BolgeXeber.Com » Analitika » Tikinti şirkətlərinin pulunu kim yeyib? - BÖHRAN

Tikinti şirkətlərinin pulunu kim yeyib? - BÖHRAN

12-09-2015, 18:21
Oxunub: 3 877 Tikinti şirkətlərinin pulunu kim yeyib? - BÖHRANSifarişçi podratçıları aldadıb

Dərs ilinin başlanması ərəfəsində ölkənin tikinti şirkətləri işçilərinin əməkhaqqı problemi daha da kəskinləşib. Məktəbə gedəcək övladlarına zəruri geyim və dərs ləvazimatı almağa pulu olmayan inşaatçı fəhlələr əmək haqlarının aylarla gecikdirilməsinə etiraz əlaməti olaraq hətta magistral yolu kəsmək məcburiyyətində qalıblar. Belə ki, Ələt-Astara avtomobil yolunun tikintisində podratçı olan “EVRASCON” şirkətinin 400 nəfərə yaxın fəhləsi etiraz aksiyası keçirərək, həmin yolun Salyan şəhərindən keçən hissəsində, Kür çayı üzərindəki körpüdə avtomobillərin hərəkətini dayandırıb. 1 saatdan artıq davam edən aksiyada iştirak edənlərin tələbi 5 aydır ki, almadıqları əmək haqlarının ödənilməsi olub.

“Tikinti şirkətlərinin üzləşdiyi maliyyə problemləri haradan qaynaqlanır” sualı son vaxtlar mətbuatda daha çox müzakirə olunur. Bu mövzunu araşdıran virtualaz.org portalı isə bir sıra maraqlı məsələləri aşkara çıxarıb. “Avropa Oyunlarını yola verdilər, iş adamlarına isə 120 milyon “atdılar”(http://virtualaz.org/kapital/53875) başlıqlı yazıda məlum Oyunlar ərəfəsində Bakıda irimiqyaslı təmir-abadlıq işləri aparmış, qəsəbə və yolları abadlaşdırmış şirkətlərin bu işlərin əksəriyyətinin sifarişçisi olan SOCAR-dan pul ala bilməməsinin səbəbləri açıqlanır. Bildirilir ki, əslində, neft şirkəti podratçılara pul vəsatlərini ödəməmək niyyətində deyil və yalnız hökumətdən müvafiq göstəriş gözləyir. Amma Nazirlər Kabineti həmin subsidiyanı ayırmağa tələsmir. Söhbət isə böyük məbləğdən - 120 milyon manatdan gedir.

Bakının abadlaşdırılmasında iştirak etmiş şirkətlərin pulunun gecikdirilməsində Baş nazirin müavini Yaqub Eyyubov xüsusi rolunun olduğu aşakara çıxıb. Belə ki, SOCAR rəhbərliyinin çoxsaylı müraciətlərinə baxmayaraq Yaqub Eyyubovun onlarla şirkətə ödəniş etməkdən imtinasının səbəbləri məlum deyil. Məlumatda bildirilir ki, hökumətin bu hərəkətsizliyi xeyli tikinti şirkətinin maliyyə sıxıntısı ilə üzləşməsinə, hətta iflasına gətirib çıxarıb. Armatur, sement, bitum və digər inşaat materialları istehsalı zavodlarının maliyyə durumunu pisləşdirib. Nəticədə abadlıq-təmir işlərinə cəlb olunmuş 5 mindən çox işçi zərər çəkib.
Məlumata görə, həmin podratçı şirkətlərin, həmçinin SOCAR rəhbərliyinin ən son instansiyaya – prezident İlham Əliyevə bu məsələyə müdaxilə etmək və Azərbaycan iqtisadiyyatına nəzərəçarpacaq ziyan vura biləcək problemin həllinə yardım göstərmək xahişiilə müraciət etməkdən savayı yollarıqalmayıb.

Sifarişçi podratçıları aldadıb

Araşdırmalar göstərib ki, pulu hələ də ödənilməmiş layihələr arasında Bakının ən səliqəsiz məhəllələrindən olan və “Şanxay” kimi tanınanın ərazinin abadlaşdırılması layihəsi də var. SOCAR-ın sifarişi ilə işə başlayan podratçı şirkətlər burada praktiki olaraq bircə ay ərzində hər şeyi yeniləyib abadlaşdırdılar. Bütün tikililərin və evlərin dam örtükləri təzələnib. Amma tikinti-abadlıq işlərinə xərclənmiş 3 milyon dollar vəsait podratçı şirkətlərə hələ də ödənilməyib.
Məlumatda daha bir nümunə göstərilir. Belə ki, “Bəy Mamed” ləqəbli məşhur naxçıvanlı biznesmenin vaxtilə Bayılda hazırkı Su Oyunları Arenası ilə üzbəüz ərazidə tikdirdiyi, qısa müddətdə yararsız vəziyyətə düşmüş çoxmərtəbəli 21 binaya üzlüklərin vurulmasına yerli özəl şirkətlərdən biri 41 milyon manat xərcləsə də, həmin məbləğin yalnız 21 milyon manatını sifarişçidən ala bilib. O da qeyd olunur ki, “hökumətdəki yüksək mənsəb sahibləri, o cümlədən baş nazirin müavini Yaqub Eyyubovun özü də bunu anlamaqdan imtina edirlər ki, podratçı şirkətlər həmin işləri görməyə başlayarkən inşaat materiallarını (beton, armatur və s.) digər şirkətlərdən borc götürüblər. İndi isə həmin məhsulları istehsal edən zavodlar şirkətlərdən pulunu tələb edir. Bəs, şirkətlər öz növbəsində kimə müraciət etməlidir? Əlbəttə ki, hökumətə. Lakin onlara məhəl qoyan da yoxdur”.

Beləliklə, sifarişçinin podratçı şirkətləri aldadaraq onların Bakının abadlaşmasına xərclədiyi pulları ödəməməsi ortaya açınacaqlıdır nəticə çıxarıb. Bütün bunların fonunda 5700 işçinin öz halal əməyinin haqqını ala bilməməsi ilə yanaşı, yerli tikinti şirkətlərinin durumu da çox ağırlaşıb. Çünki banklar da öz növbəsində onlara kreditlərə görə faiz hesablamaqda davam edir.
Üstəlik fəhlələrin son ümidyerləri olan çörəkpullarını ala bilməməsini, şirkətlərin iflasa uğramasını, bankların problemlə üzləşməsinivə nəticədə təkcə inşaat sektorunun yox, bütün ölkə iqtisadiyyatının ziyana düşməsini iqtiadi kataklizmlələri izah etmək mümkün deyil. Çünki pul var, sadəcə onu ödəmək istəmirlər.

Tikinti şirkətləri çökdürülür

Bütün bunları sübut edən başqa bir nümunə də var. Prezident Mili Məclisin binasının arxasındakı köhnə doqquzmərtəbəli binaları da yenidən qurmaq barədə göstəriş verib. Binaların üzlənməsi üçün büdcədən 11 milyon manat ayırılıb. İşlər başlayıb, pul ayrılıb və həmin vəsaitin 5 milyonu xərclənib. Lakin sonradan maliyyə ayrılması dayandırılıb. Ona görə də işlər yarımçıq saxlanıb. İşlərin yarımçıq saxlanması isə podratçı şirkətə böyük ziyan vurub. Çünki şirkət inşaat texnikasını başqa şirkətdən icarəyə götürüb və buna görə hər gün pul ödəməlidir. Texnika isə boş-boşuna dayanıb. Bu halda hamı ziyan çəkir: şirkətlər xərclədiyi bulları, uzun müddətdir təmiri başa çatmayan binaların sakinləri rahatlığını itirib. Onlar bir ildir bitmək bilməyən və qəfildən yarımçıq saxlanan işlərə görə yaşadıqları mənzillərin eyvanına da çıxa bilmirlər. Banklar şirkətləri faizlə yükləyir. Dövlət isə məmurların günahı ucbatından nüfuzunu itirir...

Bəs, əslində nə baş verir? Bu aşkar sabotaj nə ilə bağlıdır? Axı, hesabda pul var, ölkədə dərin iqtisadi böhran yoxdur, işlər də lazımi səviyyədə görülüb. Amma maliyyələşmə yarıda kəsilib.
Təhlilçilər sualverirlər: məmurlar hansı məntiqlə hərəkət edir? Doğrudanmı, ilk baxışda əhəmiyyətsiz görünən bu məsələyə də dövlət başçısı şəxsən özü müdaxilə etməlidir? Reallıq ondan ibarətdir ki, prezident İlham Əliyev özü şəxsən bu məsələyə müdaxilə etməlidir. Ən azı ona görə ki, 5700 nəfərdən ibarət fəhlə və mühəndis kollektivi öz halal maaşını ala bilsin! Ölkədə qəsdən sosial gərginlik yaratmaq, insanları hakimiyyətə qarşı qaldırıb küçələrə çıxarmaq kimə lazımdır?
Azərbaycan məmurlarının məntiqini anlamaq doğrudan da çox çətindir...

Dəfələlə ictimai müzakirəyə çıxarılan bu məsələyə yenidən qayıdacağıq.(koordinat.az)