BolgeXeber.Com » Analitika » AzTV-dəki sədr-müavin çəkişməsinin yeni detalları

AzTV-dəki sədr-müavin çəkişməsinin yeni detalları

19-08-2015, 09:29
Oxunub: 3 647 AzTV-dəki sədr-müavin çəkişməsinin yeni detallarıİbrahim Məmmədov “məzuniyyətdəyəm” deyir, amma “Azərbaycan” qəzetinə müəllif yazısı yazır; Sədr müavini efirə verilməyən süjetinin materialını niyə hökumət qəzetinə yollayıb?

Son günlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır.


Bir müddət əvvəl də sədr Arif Alışanovla müavini İbrahim Məmmədov arasındakı narazılıqlar, hətta sədrin İ.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini AzTV-dən çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Arif Alışanovun İ.Məmmədovu da işdən azad edə bilməməsinə səbəb aparıcının prezidentin sərəncamı ilə sədrə müavin təyin edilməsidir. Yəni prezidentin sərəncamı ilə təyin olunan İ.Məmmədovu A.Alışanovun işdən çıxarmağa səlahiyyəti çatmır.

AzTV-dəki mənbədən aznews.az-a daxil olan məlumata görə, İ.Məmmədov xeyli müddətdir ki, işə gəlmir. Onun aparıcısı olduğu “Həftə” verilişinin də iki həftə efirə verilməməsi İbrahim Məmmədovun işdən çıxarılması ilə bağlı şübhələri artırıb. Lakin iki həftədən sonra “Həftə” 16 avqustda efirə verilib. Maraqlı məqam isə odur ki, verilişi İ.Məmmədov deyil, AzTV-yə yeni təyinat alan Rövşən Raqifoğlu aparıb.

Məsələ ilə bağlı telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova aznews.az-a bunları deyib: “İbrahim Məmmədov hazırda rəsmi məzuniyyətdədir. Ona görə də verilişi müvəqqəti olaraq Rövşən Raqifoğlu aparır”.

Telekanal sözçüsü verilişin iki həftə efirə getməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, veriliş yay tətilinə bağlandığı üçün efirdən yığışdırılmışdı. X.Qasımova “Həftə” verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: “Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar, bəziləri isə başqa verilişlərə keçirilib. ”Həftə" proqramına tam yeni heyət cəlb olunub".

Məsələni dəqiqləşdirmək üçün İbrahim Məmmədovla da əlaqə saxladıq. Aparıcı hazırda məzuniyyətdə olduğunu bildirib. O, “siz məzuniyyətdə olduğunuz üçün verilişinizi həmkarınız aparır” sualına yenidən “Mən məzuniyyətdəyəm!” deyərək cavab verməkdən imtina edib.

İbrahim Məmmədov “qafqazinfo”ya açıqlamasında bildirib ki, sədrin müavini postuna prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib: “Mənim vəzifəmə yalnız prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər”.

Bu arada diqqəti çəkən daha bir məqam İbrahim Məmmədovun avqustun 18-də “Azərbaycan” qəzetində yayımlanan, bir səhifə həcmində müəllif yazısı ilə bağlıdır.

Sözügedən məqalə bu istiqamətdə yaranan bir çox suallara aydınlıq olub. “Azərbaycan iqtisadiyyatında yeni mərhələ” başlıqlı, “Prezident İlham Əliyev: ”Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir". “Nefti unutmalıyıq” yarımbaşlıqlı müəllif yazısı Azərbaycan iqtidarının iqtisadi siyasətini dəstəkləyən tonlarla zəngindir.

“Yeni Müsavat”a daxil olan məlumata görə, sözügedən məqalə İ.Məmmədovun “Həftə” verilişi üçün hazırlansa da, müəllif efirlə bağlı problem yaşadığı üçün onu sözügedən nəşrdə yayımlayıb. Yəni sözügedən məqalə “Həftə” verilişi üçün nəzərdə tutulmuşdu. Bu səbəbdən də onun “məzuniyyətdəyəm, çalışmıram” açıqlaması şübhə doğurur. Məzuniyyətdə olan şəxsin, xüsusən də bu şəxs İbrahim Məmmədovdursa, “Azərbaycan” qəzetində analitik yazı ilə çıxış etməsi ilginc görünür.

“Yeni Müsavat”a daxil olan daha bir məlumatda isə bildirilir ki, İ.Məmmədovla A.Alışanov arasındakı insidentin kökündə həm də Xəbərlər Departamentinin əməkdaşı Ağanisə Sultanova ilə bağlı məsələ də yer alır. Belə ki, uzun müddətdir sədrlə aralarında problem yaşayan, daha sonra isə AzTV-dən çıxarılan A.Sultanovanı İ.Məmmədov müdafiə edib. Bu isə onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib.

Digər bir məlumat isə ondan ibarətdir ki, AzTV-nin təcrübəsində bu günə qədər məzuniyyətdə olan hansısa veriliş aparıcısının başqa birisi ilə əvəzlənməsi təcrübəsi olmayıb. Bu günə qədər zaman-zaman məzuniyyətə çıxan İ.Məmmədovu isə “Həftə” verilişində əvəzləyən olmayıb. Bu isə tərəflər arasındakı gərginliyin sübutlarından biridir.