BolgeXeber.Com » Analitika » 2 nazir və 3 komitə sədri təlaş içində - seçki bitdi, “vurulmalar” başlayır

2 nazir və 3 komitə sədri təlaş içində - seçki bitdi, “vurulmalar” başlayır

2-11-2015, 19:28
Oxunub: 3 847 2 nazir və 3 komitə sədri təlaş içində - seçki bitdi, “vurulmalar” başlayırNoyabrın 1-də keçirilən parlament seçkilərindən sonra diqqət hökumətdə gözlənilən islahatlara yönəlib

Hələ bir neçə ay öncə seçkidən sonra hakimiyyətin bir sıra yüksək çinli məmurlarla yollarını ayıracağı proqnozlaşdırılırdı.

Qaynar.info-nun hökumətə yaxın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ilkin mərhələdə iki nazir və üç komitə sədri ilə yollar ayrılacaq. Belə ki, yaxın vaxtlarda işsiz qalacaq nazirlərdən biri Heydər Əsədov ola bilər. Onun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir.

Səhiyyə naziri Oqtay Şirəliyevin də “vurulacağı” yönündə iddilar var. Bildirilir ki, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi nəzərdə tutulub. Amma bu təklif hökumət daxilində kifayət qədər dəstəklənmir. Amma Səhiyyə Nazirliyi qalacağı təqdirdə də, ona yeni nazirin rəhbərlik edəcəyi şübhə doğurmur.

İslahatlar dalğasının “vuracağı” iri məmurlardan biri də Ramiz Həsənovdur. Belə ki, onun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv olunması, səlahiyyətlərinin isə İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcəyi nəzərdə tutulub.

Ləğv olunacaq başqa bir qurum isə Diasporla İş üzrə Dövlət Komitəsidir (DİDK). Komitənin səlahiyyətləri Xarici İşlər Nazirliyinin tabeliyinə həvalə olunacaq. Bununla da DİDK sədri Nazim İbrahimov işsiz oliqarxların sırasına qoşulacaq.

Həmçinin Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev də gözlənilən islahat dalğasında “vurulacaq” məmurlardan biri olaraq göstərilir. Saytımıza daxil olan məlumatda deyilir ki, yaxın vaxtlarda DGK-nin də ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur.

Məlumatda həmçinin deyilir ki, bu ilin əvvəlindən ölkə iqtisadiyyatında müşaiyət edilən mənfi tendensiyalar – neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində Azərbaycanın gəlirlərinin kəskin azalması, manatın devalvasiyası hökumətin tərkibinin mümkün olduğu qədər kompaktlaşdırılmasının, bunun nəticəsində onun çevik fəaliyyətinin təmin edilməsini, şəffaflıq və hesabatlılığın artırılmasını, büdcə vəsaitlərinə qənaət olunmasını qaçılmaz edib. Elə hökumətdə nəzərdə tutulan islahatlar da həmin zərurətin nəticəsidir.

İlin sonunadək yuxarıda haqqında danışılan reformların gerçəkləşəsəyi, 2016-cı ilin əvvəllərindən isə daha bir neçə nazirlik və dövlət komitəsi ilə bağlı lığvetmə, yaxud birləşdirilmə qərarlarının qəbul olunacağı gözlənilir.