BolgeXeber.Com » Analitika » “Lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğuldur”

“Lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğuldur”

6-08-2015, 09:46
Oxunub: 3 617 “Lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğuldur”Ekspert Mərkəzi Bankın bu məsələ ilə bağlı tədbirlər görməli olduğunu deyir

“Lombard kreditlərinin havadarları bankların və digər kredit təşkilatlarının himayəçilərindən də güclüdür”. Ekspert Əkrəm Həsənov ölkədə lombard kreditlərinin qanunsuz olması ilə bağlı danışarkən belə deyib. Onun sözlərinə görə, lombard fəaliyyəti üçün hər hansı lisenziya, icazə tələb olunmaması bu sahədə özbaşınalığı genişləndirir: “Kim istəsə, lombard açıb kredit verə bilər. Kredit təşkilatlarından fərqli olaraq, lombardların fəaliyyəti üçün hər hansı qayda da yoxdur.

Qanunvericilikdə lombardın heç anlayışı da yoxdur, o da ola tənzimlənməsi. Necə istəyirlər, elə də fəaliyyət göstərirlər, məsələn, kredit müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsində, girovun qiymətləndirilməsində və saxlanmasında və sair məsələlərdə vətəndaş lombard qarşısında acizdir. Düzdür, Mülki Məcəllənin 37-ci fəsli, ”Borc" fəsli kredit təşkilatları ilə yanaşı, onlara da şamil olunur. Amma həmin fəslin tələblərinə heç banklar əməl etmir, o da ola lombardlar.

Məsələn, dəfələrlə qeyd etdiyim kimi, Məcəllənin tələbinə zidd olaraq faizləri ildə deyil, ayda bir dəfə tuturlar və sair. Bütün bunlara baxmayaraq, lombardların fəaliyyəti bir qayda olaraq, qanunsuzdur. Ona görə ki, onların əksəriyyətinin kapitalı, öz vəsaiti gülünc məbləğdir, 2 manatdan 200 manatadək təşkil edir. Yəni bunun hesabına kredit verirlər".

Ekspertin sözlərinə görə, ümumən isə belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verirlər: “Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verirlər. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün onlar ən azı Mərkəzi Bankdan bank olmayan kredit təşkilatı kimi lisenziya almalı idilər. Mərkəzi Bank da onlara nəzarət etməli idi. Bəs Mərkəzi Bank hara baxır? ”Lombard" adı altında de-fakto bank fəaliyyəti ilə məşğul olan qurumlara qarşı niyə tədbir görmür? Yaxşı, bəs lombardlar bu vəsaiti haradan əldə edir? Böyük ehtimalla əksər hallarda elə banklardan.

Təxmin edirəm ki, bu proses bundan sonra daha da güclənəcək. Ona görə ki, Mərkəzi Bank parlament seçkiləri qabağı real tədbirlər görmək, məsələn, bankların hamısına manatda ucuz kredit vermək əvəzinə həm xalqı, həm də iqtidarı aldadır. Populist addımlara əl ataraq banklara qanunsuz göstəriş verib ki, kreditlər üzrə faiz dərəcələrini aşağı salsınlar. Təbii, bankların bu göstərişdən yayınmaq üçün kifayət qədər vasitəsi var: krediti xarici valyutada vermək, “şapka” almaq və sair.

O cümlədən əhaliyə kreditləri lombardlar vasitəsilə vermək. Yəni banklar kreditləri aşağı faiz dərəcəsi ilə lombardlara verəcək, lombardlar isə yüksək faiz dərəcəsi ilə əhaliyə. Bu baxımdan lombardların qanunsuz fəaliyyəti hazırda xüsusi əhəmiyyət kəsb edir və Mərkəzi Bankla yanaşı, hüquq-mühafizə orqanları, habelə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ciddi tədbirlər görməlidir. Ümumiyyətlə isə lombardların fəaliyyətinə dair qanun, ən azı qaydalar qəbul edilməlidir".

Ə.Həsənov qeyd edib ki, bəzi banklar da lombard kreditləri verir və bu da qanunsuzdur: “Belə ki, Mərkəzi Bankın ”Banklarda kreditlərin verilməsi Qaydaları"nın 4.1.7-ci bəndinə əsasən təminat kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır, kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır. Lombard krediti üzrə isə əksinə, girov qoyulan təminat kreditin qaytarılmasının yeganə və əsas mənbəyidir. Amma əlbəttə, bankların bütün qanunsuzluqları qarşısında bu heç nədir".