BolgeXeber.Com » Analitika » Nəqliyyat nazirini hissə-hissə bitirirlər...

Nəqliyyat nazirini hissə-hissə bitirirlər...

19-09-2015, 10:30
Oxunub: 3 484 Nəqliyyat nazirini hissə-hissə bitirirlər...Ziya Məmmədovun “dəmir gəliri” də əlindən alındı

“Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı; bu həm də yaxın illərdə dəmir yolundan gələcək ciddi maliyyə vəsaitlərinin Cavid Qurbanova etibar edilməsi deməkdir; Məmmədovlar klanı məğlubiyyətləri ilə tam barışıblar və hakimiyyətin bütün strukturlarından çəkiləcəklər...

Ziya Məmmədovun portfelsiz nazirə çevrilməsi və hökumət üzvlüyündən izolyasiya edilməsi barədə “Yeni Müsavat”ın yazdığı məlumat təsdiqləndi. Sentyabrın 18-də prezident İlham Əliyev fərman imzalayaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 20 iyul 2009-cu il sərəncamında dəyişikliklər edib. Fərmanla “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Fərmana əsasən, cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, cəmiyyətin yenidən təşkili və ləğvini prezident həyata keçirəcək.

***
Bu ilin fevralında Cavid Qurbanovun prezidentin sərəncamı ilə “Azəryolservis” ASC-nin sədrliyindən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyin edilməsindən sonra bu qurumun tezliklə Nəqliyyat Nazirliyinin tabeliyindən alınacağı barədə xəbərlər dolaşırdı.
Z.Məmmədovun yaxın adamı, hətta “ qara kassası” adlandırılan “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Arif Əsgərov nazirin tam təsiri altında idi və dəmiryolu sahəsindəki ciddi korrupsiya faktları asanlıqla ört-basdır edilirdi. Rəsmi məlumatlara görə, 2007-2014-cü illərdə dövlət büdcəsindən dəmir yolu təsərrüfatına 800 milyon manata yaxın vəsait ayrılsa da, araşdırmalar zamanı məlum olub ki, bu vəsaitin əhəmiyyətli bir hissəsi mənimsənilib.
Hakimiyyətdə ciddi dayaqları olan C.Qurbanovun bu vəzifəyə təyinatı yaxın illərdə dəmir yolundan gələcək maliyyə vəsaitlərinin faktiki Z.Məmmədovun nəzarətindən çıxarılması demək idi. C.Qurbanov, QSC-nin sədri vəzifəsinə təyinatından öncə, prezident İlham Əliyevlə görüşdüyünü, ölkə başçısından bu strukturla bağlı müxtəlif tapşırıqlar aldığını söyləmişdi. C.Qurbanov QSC sədri kimi ilk açıqlamasında “Azərbaycan Dəmir Yolları”nda aparılan islahatların günün tələblərinə cavab vermədiyini demişdi. C.Qurbanovun tezliklə nazir postunu tutacağı ilə bağlı xəbərlər son aylar daha da intensivləşsə də, onun YAP tərəfindən deputatlığa namizədliyinin irəli sürülməsi bu təyinatın gerçəkləşməyəcəyinə işarə sayıla bilərdi.

Üstəlik, səlahiyyətlərinin əhəmiyyətli hissəsinin itirən nəqliyyat naziri vəzifəsi indi müstəqil olan və Bakı-Tiflis-Qars dəmiryolunun payızda istifadəyə verilməsindən sonra milyardlarla vəsaitə nəzarət edəcək “Azərbaycan Dəmir Yolları” rəhbərindən aşağı post sayılır. Məlumdur ki, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi artıq oktyabr-noyabr ayında işə düşəcək. Bu həm sərnişinnəqliyyatda, həm də yükdaşımalarda Azərbaycanın Avropaya çıxışı baxımından önəmini daha da artıracaq. Dünyada neftin qiymətinin yaxın illərdə 50 dollar civarında qalacağı ilə bağlı proqnozlara rəğmən təbii ki, beynəlxalq dəmiryolu həm də külli-miqdarda büdcə vəsaiti deməkdir ki, ona nəzarət indi birbaşa müstəqil bir quruma və onun rəhbəri C.Qurbanova həvalə edilib.

Yeni fərman C.Qurbanova maliyyə məsələsində iqtidarın inamını göstərməklə yanaşı, onun rahat işləməsinə və Z.Məmmədovdan qalma kadrları “təmizləməyə” də kömək edəcək.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, digər müavinlər Qurban Nəzirov, İqbal Hüseynov və Etibar Niftəliyev nazirin yaxın adamları hesab olunurlar. İqbal Hüseynovun isə bir vaxtlar Biləcəri stansiyasında Z. Məmmədovla birgə işlədiyi deyilir. QSC-nin adını çəkdiyimiz müavinləri prezidentin 2010-cu il 22 fevral tarixi sərəncamı ilə vəzifəyə təyin ediliblər. Böyük ehtimalla yaxın günlərdə C.Qurbanovun müavinlərinin adları da dəyişəcək.

Məlumatlara görə, hazırda hökumətdə səhmləri 100 faiz Nəqliyyat Nazirliyinə məxsus olan “Azəryolservis” ASC-nin də nazirliyin idarəetməsindən çıxartmaq məsələsi də müzakirə edilir. ASC-nin müstəqil və yaxud İqtisadi İnkişaf Nazirliyinin idarəetməsinə verilməsi variantları nəzərdən keçirilir. Üstün mövqe ASC-nin müstəqil fəaliyyət göstərməsindən ibarətdir. Xatırladaq ki, Z.Məmmədov fevral ayından bəri bu quruma rəhbər təyin edə bilmir.

Belə görünür ki, hakim komandadan qeyr-rəsmi uzaqlaşdırılan və rəsmi məlumata görə, hələ oktyabrın 23-dək məzuniyyətdə olacaq nəqliyyat nazirinin bundan sonrakı işi yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanmasından ibarət olacaq. Nəqliyyat Nazirliyi Sənaye və Energetika Nazirliyi kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək.

***
Bir qaynağımızın məlumatına görə, Məmmədovlar klanı məğlubiyyətləri ilə tam barışıblar və hakimiyyətin bütün strukturlarından çəkiləcəklər. Nazirin qardaşı Elton Məmmədov “deputatlığa namizədlik haqda fikirləşirəm” desə də, onun bu yarışa indiki şərtlərlə altında qoşulmayacağı aydındır.

Amma unutmayaq ki, uzun illərdir ki, geniş imkanlara sahib olan Z.Məmmədov klanın ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində yatırımı var. Məmmədovların ailə şirkəti olan “Garant-Holdinq”in adını çəkmək kifayət edir. Bu səbəbdən də ola bilsin, “təhvil-təslim” və iqtidardan çəkilmə zaman aparsın və Z.Məmmədov formal olaraq nazir kimi bir müddət də görəvində saxlansın.



***
Məmmədovların vurulması səbəbləri sırasında “maliyyə xəyanəti”ndən tutmuş nazirin yaxın adamlarının hərəkətləri, cəmiyyətdə harın obrazlılarının səbəb olduğu deyilir.

Amma hökumətə yaxın mənbələr nazirin vurulmasının əsas səbəbi kimi məhz “Olimpiya kəndində” baş vermiş qəzanı göstərirlər. Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus”a məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvlərinə ağır bədən xəsarətləri yetirmişdi. İddia olunurdu ki, bu qəzanın baş verməsi səbəbləri hakimiyyət üçün hələ də şübhəlidir və hətta “vəhhabi izi” də araşdırılır. Məhz bu olaydan sonra nazir prezidentin ətrafında görünmədi, onun qardaşı oğlu Rövşən Məmmədovun rəhbərlik etdiyi “Transqeyt” MMC şəhər nəqliyyatından çıxarıldı və Nəqliyyat Nazirliyinin səlahiyyətləri alınması prosesi başladı...

“Yeni Müsavat”