BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyev, Cahangir Əsgərov və digərləri... - Böhran büdcəsi

Etibar Pirverdiyev, Cahangir Əsgərov və digərləri... - Böhran büdcəsi

15-09-2015, 17:18
Oxunub: 7 225 Etibar Pirverdiyev, Cahangir Əsgərov və digərləri... - Böhran büdcəsiAzərbaycanda səhmlərinin ya hamısı, ya bir qismi dövlətə məxsus olan bir sıra səhmdar cəmiyyətlərin borclarının və digər öhdəliklərinin bir hissəsi restrukturizasiya edilərək gələn ilin dövlət büdcəsindən ödəniləcək

Bu barədə “Fineko” agentliyi Vergilər Nazirliyinə istinadən xəbər yayıb. Məlumata əsasən borclarının bir hissəsi dövlət büdcəsindən silinəcək səhmdar cəmiyyətlər arasında “Azəraliminium”, “Azərenerji” və AZAL da yer alır.

Xatırladaq ki, hökumət gələn ilin büdcə layihəsini qlobal miqyas alan iqtisadi böhran və neftin kəskin ucuzlaşması səbəbindən sərt qənaət tədbirləri əsasında tərtib edib. Büdcə layihəsi hələ parlamentin müzakirəsinə çıxarılmasa da bəzi detallar məlumdur.

Məsələn, SOCAR prezidenti Rövnəq Abdullayev gələn ilin dövlət büdcəsində neftin baza qiymətinin 50-55 dollar götürüləcəyini deyib.

Vergilər Nazirliyindən bildirildiyinə görə, gələn ilin büdcəsində dövlət borclarının ödənilməsi üzrə xərclər limiti 2015-ci ilə nisbətən 61 faiz , yaxud 473,5 milyon manat artırılıb və 1 milyard 249 milyon manata çatdırılıb.

Görünür, bu artımın səbəblərindən biri manatın devalvasiyasından sonra valyuta ilə olan borcların qaytarılmasına manat ekvivalenti ilə daha çox vəsait tələb olunmasından irəli gəlir.

Ancaq “Azərenerji”, AZAL və digər səhmdar cəmiyyətlərin borclarının bir qisminin dövlət büdcəsinə yüklənməsi suallar yaradır.

Bu səhmdar cəmiyyətlərin dövlət büdcəsinə milyardlarla manat vergi borcu var. Digər tərəfdən, onların yerli və xarici banklar qarşısında milyardlarla dollar kredit borcu yaranıb.

Məsələn, “Azərenerji”yə dövlət büdcəsindən bir ucdan dotasiyaların ayrılmasına baxmayaraq şirkətin maliyyə göstəriciləri heç cür yaxşılaşmır.

Bu ilin əvvəllərində “Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması “Azərenerji”nin maliyyə göstəricilərinin kəskin pisləşdiyini, gəlirlərinin azaldığını ortaya çıxarıb.

Habelə “Fitch” reytinq agentliyi fevral ayında həyata keçirilən devalvasiyadan sonra “Azərenerji”nin yeni risklərlə üzləşdiyini bildirmişdi. Çünki səhmdar cəmiyyətin borclarının əsas hissəsi xarici valyuta ilədir, daxilolmalar isə manatladır.

“Azərenerji”yə, AZAL-a və digər səhmdar cəmiyyətlərə illərdir ayrılan dövlət investisiyaları, subsidiyalar və digər güzəştlər onların nəhayət büdcə üzərində ağır yük olaraq qalmasına son qoymalı idi.

Ancaq belə görünür ki, əsasən pis menecment, korrupsiya və digər neqativ hallar üzündən bu baş vermir. İndi bu şirkətlərin borclarının bir hissəsini böhran büdcəsinə yükləyirlər...

Virtualaz.org