BolgeXeber.Com » Analitika » Məktəbin qəsdinə durmuşuq, nədir...?!- Yoxsa, kimlərinsə sifarişini yerinə yetiririk ?

Məktəbin qəsdinə durmuşuq, nədir...?!- Yoxsa, kimlərinsə sifarişini yerinə yetiririk ?

7-10-2015, 18:29
Oxunub: 4 238 Məktəbin qəsdinə durmuşuq, nədir...?!- Yoxsa, kimlərinsə sifarişini yerinə yetiririk ?“Okullar varsa dershane niye var, dershane varsa okullar niye var...”
T.R Ərdoğan

Hər dəfə özümə söz verirəm ki, hər ağızdan çıxan sözə reaksiya verib, əbəs yerə əsəblərimi korlamayım. Amma nə edim ki, emosyalarımı cilovlaya bilmirəm ki, bilmirəm. Belə hallarda hətta böyük rus pedaqoqu Anton Makarenkonun “özünütərbiyə metodu” da kara gəlmir. Bir də ki, binəva Makarenko neyləsin axı. Bəzən elə adamların, elə fikirləri ilə rastlaşırsan ki, ən dahi pedaqoqların və psixoloqların nəzəriyyələri belə insanın hövsələdən çıxmamasına yardımçı ola bilmir.

Deputat professor Musa Qasımlının “Fikrimcə, repetitorluğun aradan qaldırılması heç bir fayda verməz “ populist bəyanatından heç bir həftə keçər-keçməz, repetitorların şəninə daha bir yeni “simfoniya bəstələndi”: “Repetitorluğun qarşısını almaq cəmiyyəti buxovlamaq deməkdir... Əslində, bu cəmiyyətin inkişafını tənzimləyən bir meyardır”. Sizcə, bu analoqu olmayan bəstənin müəllifi kim olar...? Bizim bu Təhsil Nazirliyinin Ümumi təhsil şöbəsinin müdiri qismində təqdim olunan Firudin Həmzəyev.

“Möhtəşəm” ideyasının davamı olaraq APA TV-də yayımlanan “Sosium” proqramının qonağı olarkən bu Nazirlik yetkilisi daha nələrdən danışıb diqqət yetirək: “Təhsil Nazirliyi 2011-ci ildə orta məktəblərdə təmayülləşməni həyata keçirmək məqsədilə ilkin olaraq 5 məktəbdə pilot layihənin icrasına başladı...Bu layihənin nəticələrinin təhlili, eyni zamanda valideynlər tərəfindən də müsbət qarşılanması, xüsusilə repetitorluğun qarşısının alınmasında əməli rol oynaması nəzərə alınaraq, bu il daha 50 təhsil müəssisəsində təmayül təhsil verilməyə başlandı. Hazırda ölkə üzrə məktəb, lisey, gimnaziya, məktəb-lisey də olmaqla 58 ümumtəhsil müəssisəsində bu proses həyata keçirilməyə başlanıb. Heç kəsə sirr deyil ki, valideynlər uşaqlarını ali məktəbə hazırlamaq üçün, dərsdən ayıraraq 4-5 fənn üzrə hazırlığa qoyurlar, digər fənlər nəzərə alınmır. İndi məqsəd hər fənn üzrə şagirdlərə minimum bilik verməklə, onun seçdiyi ixtisasa daha çox uyğun olan sahəyə yönəltməkdən ibarətdir”.

Bu fikir sahibi ilə bir vaxtlar Nazirliyin “Bakı şəhəri üzrə təhsil idarəsi” deyilən bir qurumda işləmişık. O da “könələrdəndir”, baxmayaraq ki, nazirlikdə yenilər sırasında qərarlaşıb. Onu Yasmal rayonunun təhsil şöbəsindəki fəaliyyəti dövründən də tanıyırdım, daha doğrusu çoxları tərəfindən təhsil sistemində “Mərdanovun fövqəladə və səlahiyyətli nümayəndəsi” kimi tanınırdı. Qapalı və qaranlıq mövqeyə malik idi, hansı “məzhəbə” xidmət etdiyini biruzə verməzdi, daim susmağı təcrid edərdı. Və birdən açıq və kəskin mövqe sərgiləməsi düzü təəccübümə və hiddətimə səbəb oldu.

Adama deyərlər repetitorluq cəmiyyətin inkişafını tənzimləyən bir meyardırsa, bəs onda repetitorluğun qarşısının alınması üçün 2011-ci ildən üzü bu yana bu pilot adlandırdığınız 58 məktəbdə həyata keçirilən həngəmələr nədir? Hələ müddəti belə bəlli olmayan, nə vaxtsa bütün məktəblərin bu sistemə keçiriləcəyi perspektivini demirəm. Elə isə, bu halda bütün məktəblərin ucdantutma təmayülləşməsinə ehtiyac varmı, neçə illərdir ki,12 illik təhsilə keçid üçün dəridən-qabıqdan çıxmağımıza dəyərmi?

Əgər təhsilin bu ali və icraedici qurumuna rəhbərlik edən Mikayıl Cabbabarov belə, təmkin və son dərəcə ehtiyatla Azərbaycanın təhsil sahəsində mövcud olan repetitorluqun səbəblərini və köklərini düzgün şəkildə başa düşmək və araşdırmaq zərurətindən danışırsa, orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən qurum kimi baxmaq istəmirsə, belə bir baxışı köklü şəkildə səhv hesab edərək orta təhsilin məqsədinin insanları tam şəkildə müstəqil həyata hazırlamaq, müstəqil Azərbaycan vətəndaşını formalaşdırmaq və ona lazım olan biliyi verməyi vacib məqam hesab edirsə, onda Həmzəyevdə belə bir kəskin və cəsarətli jest hardan qaynaqlanır, bəlkə bu səlahiyyəti ona verən kimsə var?

Söhbət heç də kiminsə, nəsə deməsindən getmir. Söhbətin ciddiliyi ondan ibarətdir ki, təhsildə dövlət siyasətini həyata keçirən bir rəsmi qurumun mövqeyi kimlərsə tərəfindən paylaşılır.Yəni Nazirlik yetkilisinin və digər dövlət rəsmisinin bu kimi subyektiv fikirləri heç şübhəsiz ki, bütövlükdə Nazirliyin mövqeyi kimi, deməli təhsildə dövlət siyasətinin istiqamətlərindən biri kimi başa düşülə bilər və başa düşülür də. Ard- ardınca bu kimi açıqlamalar cəmiyyətdə belə təsəvvür də formalaşdıra bilər ki, artıq repetitorluq institutunun leqallaşdırılması, daha doğrusu rəsmıləşdirilməsi üçün ən yüksək səviyyələrdə təbliğat kompaniyasına start verilib və bu məqsədlə dərindən-qabıqdan çıxanlar bu prosesdə müəyyən pay sahibidirlər və ya hansısa faizdə oturublar.

Digər tərəfdən necə anlaşıla bilər ki, Təhsilin yuxarı idarəetmə orqanında təmsil olunan rəsmi dovlət qulluqçusu qeyri-rəsmi fəaliyyət sahəsinı cəmiyyətin inkişafını tənzimləyən bir meyar hesab edir? Bəs onda rəsmi dövlət meyarları hansılardır, cəmiyyətin inkişafını dövlət hansı meyarlarla tənzimləyir və tənzimləməlidir? Əcəb məntidir. Dövlət məktəb təhsilinə milyonlarla vəsait ayırsın, ildə yüzlərlə yeni məktəb istifadəyə versin, əlavə tədris korpusları inşa etsin, fasiləsiz təmir-tikinti işləri aparsın, məktəbləri ən müasir avadanlıqlarla, təlimin texnıki vasitələri ilə təchiz etsin, digər infrastruktuları beynəlxalq standartlar səviyyəsinə qaldırsın, valideyn isə övladının normal təhsil alması üçün boğazından kəsib əlavə müəllim tutsun, hansısa kurslara baş vurmaq zərurəti qarşısında qalsın.

Repetitorluğa bəraət qazandırıcı bu kimi fikirləri hansısa sıradan bir imkanlı valideyn və ya güzaranı repetitorluq hesabına təmın olunan bir müəllim desəydi, bu hardasa başa düşülən idi. Hesab edərdik ki, yağın şorbaya nə ziyanı. Birdə ki, nə bərk-bərk yapışmışıq “dünya təcrübəsi” deyilən bir şeydən. Bəli, dünya təcrübəsində repetitorluq da, heç bir vəchlə illərdir əl çəkə bilmədiyimiz “Iş dəftəri” deyilən bir şey də var.Lakin bu dəftərlər bu ölkələrdə bizdəki kimi 5-7 manata satılmir, məktəblər tərəfindən öyrəncilərinə pulsuz paylanılır.Repetitor yanına məktəb direktor ilə anlaşılıb rəsmi dərs hesabına gedilmir.



Bəli, istəsək də istəməsək də etiraf etmək zorundayıq ki, bir vaxtlar məbədgah hesab etdiyimiz hazırki məktəb öz təlim-tərbiyə funksiyasını yetərincə yerinə yetirə bilmədiyindən yetirməyən şagirdlərin sayı artıb, miqyası genişlənib və xarakteri kütləviləşib.Bununla belə yaşlı və orta nəslin nümayəndələri xatrlamamış deyillər ki, Sovet dönəmində yetirməyən şagirdlərlə dərsdən sonra əlavə məşğələlər təşkil olunar və bu proses təmənnasız həyata keçirilərdi.Dövr dəyişıb, indi yəqin ki, buna gedən olmaz.

Lakin tez-tez dünya təcrübəsindən misal çəkdiyimizi nəzərə alıb, bir təcrübəni də mən xatırlatmaq istərdim.Məsələ ondadır ki, düna təcrübəsində yaranmış vəziyyətlərdən bu və ya digər şəkildə çıxış yolu tapan xeyli ölkə və kifayət qədər təcrübə var. Heç də uzağa getmək lazım gəlməyəcək.Elə qonşu Rusiyanın özündə şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə ödənişli dərslər keçirilir.Bunun üçün də müəllimə əlavə haqq ödənılır. Bu sadə və ağlabatan yolla müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısı alınır. Digər maraqlı təcrübələr də var. Elə məktəbə, müəllimə diqqəti bir az da artırsaq, məktəb rəhbərlərinin seçımində və yerləşdirilməsində yanlışlıqlara yol verməsək və onların fəaliyyətinə nəzarəti gücləndirsək , bu problem elə öz-özünə keçıb gedəcək.

Təki istək olsun. Sözümün canı ondadır ki, nə ediriksə edək, bunu məktəblə bağlayaq , təhsil naminə, övladlarimızın gələcəyi naminə məktəb mühitinin dağılmasına yol verməyək. Digər kənar fəaliyyətlər müəllimin və şagirdin məktəbdən üz döndərməsinə xidmət etməsin. Müəllim və şagird yenidən öz doğma ocağına - məktəbə qayıtsın. Məktəb müqəddəs bir ocaqdır. Məktəbdən üz döndərmək, ona arxa çevirmək isə manqurtlaşmaq deməkdir. Bunun başqa adı yoxdur.


Nadir İsrafilov, təhsil eksperti

Bolgexeber.com



.