BolgeXeber.Com » Analitika » Bizim kitabxana sevgimiz

Bizim kitabxana sevgimiz

25-08-2015, 13:59
Oxunub: 4 686 Bizim kitabxana sevgimizİndi restoranların tikilən, kitabxanaların sökülən, məscidlərin dolan, kitabxanaların boşalan vaxtında yaşayırıq

Təxmini yeddi yaşım vardı... Anam əlimdən tutub ilk dəfə kitabxanaya aparanda. Bu vaxta kimi anam kitabxanadan özü bizə kitab alıb gətirirdi, lakin artıq o hesab edirdi ki, böyümüşük və kitabxanaya gedib kitab rəflərindən özümüz kitab seçməliyik. Axşamdan hazırlaşdıq...

Anam kitabxananı sehrli bir aləm kimi təsvir etmişdi bizə. O Aləmə aparan dolanbac yolları səhər böyük həvəslə qət etdik və... o Aləmə yetişdik. O gündən hər şənbə -bazar kitabxanaya gedirdik, kitabxana işçiləri həvəslə bizə kitabxana qaydalarını izah edir, təkrar-təkrar kitabla səliqəli davranmağımızı tövsiyyə edirdilər. Çünki, onları bizdən sonra da oxuyanlar olacaq... ...bu gün kitab oxumağın dəbdən düşdüyü, kitabxanaya getməyin mənasız göründüyü vaxtda kitabxana haqda yazmağın özü də qəribə...bəlkə də mənasız görünə bilər. Çünki kitabsevərlər üçün əslində indi daha geniş imkanlar var: internet resursları, müasir dəbli kitab dükanları, bukhauslar, kafe-buklar və s. Lakin kitabxananın emosional, mənəvi planda əhəmiyyət kəsb edən bir çox özəllikləri var. Onlar insana paylaşmağı öyrədir, onun axtarış əzmini stimullaşdırır...

...kitabxanadan kitab götürəndə bilirsən ki, o kitab daim səninki deyil. Çünki sən onu maddiyyat qarşılığında əldə etməmisən, bir əmanət olaraq götürmüsən... ...bizlər o kitabların üstündə əsirdik, onlarla nəvazişlə davranırdıq, hətta bəzən onları səliqəyə salır, qopan səhifələrini yapışdırır və bu kitabları qaytaranda eşitdiyimiz “afərin” sözünə qürurlanır və sevinirdik... bir az daha ruhlanırdıq... ...bir də yeni kitab alınca həmən onu vərəqləyərdik, çünki kitabın səhifələrində bəzən növbəti oxucu üçün, yəni bizlər üçün əvvəlki oxuculardan ismarıclar olardı. Məsələn, “10-cu povesti mütləq oxu”, “bu kitabı çox sevdim” və s bu kimi ismarıclar... Bəzən özümüz də kitabın farzasında (karandaşla!) bu cür ünvansız ismarıclar yazardıq. Bəzən isə kitabın vərəqləri arasında kiçik kağız parçası, qurumuş gül ləçəyi ya da yarpaq tapırdıq... və onları atmağa cürət etmirdik. ...beləcə kitabı vərəqləyərək, qoxlayaraq, açıb örtərək ona isinişir, sonra isə oxumağa başlayırdıq. Hələ kitabxananın ən sirli, sehrli bir məkani vardı-qiraət zalı. O zala necə ürkək-ürkək, həyəcanla, ayaqlarımızın uclarında daxil olurduq. Axı digər oxuculara mane olmamalıydıq... ...hələ kitabxanaçılar... sadə, bər-bəzəkdən uzaq...bizə elə gəlirdi ki, onlar müqəddəsdir, dünyanın ən saf və hər şeydən məlumatlı olan insanlarıdır. Yuxarıda yazdıqlarımın hamısını üçüncü şəxs adından yazdım, mən yox, biz dedim, çünki bu ruhda neçə-neçə nəsil böyüdü.

Ötən əsrin 80-90-cı illərində, Vətənin dar günlərində düzənli həyatını, karyerasını, sevgisini, dostluğunu buraxıb öz ideallarından ruhlanaraq meydanlara, döyüşə atılan da məhz bu insanlar oldu. Bilirsiniz onlar kimlər idi? Bakıda məhəllə uşaqları ilə birləşib ən yaxın kitabxanadan kitab alıb, növbə ilə oxuyub, dostları ilə fikirlərini bölüşənlər, təmirsiz, şəraitsiz kənd kitabxanasından kitab götürüb tarlada işləməyə gedəndə,qoyun-quzu otaranda vaxt tapıb həvəslə o kitabı oxuyanlar idi. Təbii ki, iş kitabxana ilə bitmirdi. Sadəcə, bu yazıda insanın mənəvi simasının formalaşmasında kitabxananın bir emosional faktor kimi rolundan söz açdım. Bu gün kitabxanalara gedən yolların izləri silinib, izi olmayan yollar isə bəzən çox təhlükəli olur. Mən getdiyim A.Şaiq adına uşaq kitabxanasının yerində indi mebel dükanıdır. Nekrasov adına kitabxananın binasında məncə turizm agentliyi yerləşir. Qısası, bu kitabxanaların nə izi var, nə tozu, onların zəngin fondu da necə oldu bilmədim...bilmədik...

Lakin yüksək mənəviyyata malik olan insana, vətəndaşa həmişə ehtiyac var. Bu cür insanı yetişdirən təbii ki, yalnız kitab və kitabxana deyil. Lakin o İNSAN-ın yağışdan sonra çıxan göbələk kimi artan şadlıq sarayları və ticarət mərkəzlərində, bəzən dünyaya baxışı məhdudlaşdıran məscid və camilərdə yetişəcəyini gözləmək də doğru deyil.

Xülasə, restoranların tikilən, kitabxanaların sökülən vaxtı, məscidlərin dolan, kitabxanaların boşalan vaxtında yaşayırıq... ...yollarımıza saça biləcək işıqları söndürərək qaranliq yollarda addımlayırıq.

Dürdanə TAHİRLİ

Bakı Slavyan Universitetinin dosenti
Bizim kitabxana sevgimiz