BolgeXeber.Com » Analitika » Banklar regionlarda soyğunçuluq edir - Cədvəl

Banklar regionlarda soyğunçuluq edir - Cədvəl

12-08-2015, 15:18
Oxunub: 3 914 Banklar regionlarda soyğunçuluq edir - CədvəlBölgələrdə kreditlərə daha yüksək, əmanətlərə isə daha aşağı faiz tətbiq olunur

Azərbaycan Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə cəlb olunan əmanətlərin 92.1 faizi, kredit qoyuluşunun isə 83 faizi yalnız Bakının payına düşür.

2015-ci il iyulun 1-nə olan statistikaya görə, banklar tərəfindən ölkə üzrə cəlb edilən əmanətlərin ümumi həcmi 7,6 milyard manat, kredit qoyuluşunun isə həcmi 20.2 milyard manat təşkil edib.

Həmişə olduğu kimi əmanətlər və kreditlər üzrə orta faiz dərəcələrinin arasında balansın kəskin şəkildə pozulması bu ilin birinci yarısında da müşahidə edilir. Xüsusilə, bu fərq regionlarla Bakı şəhəri arasında daha aydın sezilir. Misal üçün, paytaxt üzrə banklar tərəfindən cəlb edilən əmanətlərin orta faiz dərəcəsi 8,1 faizdirsə, verilən kreditlərin orta faiz dərəcəsi 13,3 faiz təşkil edib. Amma Quba-Xaçmaz iqtisadi rayonu üzrə depozitlərin orta faizi 7-dirsə, kredit qoyuluşunda orta faiz dərəcəsi 20.8 faizdir. Depozitlərlə kreditlərin faiz dərəcələri arasında 2,9 dəfə fərq var.
Bir sıra ekspertlərin fikrincə, belə bir fərq heç bir iqtisadi prinsiplərə sığmır. Paytaxtla regionlar arasında disbalanslılıq mövcuddur. Bakıda depozit-kredit arasında orta fərq 1,5 faizdirsə, regionlarda bu bir neçə dəfə ilə müşahidə olunur.

Cədvəldən də göründüyü kimi, həm əmanətlərin cəlbində, həm də kredit qoyuluşunda böyük üstünlük Bakıya məxsusdur. Qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan kreditlərin ümumi həcmi 20.2 milyard manat olub. Onun 1.3 milyard manatını isə vaxtı keçmiş kreditlər təşkil edir. Problemli kreditlərin regionlar üzrə bölgüsünə gəlincə, aşağıdakı kimidir:
Bakı üzrə 1,1 milyard manat və ya region üzrə ümumi kredit qoyuluşunun 6.5 faizi həddində təşkil edir.

Abşeron iq. rayon. - 47 milyon manat və ya region üzrə ümumi kredit qoyuluşunun (RKQ)7.3 faizi
Aran iq. rayon. - 53.4 milyon manat və ya RKQ 6.3 faizi
Dağlıq Şirvan. İq. ray. -- 4.5 milyon manat və ya RKQ 3.8 faiz
Gəncə-Qaxaz iq. ray. - 53.3 milyon manat və ya RKQ 7 faiz
Quba-Xaçmaz iq. rayonu -- 12 milyon və ya RKQ 4.5 faiz
Lənkəran iq. rayonu -23.6 milyon manat və ya RKQ 8 faiz
Şəki-Zaqatala iq. ray. - 18.3 milyon manat və ya RKQ 8.4 faiz
Yuxarı Qarabağ iq. rayon - 3,1 milyon və ya RKQ 4.8 faiz
Kəlbəcər Laçın iq. rayonu -- 700 min manat və ya RKQ 7.4 faiz
Naxçıvan iq rayonu - 6.8 milyon manat və ya RKQ 5,4 faiz

Analitiklərin fikrincə, Bakı ilə regionlar arasında bu qədər fərqin yaranmasının iki səbəbi var. Birincisi, kredit faizlərinin yüksək olması ilə bağlıdır. Regionlarla müqayisədə Bakı şəhərində kreditlərin faiz dərəcələri aşağıdır. Regionlarda insanların alıcılıq qabiliyyəti aşağı olduğuna görə, problemli kreditlərin artma ehtimalı daha yüksəkdir. Necə ki, Mərkəzi Bankın rəqəmlərindən də göründüyü kimi, regionlar üzrə vaxtı keçmiş kreditlərin də həcmi kifayət qədər yüksəkdir. Bu səbəbdən banklar tərəfindən bölgələrdə bahalı kredit siyasətinə üstünlük verirlər.

Kreditlərin müqabilində, regionlarda əmanətlərin faiz dərəcələrinin aşağı olması paradoksal vəziyyətdir. Nə qədər əks olsa da, bölgələrə doğru getdikcə əmanətlərin faiz dərəcələri aşağı düşür, Bakıda isə yüksəlir. Banklar bunun səbəbini onunla izah edirlər ki, hazırda regionlarda bank filialları zərərlə işləyir. Filiallar mərkəzi ofis tərəfindən verilən dotasiyalar hesabına özünü dolandırır. Zərərlə işlədiklərinə görə regionlarda daha çox gəlir əldə etməyin yollarını axtarırlar.

Bölgələrdə aktivlik, müştəri kontingenti çox aşağıdır, banklar üçün burada ofis saxlamaq sərf etmir. Buna görə də maliyyə qurumları çalışır ki, müştərilərdən daha çox gəlir əldə etsin. Bunun da yollarından biri əmanətləri ucuz cəlb etməklə maya dəyərini aşağı salmaqdır. Əksinə, kredit faizlərini yüksək etməklə qazanclarını artırırlar.

Digər problem girovla bağlı problemdir. Ekspertlər bildirir ki, banklar kredit verərkən regionlardan girov götürmürlər. Çünki regiondakı girovun satılması çox böyük çətinlik yaradır. Hətta regionda kredit verərkən Bakıdan hər hansı bir girov tələb edirlər. Ona görə də qeydiyyat Bakıda aparılır. Bu da paytaxtla rayonlar arasında fərqin yüksəlməsinə gətirib çıxarır.(bizimyol.info)
Banklar regionlarda soyğunçuluq edir - Cədvəl