldə etmək olur. Moskva -İstanbul- Moskva bileti üçün isə sərnişinlər təxminən 537 TL, yəni 194 AZN ödəyirlər. Yenə də Bakıdan alınan biletlərlə ən az 100 evro ucuz başa gəlir. Eyni tarixlərdə "Pegasus”dan fərqli şirkətlərlə də Bakıdan İstanbula uçuşun bilet qiymətlərinə baxanda oxşar mənzərə ilə qarşılaşdıq. Türk hava yolları ilə 677 TL (245 AZN), AZAL-la uçmalı olsaq 747 TL (270 AZN) ödəməli oluruq. Bakı-Paris-Bakı , Moskva Paris Moskva, Tbilisi-Paris-Tbilisi xətləri üzrə təyyarə biletlərinin qiymətlərində də fərqlər var: Moskva Paris Moskva 581 TL (210 AZN), Tbilisi-Paris-Tbilisi 856 TL (309AZN). Bakı-Nyu York-Bakı , Moskva- Nyu York- Moskva, Tbilisi- Nyu York -Tbilisi xətləri üzrə təyyarə biletlərinin qiymətlərini də müqayisə edə bilərik.

Bakı-Nyu York-Bakı 2345 TL (848.89 AZN), Moskva- Nyu York- Moskva 1438 TL (520.556 AZN),Tbilisi- Nyu York -Tbilisi 1890 TL (684.18 AZN).
Deyəsən Azərbaycan Hava Yolları qiymətli vətəndaşlarımızın ölkədən çıxmasını istəmir. İroniyanı bir kənara qoysaq istənilən Avropa ölkəsində belə fərqlərlə vətəndaşlar Hava Yollarını məhkəməyə verə bilərlər.

Mövcud fərqi AZAL-ın Bakı-İstanbul-Bakı, İstanbul-Bakı-İstanbul istiqamətindəki uçuşlara tətbiq edilən endirim aksiyasına nəzər salmaqla da görmək olur. Belə ki, Bakı-İstanbul-Bakı , İstanbul-Bakı-İstanbul – 209 avro- 208.791 AZN-n , Bakı-İstanbul -150 avro-149.85 AZN-ə, İstanbul-Bakı – 133 avro-132.867 AZN-ə endirilib.

Biletlər artıq 31 oktyabr tarixinə qədər satılıb...

Türk hava yollarının eyni istiqamətli uçuşlar üçün tətbiq etdiyi aksiya qiymətlərinə görə isə, Bakı-İstanbul-Bakı uçuşları üçün 179 AZN təklif olunub. Bu aksiyada Gəncə-İstanbul-Gəncə istiqamətində 99 AZN-lə uçuşlar həyata keçiriləcək. Biletlər artıq 31 oktyabr tarixinə qədər satılıb. Hər iki ölkənin hava yollarının təklif etdiyi tariflərə müqayisəli şəkildə nəzərə alsaq görünür ki, aksiya türk hava yollarında daha əvvəlki tarixdən başlayıb, AZAL-ın təklif elədiyi tarixdən daha gec müddətə qədər davam edəcək. Bu türk hava yollarının müştərilərə verdiyi birinci üstünlük. İkinci üstünlük isə təklif olunan qiymətdir. Görünür ki, eyni istiqamətli uçuş üçün AZAL bileti 30 manat baha satır. Bu aksiya ilə olan qiymətlərdir. Endirim olmadan isə Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar 677 TL-245 AZN, AZAL-la uçanlar isə 747 TL-270 AZN ödəməli olurlar.

AZAL-ın qiymət siyasəti nəticəsində pullar Gürcüstana axır...

Müqayisə üçün digər qiymətlərə nəzərə salaq:

Əgər AZAL-ın Bakı-İstanbul-Bakı uçuşu üçün bileti 270 AZN-dirsə, Tbilisidən eyni istiqamətə uçuş 160 AZN-ə başa gəlir. Vaxt var idi ki, Gürcüstan vətəndaşları xarici ölkələrə, əsasən də Rusiyaya Azərbaycandan uçurdular. Lakin indi Rusiya Gürcüstana yolu açandan sonra burda da rəqabət artacaq. Artıq Azərbaycan vətəndaşları Rusiyaya və hətta Avropa ölkələrinə də Gürcüstan yolu ilə gedə bilərlər.

Bir müddət əvvəl media nümayəndələri Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ” klubuna "Dnepr”lə qarşılaşmada dəstək vermək üçün Kiyevə yola düşdü. Media qrupu oktyabrın 20-də qatarla Bakıdan Tiflisə, oradan isə təyyarə ilə Kiyevə uçub. Halbuki Bakıdan birbaşa Kiyevə uçuşlar da həyata keçirilir. Səfər təəssüratlarını danışan jurnalistlər Kiyevə niyə məhz Tiflis yolu ilə getdiklərini AZAL-ın bilet qiymətləri ilə əlaqələndiriblər. Bildiriblər ki, Bakı-Kiyev-Bakı uçuşu 380 AZN-lə başa gəlibsə, onlar Tiflis yolu ilə 180 AZN-ə gedib gəliblər. 200 AZN fərqin nədən qaynaqlanması insanı düşündürür.
Maraqlıdır ki, Gürcüstan yanacağı müxtəlif dünya ölkələrindən aldığı halda, Azərbaycan özü istehsal edir. Belə olan halda AZAL-ın qiymət siyasəti nəticəsində Azərbaycan pulları Gürcüstana axır. Bundan həm ölkə iqtisadiyyatı, həm avia şirkətlər uduzur, həm vətəndaşlarımız müəyyən qədər əziyyət çəkir. Bir tərəfdən də, bütün bunlar Azərbaycanın imicinə xələl gətirir və insanları narazı salır. Çünki Azərbaycandan xaricə gedib-gələnlərin sayı artır. İnsanlar tədricən digər xarici aviaşirkətlərin Avropaya uçuş qiymətlərini öyrənirlər, bu barədə məlumat toplayıb yerli qiymətlərlə müqayisə edirlər və aradakı böyük fərqi görürlər. Ona görə də bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti xarici ölkələrə getmək üçün biletləri əcnəbi şirkətlərdən almağa üstünlük verirlər.

"Başqa ölkələrə uçmaq üçün Tbilisiyə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq...”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov avqustun 1-dən "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin 30%-inə 20% endirim tətbiq edəcəyi barədə yaydığı xəbəri şərh edərkən bildirib ki, AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tbilisiyə gedən Azərbaycan vətəndaşlarının sayı azalmayacaq: "Bu, Tbilisiyə gedənlərin sayını azaltmayacaq. Sərnişinlərin bir qismi, xüsusilə də gənclər 10 manat aşağı qiymətə görə başqa ünvana üz tuta bilərlər. Burada isə yenə də 80 avroya qədər aşağı qiymətdən söhbət gedir”.

Ekspert bildirib ki, indi də Bakıdan hətta İstanbula uçmaq üçün Tbilisiyə üz tutanlar çoxdur. Səbəb aydındır, təyyarə biletlərinin qiymətində iki dəfəyə qədər fərq var. Məsələn, - iyulun 23-nə Bakıdan İstanbula bir baş gediş üçün Atatürk hava limanına ən ucuz bilet 192 avroya təklif edilir. Amma həmin tarixdə Tbilisidən Atatürk hava limanına gediş-gəliş biletini 166 avroya həll etmək mümkündür. Səfəri bir az təxirə salıb avqustun 15-dən uçmağı qərara aldıqda isə gediş-gəliş biletini 144 avroya almaq olar. AZAL-da isə həmin tarix üçün İstanbulun Atatürk hava limanına bilet 280 avroya təklif edilir. Bu, nəinki Azərbaycanın qərb bölgələrinin, hətta paytaxt Bakının sakinlərini belə xarici səfərlərə Gürcüstan paytaxtından getməyə meylləndirir. Bakıdan Tbilisiyə avtobusla gediş də elə baha deyil, 10-12 manata gecə saat 12-də avtobusa minib, səhər saat 09-də Tbilisi hava limanına çatmaq mümkündür. Bəlkə də elə bu səbəbdəndir ki, iyulun 21-də qapalı kollegiya iclası keçirən "Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli sərnişindaşıma xəttinə avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın 1-dən isə Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə bu sıraya Moskva və Dubay reysləri də daxil olacaq. Aviaşirkət iddia edir ki, yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

Ekspertin fikrincə, sözügedən reyslərin biletlərinin 30 faizinə edilən endirimlər heç də sadə vətəndaşlara fayda verməyəcək: "Dövlət təşkilatları, bir sıra iri şirkətlər, ezamiyyətə gedən məmurlar məcburi şəkildə AZAL-ın xidmətlərindən istifadə etməlidirlər. Təbii ki, onlara ayrılan büdcə biletin ən aşağı qiymətinə uyğun gəlir. Bu məcburiyyət onları ən ucuz biletləri götürməyə vadar edəcək. Nəticədə, geniş sərnişin kütləsi bu ucuzlaşmadan yararlana bilməyəcək. Bütün bu problemlər AZAL-ın inhisarçı olmasından qaynaqlanır.

"Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək”

Məşhur səyyah Azər Qərib isə öz AZAL-ın qapalı iclasından sonra yayılmış açıqlamanın möhtəkirliyə yol aça biləcəyinə diqqət çəkib.

"Facebook” səhifəsində status yazan səyyah bildirib: "Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək. Həm də heç kim bilmir ki, 20% güzəşt hansı tarifdən ediləcək. Bəs, istinad etmək üçün vahid tariflər hardadır? Harda onunla tanış olmaq olar?” Azər Qərib öz statusunda Avropa istiqamətlərinə də aşağı büdcəli xətlərin tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Bölgələrdəki hava limanlarımızda...

Hazırda Azərbaycanda altı hava limanı var. Qubada tikiləcək aeroportdan sonra Azərbaycandakı hava limanlarının sayı yeddiyə çatacaq. AZAL-ın prezidenti Cahangir Əsgərov mətbuata açıqlamasında bildirib ki, ölkənin bütün bölgələrində hava limanlarının inşasını nəzərdə tutulur. Bir halda ki, ölkənin ən aparıcı hava limanı olan "AZAL” qiymət siyasəti yürüdə bilməyib öz müştərilərini qaçırırsa, onda boş qalan bölgələrdəki limanların sayını artırmaq kimə lazımdır?

AZAL-ın səyahət xəritəsi

Avropada və dünyada dövlət büdcəsindən maliyyələşən hava yolları şirkətləri səyahət etməyi sevən, lakin bunun üçün çox pul ayıra bilməyən insanlara əlverişli imkanlar yaradır. Azərbaycanda isə vəziyyət əksinədir. Məsələn, gəlin real mənzərəyə nəzər salaq. AZAL-ın rəsmi səhifəsində Bakı-Antalya reysi üzrə bilet qiyməti Biznes Klass üçün təqribən 788 manat təşkil edir. Tbilisi-Antalya reysini həyata keçirən "Turkish Airlines” isə bu uçuşu 170 dollara yaxın təklif edir. Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə gedirlər. Statistikaya nəzər salsaq görərik ki, 2014-cü ildə Gürcüstana 5.515.559 turist gəlib, yəni günə təqribən 15.111 turist düşür. İyun ayında Avropa Oyunları zamanı Azərbaycana cəmi 28 min turist gəlib ki, bunun da xeyli hissəsini Rusiyadan və digər ölkələrdən gələn könüllülər təşkil edib. Deməli, hətta onları da saysaq, Gürcüstanın 2 gündə qəbul etdiyi turist sayı, bizim 1 ayda qəbul etdiyimiz turistlərdən çoxdur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə turizm məqsədilə 2 milyon 129 min 500, 2014-cü ildə təqribən 2 milyon 300 min insan gəlib.

Azərbaycan daxilində biletin qiyməti...

Qərara görə, Bakı-Naxçıvan-Bakı reysi üçün qiymət 95 manat, Gəncə-Naxçıvan-Gəncə reysində 39 manat, Bakı-Gəncə-Bakı istiqamətində birtərəfli uçuş qiyməti isə 56 manat olacaq. Bakı-Lənkəran-Bakı reysi ilə biletin qiyməti 41 manat, Bakı-Zaqatala-Bakı reysləri üzrə qiymət isə 52 manat təsdiqlənib. Bundan başqa, Şuranın qərarına əsasən yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər isə hər bir kiloqram üçün 30 qəpik müəyyənləşib. Amma Tarif Şurası özü Nazirlər Kabinetinə müraciət edəcək ki, Naxçıvana uçuşların qiyməti azalsın. Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir, hava nəqliyyatı onun ölkənin başqa əraziləri ilə əsas nəqliyyat növüdür.

"Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür...”

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, dünyada neftin qiyməti ucuzlaşdığı üçün aviaşirkətlər ciddi endirim kampaniyaları həyata keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur. Azərbaycanda isə Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. London-Köln-London marşrutu üzrə 500 km-lik uçuş 31 manata, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 400 km-lik uçuş 100 manata başa gəlir.

Məsələn, Antalya - Ankara 69 TL, İstanbul - Hurgada 219 $, İstanbul - Şarm El-Şeyh 219 $ , İstanbul - Graz 119 $, İstanbul - Darüsselam 624 $, İstanbul - Abuja 631 $ ,İstanbul - Hakkari 99 TL, Ankara - Antalya Uçak Bileti 69 TL-dir.

"Bizdə qiymət artımının iqtisadi əsası yoxdur”

İqtisadçı Oqtay Haqverdiyev bildirib ki, Azərbaycanda təyyarə biletlərinə qiymətlərin baha olması monopoliya ilə bağlıdır. Sanki, bu, bir sirrdir, nə üçün qiymətlər kəllə-çarxa çıxıb, nə baş verir ki, bizim sadə insanlarımız normal qiymətlərlə istədikləri ölkəyə gedə bilmirlər?! Onun sözlərinə görə, qiymətin bahalaşmasına təsir edən əsas amillərdən biri yanacaqdır. "Başqa ölkələr kimi, yüksək oktanlı benzini idxal etməyə ehtiyacımız yoxdur. Bilmirəm, belə olan halda nə üçün biletlər ucuz deyil”.
O, AZAL-ın başqa aviaşirkətlərlə necə rəqabət aparmasına təəccübünü də gozlətməyib. İqtisadçı ekspert deyib ki, xarici ölkələrdə mövsümlə əlaqədar qiymətlərdə endirimlər olur. "Bizdə isə əksinə, daha da bahalaşdırılır. Ümimiyyətlə, bizdə qiymət artımının iqtisadi əsası yoxdur. Görünür, bunu ancaq qazanc əldə etmək üçün edirlər. Buna başqa cür ad qoymaq doğru deyil."
Onun sözlərinə görə, təyyarənin müasirliyi, xidmətin yüksəkliyi biletlərin baha qiymətə olmasına təsir göstərə bilər. Azərbaycan son illər istər nəğd pula, istər lizinq, istərsə də kredit yolu ilə bir neçə təyyarə alıb, anqarlardakı köhnə hava nəqliyyatları təzələnib. Bəlkə, bura xərclənən pulu çıxarmaq üçün bilet baha edirlər. Amma başqa ölkələrdə də müasir təyyarəələr var və çox normal xidmət aparırlar.

Qiymətlərin baha olması ilə bağlı sakinlərin fərqli düşüncələri

Əhali arasında bəziləri "Azərbaycan Hava Yolları" QSC isə xarici aviaşirkətlərin eyniistiqamətli uçuşlarının daha ucuz olması ilə razılaşmır, qiymətlərin bahalığının xidmət keyfiyyətinin yüksək olması ilə əlaqələndirirlər. Belə dəyərləndirilmə aparılır ki, bizim təyyarələr onlardan keyfiyyətlidir, komfortludur, servis yüksəkdir, uçuşlarımız təhlükəsizdir və sair.

Əksəriyyət qiymətlərin baha olmasından narazılıqlarını bildirir, bəziləri bunu bahalı təyyarə amili ilə əlaqələndirirlər. Rusiyada yaşayan azərbaycanlı Bayram Süleymanov isə düşünür ki, AZAL rəqiblərini bazara buraxmır. Onun sözlərinə görə, AZAL bazarda öz mövqeyini qorumağa çalışır. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. "AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən çoxdur. İndi bazarda rəqiblərin olmaması, müştərinin seçim imkanı məhdud olması AZAL-ın istədiyi qiyməti təklif etməsinə gətirib çıxarır. Təyyarə biletlərinin qiymətinin baha olması Azərbaycana turist axınının qarşısını alır."

"Azərbaycanı hava nəqliyyatı qovşağına çevirmək çətin deyil”

Xatırladaq ki, AZAL bu ilin mart və aprel aylarında Macarıstanın WizzAir və Türkiyənin Pegasus hava yollarının Azərbaycanda fəaliyyətini dayandırıb. Buna səbəb bu iki hava yolunun təyyarə biletlərinin ucuz qiymətə satılması olub. Çünki xarici şirkətlərin xidmətindən istifadə olunması pulların ölkədən getməsi deməkdir. Bu baxımdan AZAL-da qiymətləri müəyyənləşdirən zaman digər aviaşirkətlərin eyni istiqamətdə olan uçuş tarifləri nəzərə alınmalıdır. Yekun nəticə onu göstərir ki, Azərbaycanda qiymətlər qonşu ölkələrdən də ucuz olmalıdır. Çünki Azərbaycan aviasiya kerosini istehsal edən ölkədir. Biz hətta aviasiya kerosinini bəzi ölkələrə satırıq. İndi Azərbaycanda elə bir mexanizm yaratmaq olar ki, ətraf ölkələrin sakinləri məhz Azərbaycan üzərindən uçmağa üstünlük versinlər. Yəni Azərbaycanı hava nəqliyyatı qovşağına çevirmək çətin deyil. Amma çox təəssüf ki, hələlik bu arzu olaraq qalır.

AZAL biletlərin ucuzlaşmasına imkan vermir?

Ekspertlər isə bildirirlər ki, biletlərin qiymətinin baha olması AZAL-ın bazardakı monopolist mövqeyindən qaynaqlanır. İddialara görə, ucuz uçuşlar həyata keçirən şirkətlər AZAL-ın qəzəbinə gələrək, ölkəni tərk etməli olur. Ölkəni tərk etməyənlər isə AZAL-la rəsmi olmayan qiymət müqaviləsi bağlamalıdır. Həmçinin, bildirilir ki, Azərbaycandan uçuşlar reallaşdıran başqa hava yolları firmaları üçün əlavə "ödənişlər” də tələb olunur. Bu da onların da qiymətləri yüksək saxlamasına səbəb olur. Turizm agentlikləri də bildirirlər ki, "turpaket”lərdə təqdim edilən məbləğin təqribən 70 faizini bilet qiymətləri təşkil edir. Həmçinin, bildirilir ki, AZAL-dakı süni qiymət artımı digər şirkətlərə rəqabət aparmaq üçün də imkan yaratmır. Bəzi məlumatlara görə, hava yolları vasitəsilə sərnişin daşınması ilə məşğul "Turan Air” şirkəti artıq fəaliyyətini dayandırıb. Hava nəqliyyatı ilə sərnişin daşınmasında özəl sektoru bir şirkət - "Silk Way Business Aviation” MMC təmsil edir. Bu şirkətin bazarda payı cüzidir - sərnişin daşımalarının 0,4 faizi özəl şirkətlərin payına düşür. Daşınmaların 99,6 faizini AZAL həyata keçirir və beynəlxalq hava yollarına görə tarifləri də özü müəyyənləşdirir. Bu tariflər sanki havadan götürülüb və heç bir iqtisadi əsaslandırması yoxdur. Şirkət monopolist mövqeyindən istifadə edərək, tarifləri orta statistik azərbaycanlılar üçün əlçatmaz edib. Ekspertlər isə bildirirlər ki, səbəb AZAL-ın bazarda heç bir rəqibinin olmamasıdır. Bu səbəbdən dünyaboyu müşahidə edilən endirim kampaniyaları da AZAL-da müşahidə edilmir. Həmçinin, neftin qiymətinin ucuzlaşması da bu məsələdə təsirsizdir. AZAL bazarda qiymətləri istədiyi səviyyədə saxlaya bilir.

Ancaq qiymətlərdə yenə də fərq var. Belə ki, Bakıdan İstanbula Türk Hava Yolları ilə uçanlar, AZAL-la uçanlarla müqayisədə təqribən iki dəfə az pul ödəyirlər
Həmçinin, o da bildirilir ki, Gəncədən İstanbula uçuş həyata keçirən "OnurAirz” şirkəti Bakıya buraxılmır. Macarıstanın "Wizz Air” hava yollarının Bakı-Budapeşt marşrutu da bağlanıb. Əvvəlcə aviareysin rentabelli olduğu bildirilsə də, sonradan qiymətlərin ucuzluğu səbəbindən şirkət ölkədən çıxarılıb. "Wizz Air” həftədə iki dəfə 180 yerlik təyyarə ilə uçuşları həyata keçirirdi. Macarıstana səfər edənlərin sayının artmasının əsas səbəbi kimi, bu reysin qiymətlərinin digər reyslərlə müqayisədə çox aşağı olması göstərilir. Və çox ucuz səfərlər təşkil edən "Wizz Air”ə artıq iki ildir ki, Azərbaycanda fəaliyyət imkanı verilmir. Həmçinin "Peqasus” Airlines şirkəti Gəncədən Türkiyəyə ucuz qiymətə səfərlər təşkil edirdi. Artıq buna da imkan verilmir. Türk Hava Yolları ilə isə AZAL qiymət sazişi bağlayıb ki, qiymətlər aşağı düşməsin.
Ekspertlər də ölkədə təyyarə biletlərinin baha olmasının əsas səbəbinin inhisarçılıq olduğunu vurğulayırlar. Yəni bazarda digər müstəqil oyunçular yoxdur. Nə yerli, nə də xarici şirkətlər bazara buraxılmır. Müəyyən qədər yer tutan "Türk Hava yolları” şirkəti isə Azərbaycanın diktə etdiyi qaydalara görə fəaliyyətini qurur. Yəni tam müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Məsələn, Bakıdan digər ölkələrə uçuşlar təşkil edə bilmir.

Ekspertlər həmçinin bildirirlər ki, aviauçuşların qiymətinin Tarif Şurası tərəfindən tənzimləməsi daha düzgün olardı.

"Turistlər AZAL-ın yüksək qiymətləriylə Azərbaycana uçmağa maraq göstərmirlər”

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, AZAL-da aviabilet qiymətinin yüksək olması turizm sektorunun inkişafını ləngidir. Onun sözlərinə görə, bu hal vətəndaşların yerli aviakampaniyalardan istifadəsini məhdudlaşdırır. Son dövrlər xaricə gedən vətəndaşlarımızın bir qismi Gürcüstanın paytaxtından Avropa ölkələrinə və digər ölkələrə səfər edirlər. Bu da sərmayənin artıq digər ölkələrin aviakampaniyalarına yönəlməsinə səbəb olur. Bundan başqa, bu, ölkəyə gələn turistlərin sayına da təsir göstərir. Bakıya gələn turistlərin xərci artır. Belə ki, turistlər AZAL-ın yüksək qiymətləriylə Azərbaycana uçmağa maraq göstərmirlər.
İqtisadçı bildirir ki, tariflər yüksək olduğu üçün Bakıya uçan digər aviaşirkətlərində də biletlər baha olur. Belə ki, Türk Hava Yollarının Tiflis uçuşu ilə Bakıya uçuşunu müqayisə etsək, Bakıya uçuşla müqayisədə bu, təxminən 60 faiz ucuzdur. Bu səbəbdən də Azərbaycan vətəndaşı Türk Hava Yollarından Gürcüstana uçan reyslərə üstünlük verir, nəinki Bakıya uçan reyslərə. Buna görə də yalnız qiymətlərin endirilməsi deyil, eyni zamanda həm də tariflərin endirilməsi labüddür.
İqtisadçı bildirir ki, AZAL-ın bilet qiymətlərini 40 faizə qədər endirməsi mümkündür: "İndiki məqamda əgər AZAL qiymətləri, eləcə də tarifləri 40 faiz aşağı salarsa, bu, AZAL-ın mənfəət normasına təsir göstərməyəcək, şirkət yenə mənfəətlə işləyəcək. Bu da, eyni zamanda, imkan verəcək ki, vətəndaşlar daha ucuz reyslərdən istifadə etməklə xarici ölkələrə səfərlər etsin. Həmçinin, əcnəbilər daha ucuz turizm paketləri almaqla Azərbaycana səyahət edə biləcəklər ki, bu da ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxaracaq”.

AZAL haqqında qısa qeyd:

Azərbaycan Respublikasının milli aviadaşıyıcısı – "Azərbaycan Hava Yolları” QSC (Azerbaijan Airlines) 1993-cü ildə yaradılıb. Hava gəmiləri parkı 30 müasir təyyarədən ibarət olan və baza hava limanı Bakıda, "Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” olan daşıyıcı Avropa, Asiya, ABŞ və MDB üzrə 57 istiqamətdə uçuşlar yerinə yetirir və bu göstəriciləri nəzərə alaraq Qafqaz və Xəzər regionlarında qabaqcıl mövqedədir. 24 dekabr 2014-cü il tarixində dünyanın ən müasir təyyarələrindən biri olan "Boeinq 787 Dreamliner”-i istismara verdikdən sonra "Azərbaycan Hava Yolları” Müstəqil Dövlətlər Birliyində bu tip təyyarəni istismar edən ilk aviaşirkət olmuşdur.

"Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə "Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.

Belə bir nüfuza sahib olan və məhz sərnişinlər üçün yaradılan aviaşirkətin bilet qiymətlərini kəllə-çarxda saxlaması sərnişinləri narazı salmaqla yanaşı, ölkənin nüfuzuna təsir göstərir. Bunu aradan qaldrmaq üçün mütləq ciddi addımların atılması çox vacibdir.

İnform.az