BolgeXeber.Com » Analitika » Qoy repetitorluqla məşğul olanlar narahat olmasın...

Qoy repetitorluqla məşğul olanlar narahat olmasın...

12-10-2015, 12:04
Oxunub: 3 553 Qoy repetitorluqla məşğul olanlar narahat olmasın...Və ya “Bar verən ağacı kəsməzlər” məsələsinə münasibət

Bu günlərdə mənim bir sıra saytlar tərəfindən dərc olunmuş “Məktəbin qəsdinə durmuşuq, nədir...? Təhsil Nazirliyi yetkilisinin qəribə açıqlaması” başlıqlı yazıma ilk reaksiya gəldi. Doğrusu həm sevindim, həm də bir az təəssüfləndim.Hər hansı bir fikirə münasibət bildirilməsi fərəhləndirici haldır, sənə və qaldırılan problemə diqqət və marağın təzahürüdür. Digər tərəfdən fikir plüralizmi deyilən bir anlayış var və bu da dövlətin marağında olan faktorlardan biridir.Söz güləşdirməyi qəti xöşlamaram, lakin söylədiyim fikirlərə bağlı iradlarda qaranlıq məqamların qalmasını da tərciyə etmirəm.

Yaxın münasibətlərdə olduğum Nabatəli Qulamoğlunun “Arqument.az” saytındakı “Bar verən ağacı kəsməzlər. Repetitorluğu xalq düşməni elan edənlərin nəzərinə” adlı yazısının niyə məhz mənə ünvanlanmasını heç cür başa düşə bilmədim. Bircə onu başa düşdüm ki, bu yazım repetitorluqla bağlı öz fikirlərinı bölüşmək üçün Nabatəlı müəllimə sadəcə olaraq bir impuls verib. Lakin, emosiyalara qapılmaq, ifrat dərəcədə pafosa varmaq, bu məqsədlə “günah keçısi” axtarmaq və ondan yararlanmaq sağlam tənqidin mahiyyətini tamamilə dəyişir.

“Repetitorluğu xalq düşməni elan edənlər”, “Repetitorluğa qarşı aparılan səlib yürüşü”, “Misir Mərdanovun nümunəsi göz qabağındadır”, “Növbəti qurban Mikayıl Cabbarovdur“ və s. bu kimi ifadələr zənnimcə, oxucuda və bütövlükdə cəmiyyətdə şaşqınlıq yaratmaqdan başaqa digər məqsədə xidmət etmir. Görəsən, ”repetitorluq” deyilən bir abstrakt anlayış nə vaxtdan və kim tərəfindən xalq düşməni elan edilib? O ki, qaldı hansısa konkret repetitorun xalq düşməni qismində mühakimə olunmasına, nə ölkəmizdə nə də dünya təcrübəsində şəxsən mən belə bir fakta təsadüf etməmişəm.

Bildiyim qədər səlib yürüşləri (buna xaç yürüşləri də deyirlər) XI-XII əsrlərdə Müqəddəs Torpaqda “İsanın qəbrini xilas etmək”adı ilə Qərbi Avropanın barbar krallıqları tərəfindən Yaxın Şərqə hərbi müdaxiləsi kimi xarakteriza olunur və başqa əraziləri ışğal etmək siyasətindən və dini məqsədlərdən irəli gələn bir tarixi prosesdir. Bunun repetitorluqla müqayisəsı hesab edirəm ki son dərəcə uğursuz cəhddir. Əgər, hər halda bu Nabatəli müəllimə görə “yürüş” hesab edilirsə,onda repetitorluğa qarşı deyil, repetitorluq uğrunda yürüşdür.Yürüşə çıxanlar isə yazımda adlarını çəkdiyim Musa Qasımlılar, Firudin Həmzəyevlər, Fərzəli Qədirov kimi rəsmi dövlət qulluğunda oturub, qeyri-rəsmi fəaliyyətin şənınə “tost” deyənlərdir.


“Təhsilin bu sahəsini genişləndirmək əvəzinə, türk liseylərinin başına oyun açdılar. İndi də düşüblər repetitorluğun üstünə. Bəzi təhsil ekspertləri də küyə düşüb. Biri də şəxsiyyətinə hörmət bəslədiyim Nadir İsrafilov. Nadir müəllim elə düşünür ki, repetitorluğu ləğv etməklə dövlət təhsil sektoru canlanacaq.“ Hörmətli həmkarım, küyə düşən Nadir nüəllim deyil, yuxarıda adlarını çəkdiyim dövlət məmurları və Sizsiniz. Kimin repetitorluqla məşğul olub olmamasının Nadir müəllimə isti-soyuqluğu yoxdur. Nadir müəllim sadəcə olaraq onu deyir ki, təhsilin dövlət sektorunda özlərinə isti yuva quranlar “Fikrimcə, repetitorluğun aradan qaldırılması heç bir fayda verməz “,“Repetitorluğun qarşısını almaq cəmiyyəti buxovlamaq deməkdir... Əslində, bu cəmiyyətin inkişafını tənzimləyən bir meyardır” kimi populist çıxışlar edib, milləti məktəbdən, müəllimdən didərgin salmaq əvəzinə, məsul olduqları vəzifəyə uyğun olaraq, məktəb təhsilinin inkişafı naminə nəsə edə bilmirlərsə, heç olmasa nəsə desinlər.

Söhbətin ciddiliyi ondan ibarətdir ki, təhsildə dövlət siyasətini həyata keçirən bir rəsmi qurumun mövqeyi kimlərsə tərəfindən əks istiqamətdə paylaşılır.Yəni Nazirlik yetkilisinin və digər dövlət rəsmisinin bu kimi subyektiv fikirləri heç şübhəsiz ki, bütövlükdə Nazirliyin mövqeyi kimi, deməli təhsildə dövlət siyasətinin istiqamətlərindən biri kimi başa düşülə bilər və başa düşülür. Halbuki, repetitorluq hələ ki, rəsmilər tərəfindən rəsmi fəaliyyət növü elan olunmayıb.

“O öz məqaləsində millət vəkili Musa Qasımlını, təhsil naziri M.Cabbarovu, nazirliyin şöbə müdiri F. Həmzəyevi ona görə tənqid edir ki, adları çəkilən şəxslər repetitorluğa qarşı aparılan səlib yürüşünün fayda verməyəcəyi qənaətindədirlər”. Səlib yürüşünü kim aparır, əgər bu təkcə mənəmsə bir nəfərın yürüşü “səlib effektini” verə bilməz. Yox, əgər digər yürüş iştirakçıları da varsa, deməli bu yürüşün səbəbləri araşdırılmalı və buna lazımı qiymət verilməlidir. Digər tərəfdən, nazir M.Cabbarovun “səlib yürüşünün fayda verməyəcəyi qənaətinə” nə aidiyyatı var. Mən ki, onu Qasımlılar, Həmzəyevlərlə bir mövqedə olanların sırasına daxil etməmişəm:

“ Əgər təhsilin bu ali və icraedici qurumuna rəhbərlik edən Mikayıl Cabbabarov belə, təmkin və son dərəcə ehtiyatla Azərbaycanın təhsil sahəsində mövcud olan repetitorluqun səbəblərini və köklərini düzgün şəkildə başa düşmək və araşdırmaq zərurətindən danışırsa, orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən qurum kimi baxmaq istəmirsə, belə bir baxışı köklü şəkildə səhv hesab edərək orta təhsilin məqsədinin insanları tam şəkildə müstəqil həyata hazırlamaq, müstəqil Azərbaycan vətəndaşını formalaşdırmaq və ona lazım olan biliyi verməyi vacib məqam hesab edirsə, onda Həmzəyevdə belə bir kəskin və cəsarətli jest hardan qaynaqlanır, bəlkə bu səlahiyyəti ona verən kimsə var?” Söylənilən hansısa fikri təhrif etmək heç də yaxşı hal deyil.

“Azərbaycan təhsili iyirmi ildən çoxdur ki, yumşaq desək, ağır günlərini yaşayır.Onun nicatı üçün resept yazanlar çox olub. Hökumət ya qulaq ardına vurub, ya da işıq gələn tərəfi göstərən rəsmi şəxsləri cəzalandırıb. Misir Mərdanov nümunəsi göz qabağındadır.” Hansı resepti deyirsiniz, Nabatəli müəllim, Misir Mərdanovun Sabunçu rayonunun 252 nömrəli məktəbində repetitorluqla bağlı “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, oranın sakinləri kasıbdır, onlar repetitorlara az pul verdiklərindən nəticə yaxşı olmayıb.” deyə tövsiyə etdiyi resepti? Bir də ki, Misir Mərdanovun ışıq gələn hansı tərəfi göstərdiyini açıqlasydınız, bu təhsilimizin gələcək quruculuğuna layiqli bir töhvə olardı.

”Düzü, N.İsrafilovun məqaləsindəki məntiqi tuta bilmədim. Müəllif öz məqsədinə nail olmaq üçün reallığı əks etdirməyən “faktlar gətirir”. Dünyanın təhsil sahəsində qabaqcıl ölkələrinin təcrübəsinı kənara qoyub, bizi geri qalmış Rusiyadan öyrənməyi məsləhət görür. “


Nabatəli müəllim, əvvəla bilin və agah olun ki, repetitorluqla bağlı mənim heç bir məqsədim yoxdur, və ola da bilməz.Belə bir məqsəd repetitorluğa bəraət qazandirmaq üçün dəridən-qabıqdan çıxanlarda ola bilər. Mən sadəcə bu repetitor reklamçılarının və atəşin təbliğatçılarının fikrirlərinə münasibət bildirmişəm. İkincisi, təbirinizcə desək geri qalmış Rusiyadan faktlar deyil, bir fakt gətirmişəm ki, bu da ondan ibarətdir ki, bu ölkədə şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sora əlavə ödənişli dərslər keçirilir. Bunun üçün də müəllimə əlavə haqq ödənilir.Vəssalam. Bunu da hamı kimi, Siz də bəyənirsiniz.

İkincisi, Rusiya hələ də, dünyada iki fövqəlgüclərdən biri sayılır və biri olmaqda davam etməkdədir. Bu isə məhz elə elmin və təhsilin inkişafı sayəsində əldə olunub. Müəyyən geriləməmələri isə rus ictimaiyyəti və hətta yuxarı dairələr qərb təhsilinə inteqrasiyada görməyə başlayıblar və bu sahədə ölkədə qızğın debatlar gedir. Hansısa qərb ölkəsində, hansısa valideynin repetitrluğa nə qədər pul xərcləməsinə dair gətirdiyiniz və qabaqcıl təcrübə kimi təqdim etdiyiniz nümunələrin isə mətləbə heç bir dəxli yoxdur. Varlığa nə darlıq deyiblər. Bizim məktəb ola-ola boğazımızdan kəsib uşaq oxutmağa halımız yoxdur.

Üçüncüsü, bizim dərslik müəlliflərimizin “geri qalmış Rusiyanın” dərsliklərindəki “Obşaqa”, “Tusovka”, “Juk”, “Taçka“ kimi ifadələri nümunə gətirib, dərsliklərimizə jarqon və bayağı ifadələr daxil edəndə niyə bir ekspert kimi səsinizi ucaltmadınız, hər hansı bir münasibət bildirmədiniz? Halbuki dərslik problemi təhsilimizin repetitorluqdan daha çox yaralı yeridir.

Əgər hesab edirsinizsə repetitorların fəaliyyətini qadağan etmək yox, nizama salmaq lazımdır, şəxsən mən repetitorluğun ləğvinə dair mühakimə yürütməmışəm, buna mənim heç səlahiyyətim də çatmır, və tam əmin və arxayın ola bilərsiniz ki, mənim istəyim olsa belə, mənim sözümlə repetitorluq ləğv olunan deyil. O ki, qaldı problemin həlli üçün özəl sektorun miqyasının genişləndirilməsinə dair Sizin təklifinizə bunu da mən real saymıram. Çünki, biz hələ ki, özəl sektoru ailə podratı kimi başa düşür və dədə mülkü kimi idarə edirik. Belə ailə məktəblərinin və universitetlərin sayı isə ölkəmizdə kifayət qədərdir. Parnik effekti ilə bar verən ağacın meyvələri ilə genefondumuzu dəyişməyin nəticələrini isə bir müddət sonra daha aydın və dolğun hiss edəcəyik Buna tam əmin ola bilərsiniz.

Nadir İsrafilov, təhsil eksperti
Bolgexeber.com