BolgeXeber.Com » Analitika » Biz “azəri” deyilik...

Biz “azəri” deyilik...

21-10-2015, 10:31
Oxunub: 4 592 Biz “azəri” deyilik...Firudin Cəlilov: “Gərək alimlər müəyyənləşdirsin ki, Azərbaycan türkü, azər türk adlandırılaq, yoxsa ümumiyyətlə, azər sözünü işlətməyək”

Azərbaycanın həll edilməmiş məsələlərindən biri də milli kimliklə bağlıdır. Hətta “bir millət iki dövlət” dediyimiz qonşu Türkiyədə Azərbaycan türklərini “azəri” kimi təqdim edirlər. Ancaq danılmaz fakt odur ki, biz türkük. Bəs əslində necə adlandırılmalıyıq? Azərbaycanlı türkü, yoxsa sadəcə olaraq, türk?

Hamıya bəllidir ki, Azərbaycan ərazi adıdır, millət adı deyil. Bizim azərbaycanlı adlandırılmağımız SSSR-nin böyük təxribatlarından biri idi və bir çox türk millətlərinin adını dəyişdirməklə insanlara milliyyətlərini unutdurmaq istəyirdilər. Artıq bir çox vətəndaşlar Türkiyənin bizi “azəri” adlandırmasını milli qürur məsələsinə də çevirib.

Azərilər əslində İran ərazisində yaşayan, köçəri bir tayfadır. Bu üzdən bizim “azəri” adlandırılmağımız qətiyyən doğru deyil...

Keçmiş təhsil naziri, türkoloq-alim, filologiya elmləri doktoru Firudin Cəlilov bütün bəlanın azərilərin fars mənşəli bir tayfa olduğu düşüncəsindən irəli gəldiyini dedi: “Bu elmi bir məsələdir. Avropalılar, ingilislər də bu cür yazır. Bütün bəla azərilərin fars mənşəli bir tayfa olduğu düşüncəsindən irəli gəlir. Axı bunu kim sübut edib ki, azəri fars mənşəli bir tayfa olub. Onu yalandan ortalığa atıb fırladırlar. Ona görə də bu bir az qəliz, elmi bir məsələdir. Gərək alimlər müəyyənləşdirsin ki, Azərbaycan türkü, azər türk adlandırılaq, yoxsa ümumiyyətlə, azər sözünü işlətməyək.

Mütəxəssislərin oturub bir qərara gəlməsi lazımdır. Bu qərar olmadıqca bu cür narazılıqlar olacaq. 1936-cı ilə qədər bizim pasportlarda milliyyət türk yazılırdı. Biz də parlamentdə qərar qəbul etdik ki, 1936-cı ilə qədər şəxsiyyət pasportlarda millətin, dilin adı necə türk yazılıbsa, indi də elə olsun. Hətta o vaxt mən dərsliklərin üstündə də türk dili yazdırırdım. Sonradan bunu ləğv etdilər. İlk öncə özümüz qərar verməliyik ki, bizi necə adlandırsınlar, sonra Türkiyədən və digər dövlətlərdən bizə elə müraciət edilməsini istəməliyik. Azərilərin fars mənşəli, hətta qaraçı tayfası olduğu yazılır, deyilir. Ancaq 1925-ci ildə farsların hakimiyyətə gəldiyi gündən bunu ortalığa atıblar. Bunu da Anadoludakı türklərlə Azərbaycandakı türkləri bir-birindən ayırmaq üçün ediblər. Tarixdə farslarda azəri adında tayfa yoxdur. Azər, Xəzər bunlar eyni sözlərdir və qədim türklərdir. Məsələn, türkmənlər bizə azərbaycanlı demir, xəzərbaycanlı deyir”.