BolgeXeber.Com » Analitika » Kim internetdən daha çox asılıdır: qadınlar, yoxsa kişilər?

Kim internetdən daha çox asılıdır: qadınlar, yoxsa kişilər?

13-08-2015, 18:36
Oxunub: 3 219 Kim internetdən daha çox asılıdır: qadınlar, yoxsa kişilər?İnternet asılılığı, yoxsa pis vərdiş...Kainatda internetə ən asılı xalq hansıdır?

Kanadanın virtual ölçü saytına görə, kanadalılar aylıq 2500 dəqiqə ilə internetdə ən çox vaxt keçirməklə birincidilər. Saytın məlumatına görə, bu kateqoriyada dünya ortalaması 2000 dəqiqədir. Aylıq online faizinə görə, kanadalılar 68 faizlə birinci olduqları halda, bu ölkəni 62 faizlə Fransa və İngiltərə, 60 faizlə Almaniya, 59 faizlə ABŞ, 57 faizlə Yaponiya və 36 faizlə də İtalyanın təqib edir. Digər tərəfdən kanadalıların YouTube, Twitter və Facebook kimi saytlardan da ən çox istifadə edənlər olduğu müəyyənləşib. 34 milyon əhalisi olan Kanadada, əhalinin yarısı olan 17 milyon adamın Facebook üzvü olduğu, hər ay 21 milyon adamın da YouTube-u ziyarət etdiyi bildirilir. Beləliklə, "kainatda internetə ən asılı xalq" olaraq xarakterizə edilən kanadalıların YouTube-da ayda orta hesabla 147 ədəd video izlədikləri məlum olub.

Ümumiyyətlə, mütəxəssislər həftədə 8 ilə 40 saat arasında internetə daxil olan insanları asılı olaraq qiymətləndirirlər. İnternet asılılarının 50 faizində isə başqa bir psixoloji narahatlıqlar özünü göstərir. Alim Kimberly Younqa görə, internet asılılığı kriteriyalarına görə, bu asılılığın ən geniş yayılmış növləri arasında pornoqrafiyaya maraq ilk sırada yer aldığı halda, müxtəlif oyunlar, sosial media, internetdən alış-veriş və qumar marağı da əsas yerləri tutur. Hətta 2000-ci ildən başlayaraq ABŞ, Cənubi Koreya və bəzi Avropa ölkələrində klinikalarda müalicəsi aparılan internet asılılarına narkotik maddə asılılığı ilə bağlı üsullar tətbiq edilərək müalicə edilirlər. Nəticədə internet asılılarının 38 faizinin zərərli maddə asılısı olduğu aşkara çıxıb. Bildirilir ki, internet asılılığı daha gec yaşlarda başlayan narkotik maddə, spirtli içki və qumar asılılığının əksinə olaraq daha erkən yaşda başlayır. Ancaq kişilərdə qadınlardan 2-3 dəfə artıq müşahidə edilir. İnternet asılılığının yalnız psixoloji deyil, fizki narahatlıqlara da gətirib çıxardığı, əsasən, artıq çəki, kürək, boyun ağrısı, bel sümüyündə pozğunluqlar və s. müşahidə edilir.

Qadınlar internetdən daha çox asılıdır

Mütəxəssislərin fikrincə, əgər bu gün gecələr internetin cazibəsinə qapılıb yatmaq istədiyiniz saatdan çox sonra yatağa girirsinizsə, siz də artıq cəmiyyətin böyük bir qismini təşkil edən internet asılılarındansınız. Araşdırmaya görə, internet asılılarının nisbəti 61 faizə yüksəlib. Nəticədə internet asılılığı sürətlə yayılmaqda davam edir. Maraqlı olan isə odur ki, sürətlə yayılan internet asılılığı ilə əlaqədar aparılan digər araşdırmalar internet asılılığının qadınlarda, kişilərdən daha çox olduğunu ortaya qoyub. Qadınların 64 faizi özünü internet asılısı olaraq xarakterizə edərkən bu nisbət kişilərdə 55 faiz təşkil edir. Eyni zamanda daimi siqaret çəkənlərlərin internet asılılığı nisbəti 48 faizkən, bu nisbət siqaret çəkməyənlərdə 65 faizdir. Həmçinin spirtli içki qəbul edənlərin internet asılılığı nisbəti 57 faiz olduğu halda, içki içməyənlərdə bu nisbət 64 faizdir. Onu da qeyd edək ki, internet asılılığı gənclərdə daha genişdir. Belə ki, 13-17 yaş arası gənclərdə 73 faiz, 18-24 aralığında 71 faiz, 25-34 aralığında 59 faiz, 35-44 aralığında isə 54 faiz olaraq öz əksini tapıb. Məsələn, Türkiyədə aparılan bir araşdırmaya görə, kompüter başında kişilər qadınlardan daha çox vaxt keçirir. Belə ki, kişilərin 60,9, qadınların isə 39,1 faizi internetdə vaxt sərf edir.

Kişilərin maraq dairəsi tez-tez dəyişir?

Ölkəmizdə də internet istifadəçilərinin sayı getdikcə artmaqdadır. Belə ki, Bakıda əhalinin 89,5 faizi, regionlarda isə 60 faizdən çoxu internetdən istifadə edir. Ümumilikdə isə internet istifadəçilərinin sayı 65 faiz təşkil edir. Hesablamalara görə, ölkədə internet istifadəçilərinin 30 faizini kişilər, 17 faizini qadınlar təşkil edir. İnternetdən istifadə məqsədi də fərqli olan bu insanların bir qismi elə günün əksər hissəsini internetdə keçirməklə ondan asılıya çevriliblər. Bu gün internet klublarda, iş, yaxud evdə kompüterdən, eləcə də telefon vasitəsilə internetə uzun vaxt sərf edənlər kifayət qədərdir və bunu müxtəlif yaş qrupuna aid etmək olar. Məsələn, Yasamal rayon sakini 7 yaşlı Hüseyn Hüseynov deyir ki, məktəbdən sonra boş qalan vaxtının çoxunu yaxınlıqdakı internet klubda internetdə oyunlara sərf edir. Digər bir həmsöhbətimiz tələbə Türkan Mehdiyeva isə deyir ki, internet onun üçün həm əyləncə, həm də dərslərinə kömək məqsədi daşıyır. Ona görə də internetə xeyli vaxt sərf edir və nəticədə uzun müddət kompüter qarşısında qalmalı olur.

Psixoloq Taryel Faziloğlu deyir ki, insanların internet asılılığı artıq bir psixoloji xəstəlik kimi öz təsdiqini tapıb: "Bu mənada insanların internet asılılığına qarşı bir çox ölkələrdə müxtəlif müalicə metodları rəsmi şəkildə tətbiq edilir. Qaldı ki, bu problemlə üzləşmə daha cox qadınlarda rast gəlinir. Bunun da bir çox səbəbləri var. Əsas səbəb isə odur ki, qadınlar emosionaldırlar və ona görə də tez təsir altına düşürlər. Sonra bu asılılığa çevrilir. Kişilərdə isə bu, belə deyil. Adətən kişilər rasional olduqları üçün asan təsirə düşmürlər. Həm də kişilərin maraq dairələri tez-tez dəyişdiyindən onların internet asılılığına düşməsi qadınlara nisbətən azdır. Amma hər bir halda istər kişi, istərsə də qadında bu vəziyyət yaranıbsa bu təcili həlli vacib psixoloji problemdir və mütləq psixoloq kömək almalıdırlar".

İnternet asılılığı, yoxsa pis vərdiş...

Sosioloq Əhməd Abbasbəylinin sözlərinə görə dünyada belə bir tendensiya var ki, internet istifadəçilərinin 10 faizində asılılıq öz əksini tapıb: "Bir neçə ölkədə bu xəstəlik kimi qeyd edilir və müalicəsi ilə bağlı klinikalar fəaliyyət göstərir. İnternet asılılığı dedikdə onu şərti olaraq bir neçə qrupa bölmək olar. Ümumiyyətlə, qəbul olunub ki, gün ərzində 5-7 saatdan artıq internetlə birbaşa məşğul olan və bu hər gün davam edən bir prosesdirsə həmin insanlar asılı hesab edilir. Azərbaycanda, Rusiyada və digər yaxın ölkələrdə bu diaqnoz kimi yox, pis vərdiş kimi hesab edilir".

Sosioloqun fikrincə, internet asılılığının bir sıra mənfi cəhətləri var ki, bu səhiyyə baxımından gözün zəifləməsi, onurğa sütunda problemlərin yaranması ilə yanaşı, psixoloji cəhətdən də asılılığa gətirib çıxarır: "İnternetdən asılı insanların özü bir neçə kateqoriyaya bölünür ki, bunlar daim informasiya almaq, internetdə axtarışlar etmək və s. ilə məşğul olanlardır. İkinci qrup kateqoriya isə ünsiyyət qurmaq, tanışlıq məqsədi daşıyanlardır. Eləcə də şəbəkə oyunlarında saatlarla oynayırlar, bir kateqoriya da qumar oyunlarından pul qazanmaq istəyirlər. Ən çox daxil olunan saytlar sırasında erotik saytlara daxil olan insanlar var".

O da vurğulandı ki, internet asılılığından insanları qurtarmaq üçün üsullara gəldikdə isə adətən idman və digər fəaliyyət istiqamətləri təbliğ olunur. Digər tərəfdən kitab mütaliəsi, mədəni istirahətin təşkilini göstərmək olar. Sosioloqun fikrincə, sağlam həyat tərzinə daha çox üstünlük verənlər internet asılılığından özlərini sığortalamış olurlar: "İstifadəçilər sırasında qadın və yaxud kişilərin çoxluğu ilə bağlı müxtəlif fikirlər var. Bir sıra ölkələr var ki, orada qadınlar daha aktivdirlər. Məsələn, Litvada, Finlandiyada qadınlar daha aktivdirlər. Bəzi Şərq ölkələrində qadınlar ictimai-siyasi hadisələrdə nisbətən passivdilər. Bu mənada ola bilər ki, ayrı-ayrı ölkələrdə internet asılılığında qadın-kişi nisbətində fərqli göstəriciləri var. Fikrimcə, Azərbaycanda gənc oğlanlar internet istifadəsində son dövrlər daha fəaldırlar".milli.az