BolgeXeber.Com » Analitika » Balakişi Əhmədovun nəhəng biznes imperiyası...

Balakişi Əhmədovun nəhəng biznes imperiyası...

10-08-2015, 14:57
Oxunub: 4 526 Balakişi Əhmədovun nəhəng biznes imperiyası...BDYPİ-nin rəisi müavininin eyş-işrət hamamı, mülkləri, restoranı və bir neçə obyekti var imiş

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri Balakişi Əhməd oğlu Əhmədovun fəaliyyətindəki qüsurlar, o cümlədən vəzifəsinə qarşı sərgilədiyi məsuliyyətsizlik haqqında bu vaxta qədər dövri mətbuatda bir neçə dəfə tənqidi məqalə dərc olunub. Əlbəttə, Balakişi Əhmədovun reallığa çevirdiyi qanun pozuntuları ümumilikdə Baş Dövlət Yol Polisi İdarəsinin nüfuzuna xələl gətirir. Qeyd edək ki, sürücülərin yetərli qismi YPX Alayının komandirinin «ad-sanı»na bələddir.

Çünki rəis müavini lazım olmayan yerlərə radarların quraşdırılmasını həyata keçirən əsas simadır. Qanuna əsasən, magistral yolda radarın qurulması ilə bağlı xəbərdarlıq nişanı olmalıdır. Amma əksər yerlərdə belə nişanlar yoxdur. Radarlar isə yolun kənarı ilə bərabər, mülki avtomobilllərdə qurulur. Bununla yanaşı, bəzi hallarda yol polisi əməkdaşları radarları elə yerlərə qoyurlar ki, sürücülərin bundan xəbəri olmur.

Bu isə qanunvericiliyə birbaşa ziddir. BDYPİ-nin rəis müavininin adı eyni zamanda digər qalmaqallı məsələlərlə bağlı da mətbuatın gündəminə gəlir. Səsləndirilən ittihamlara görə, alay komandiri Baş Dövlət Yol Polisi İdarəsinin rayonlararası postlarına öz adamlarını yerləşdirməklə burdan gələn qazancı büdcəsinə istiqamətləndirir. Hansı postun komandiri rəis müavininin gündəlik «hesabı»nı verə bilmirsə, onun vəzifəsi başqasına həvalə edilir. Hər günün tamamında post rəhbərləri ona «məruzə» etməlidir. Kim bunu bacarmırsa, dərhal cəzalandırılır. Ötən gün etibarlı mənbələr tərəfindən redaksiyamıza daxil olan məlumatlarda Balakişi Əhmədovla bağlı ilginc məqamlar yer alıb.

Belə ki, mənbə adıçəkilən şəxsin bizneslə məşğul olduğunu iddia edir. Adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, alay komandiri Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında, daha konkret desək «ekologiya postu»nun arxasında Süleyman adlı iş adamı ilə birlikdə şərikli hamam açıb. Mənbə deyir ki, hamamla bərabər rəis müavininin restoranı və bir neçə ticarət obyekti də var: «Yol Patrul Xidməti Alayının komandirinə aid olan hamam bura gələn müştərilər üçün bir növ təhlükə mənbəyidir. Fevralın 1-də hamama gələn onlarla şəxs həyəcan dolu anlar yaşayıb. Eyş-işrət obyekti kimi məşhurlaşan hamamda dincəlməyə gələn şəxslər işıqların qəfildən sönməsi ilə təşvişə düşüblər. Onlardan bir neçəsi, təxminən 20 nəfəri yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bəzilərinin başı yerə çırpılaraq partlayıb. Ayağı, qolu sınan da olub. Hamam qısa müddət ərzində qan gölünə çevrilib. Halı pisləşən şəxslərə yanlarında olanlar ilkin yardım göstəriblər. Rəis müavininin obyektində belə hallar tez-tez baş verir».

Söhbət əsnasında öyrəndik ki, BDYPİ-nin əsas söz sahiblərindən biri olan Balakişi müəllimin şəhərin ayrı-ayrı nöqtələrində obyektləri, mülkləri və böyük əmlakı var. Maraqlıdır, görəsən, alay komandiri bunca əmlakı hansı pulların hesabına əldə edib? Bu qədər mülkün maliyyə dəstəyi hansı ünvandandır..?

Qeyd edək ki, dövlət orqanlarında çalışan şəxslərin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması qəti surətdə qadağan edilir. YPX Alayının rəhbəri bunu bizdən də yaxşı bilməlidir. Nə də olmasa, o, uzun müddətdir hüquq sistemində çalışır. Balakişi müəllim ömründə bir dəfə də olsa dövlət məmurunun bizneslə məşğul olmasının yasaq olduğunu eşidib və oxuyub. Bəs hansı səbəbdən qanuna riayət etmir? O, yəni qanunun keşiyində duran biri mövcud qanunları ayaq altına atırsa, başqasından nə gözləməli? Balakişi Əhmədovun nəyi varsa sağlığına qismət olsun. Onun heç nəyində gözümüz yoxdur. Amma müvafiq qurumların rəhbərlərindən xahiş edirik ki, rəis müavininin fəaliyyətini araşdırsınlar, görək o, həqiqətənmi sərəncamında olan varidatı halal zəhmətlə qazandığı pullarla alıb, yoxsa bu işdə başqa yollara baş vurub?! Sonda DİN və BDYPİ rəhbərliyindən ricamız budur ki, sözügedən məmurun fəaliyyətini nəzarətə götürsünlər."Gündəlik-Bakı" qəzeti

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.