BolgeXeber.Com » Analitika » Xidmət etməkdən məhrum edilən xidmət sahəsi

Xidmət etməkdən məhrum edilən xidmət sahəsi

3-11-2015, 19:59
Oxunub: 3 666 Xidmət etməkdən məhrum edilən xidmət sahəsi“Dünənlə bu gün arasında savaş olarsa, sabahı itirərik”

Təhsil eksperti Nadir İsrafilov Bolgexeber.com-a növbəti məqaləsini təqdim edib:

İnsanın ömrünün yarısını mübahisələrdə keçirəcək qədər zamanı yoxdur... Avraam Linkoln
Bəşər övladı özünü dərk etməyə başladığı vaxtdan “ birinci toyuq yaranıb, yoxsa yumurta”, sualı üzərində baş sındırıb. Xeyli sonralar belə məlum olub ki, yumurta qabığı ancaq toyuqların yumurtalarındakı proteindən hazırlana bilər. Bu versiyanı irəli sürınlərin fikrincə deməli, toyuq birinci yaranıb. Təkamül nəzəriyyəsini elm dünyasının gündəminə gətirən Çarlz Darvinin hipotezasına isə bir müddət keçdikdən sonra, heç bir elmı izaha və təcrübəyə əsaslanmayan elm dünyasının ən böyük yalanı kimi qiymət verənlər də oldu. Sən demə darvinizm bir nəzəriyyə kimi o dövrdə dinsiz cərəyan olan materialistlərin dəstəyi ilə möhkəmlənibmiş.
19-cu əsrdə pik zirvəsinə yüksələn materialist, idealist, pozivitist, determinist cərəyanları dövrümüzə qədər əks qütblərin qarşıdurmasını səciyyələndirib, nəzəri spekulyativliyi gücləndirib. Materiyanın və ya şüurun birinci olması, siyasətin yoxsa iqtisadiyyatın həll edici rol oynaması, maddiyyat olmalıdır ki, yeni insan tərbiyə olunsun, yoxsa yeni insan tərbiyə olunmalıdır ki, maddiyat təmin olunsun kimi suallar zaman-zaman mübahisə obyektinə çevrilərək, ideoloji mübarizənin xarakterik xüsusiyyətlərinə çevrilib. Artıq, plüralizm şəraitində mübahisə etmək üçün, hər hansı bir fikir irəli sürmək və ya hansısa polemikaya qoşulmaqdan ötrü materalist və ya idealist olmaq, hansısa cərəyanın və ya sistemin tərafdarı, yaxud əleyhdarı mövqeyindən çıxış etmək öz əvvəlki qüvvəsini itirib.
Allah kompüteri kəşf edənın, internet şəbəkəsini yaradanların atasına rəhmət eləsin. Saatlarla kompüter qarşısında günümüzü keçirərək hansı ölkədə nə baş verdiyindən, hətta kimin belə nə dediyindən və etdiyindən dərhal xəbər tuturuq, dünyada gedən proseslərə anındaca münasibət bildiririk, əməllərimizdə onu bu və ya digər şəkildə təqlid edirik. Məsələn, dünyanın bir çox ölkəsi Halloween adlanan “Ölülər və Cadugarlar” bayramını qeyd edir, elə isə biz niyə etməyək? “Müqəddəs Valentin” bayramı və s. də elə bunun kimi. Nə demək olar, qlobalaşma dövrünü yaşayırıq, nüasirləşirik, dünyada gedən proseslərə biganə qala bilmirik. Nə isə. Deyəsən, bir az məqsədimdən uzaqlaşdım. Elə isə keçək mətləbə.
Yəni, təhsilimiz də zaman-zaman mübahisəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç də xali olmayıb.Uğurlarımız uğursuzluqlarımızla paralel inkişaf edib. Uğurlarımızı qəbul etmişık, uğursusluqlarımızda səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırmışıq. Bir qismimiz uğurları, digər qismimiz qüsurları qabartmışıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən də təhsil verənləri hədəfə almışıq. Təhsilə tətbiq olunan və müasir hesab edilən yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlib. Kimlərsə, artıq zamanın sınaqlarından çıxmış təhsil ənənələrimizi qoruyub saxlamağı və tədricən inkişaf etdirməyi, kimlərsə tərəddüd etmədən qərb təhsilinə inteqrasiya etməyi inkişafın əsas amili hesab edib və etməkdədirlər.
Son zamanlar təhsilimiz xarici texnologiya və innovasiyalardan o qədər təcrübə idxal edib ki, hətta təhsilin hansı formasını seçəcəyimizlə bağlı çaşıb qalmışıq. Fərdi təhsil, fasiləsiz təhsil, formal təhsil, açıq tipli təhsil, əlavə təhsil, elitar təhsil, distant təhsil, informal təhsil, öz-özünə təhsil, sərbəst təhsil, valeoqolik təhsil-bunlar hələ hamısı deyil. Digər tərəfdən müəllimlərə köməkçi verilməsi, məktəb direktorlarının idarəetmə prosesində menecer xidmətinə ehtiyaclarının olması, metodistlərin mentorlarla əvəzlənməsi, şagirdlərə ev tapşırığının qadağan edilməsi və ya kompüter vasitəsilə icra olunmasl, əllə yazının ləğv edilməsi və digər bu kimi təklif və təşəbbüslərin nə intervalı nə də ki, limiti var. Gətirdiyimiz yeganə arqument də ondan ibarətdir ki, dünyanın filan ölkəsində belə bir çey var.
Gəlin, hələ bir baxaq görək bu mentorluq deyilən şey nədir, kimlər mentor ola bilər? Sən demə yunan mifiologiyasından götürülmüş, 17-ci əsrin sonlarından bir termin kimi ışlədilən bu ifadə daha təcrübəli və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir adama bələdçilik etməsi üçün yradılmış şəxsi inkişaf əlaqəsidir və dünyanın bir çox ölkələrində belə qənaətə gəlinib ki, əgər yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var. Kəsəsi, mentor müəllimə ən müasir məslələrdə metodik dəstək ola bilən təhsil işçisidir. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar.
Bu mentorluq ideyası mənə sanki, “özümüzə umac ova bilmirik, başqasına əriştə kəsirik” el məsəlini xatırlatdı. Guya, müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edəcək. Halbuki, müəllimlərin tədris prosesində təlimdən əldə etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə qarşılaşmasını qarşılamaq üçün ölkəmizdə uzun illərdən bəri metodist institutu formalaşdırılıb və bu metodistlərin Respublikamızda sayılıb-seçilən müəllim ordusunun yetışməsində əvəzsiz xidmətləri də danılmazdır.
Respublikanın 70-dən artıq şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz fəaliyyət göstərib.Bu metodik kabinetlər və Metodik Mərkəzdə 700-dən artıq metodist və 100-dən artıq texniki işçı calışıb. Bir vaxtlar “öyrədənlər” adlandırılan metodistlərin günahı nə oldu ki, birdə-birə onların tədqiqatçılıq, yaradıcılıq, istiqamətvericilik fəaliyyətini məhdudlaşdırdılar, “inspektor”ları “məsləhətçi”yə çevirərək məsləhət verməli olanları məsləhət vermək hüququndan məhrum etdilər. Məktəblər metodistlərin üzünə qapadıldı.
Metodik kabinetlərə və Metodik Mərkəzə bir növ “cərimə batalyonu” kimi baxıldı.Təhsildə “başdan edilməli” kateqoriyasına daxil edilənlər 0,5 və hətta 0,25 ştat vahidi ilə bu mərkəzlərdə yerləşdirildi. Yalnız müəyyən “imtiyazları” olan metotodistlərin kiçık bir qismı məktəblərdə yarım stavka dərslə təmin olunmaq şərəfinə nail ola bildi. ”Qara məni basınca, qoy qaranı mən basım “ prinsipi ilə “Metodiki işin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında “ imitasiya xarakterli kolleqiya iclası isə Mərdanovdan qalma xatirədən başqa bir işə yaramadı.
Halbuki, xüsusilə müəllim peşəsi üçün son dərəcə zəruri olan metodik xidmətin təşkili sahəsində mövcud təcrübəyə əsaslanaraq zamanın tələblərinə cavab verə biləcək, nisbətən məqbul variantın müəyyənləşdirilməsinə, metodik xidmətin səmərəli təşkili üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, metodik xidmət sahəsinin normativ-hüquqi bazasının yaradılması, bu qurumların ixtisaslı, yaradıcı, peşəkar kadrlarla möhkəmləndirilməsinə, metodiki sahəyə diqqət və qayğının gücləndirilməsinə ehtiyac duyulurdu
Əgər, dünya təcrübəsinə istinad ediriksə, metodiki xidmət bütün ölkələrdə bu və ya digər formalarda tətbiq edilib və edilməkdədir. Deyək ki, məsələn ABŞ və Avstraliyada Kurikulum Departamentləri, Hollandiyada Qiymətləndirmə Mərkəzləri, qonşu Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri və s. bilavasitə ölkə və şəhər səviyyəsində metodiki xidmətin təmin olunmasına yönəlmişdir.
Qayıdaq nəyin birinci olması məsələsinə.Təhsilimiz aşağıdan zəif gəlir, yoxsa yuxarıdan zəif gələnlər aşağidakıları zəifləşdirir? Başqa sözlə, daha dəqiq desək keyfiyyətlə bağlı təhsilimizə problem yaradan zəif müəllimlərdir, yoxsa zəif yetşən şagirdlər? Məntiqə görə nəzərə alsaq ki, şagirdləri yetşdirən bilavasitə müəllimdir, və mülimlərimizi ustadımız kimi qəbul edirik, deməli müəllimdən nəsə ummağa haqqımız var. Bu mənada müəllimin hazırlıq səviyyəsi onun simasnı müəyyən edir. Deməli, müəllimə daim xidmət göstərilməli və xidmətləri müqabilində qiymət verilməlidir. İstəyiriksə bunu metodiki xidmət adlandıraq, istəyiriksə mentorluq xidmətı. Adın nə fərqi var ki... Şekspir demiş, qızılgül öz gül qoxusunu verir, istəyirsən onu qızılgül adlandır, istəyirsən yox.
Bəlkə, hesab edirik ki, heç bu quruma elə də bir ehtiyac yoxdur? Nə də olmasa kompüter əsrində yaşayırıq. Müəllimlərimiz özünütəhsil yolu ilə virtual aləmdən yararlanaraq, təlimlərə, kurslara, treninqlərə cəlb olunmaqla da öz metodiki hazırlıqlarını təmin edə bilər, nəzəri və praktik biliklərə yiyələnərlər. Elə isə, təhsilin idarəetmə sistemində xüsisi çəkiyə malik olan bu strukturu niyə saxlayırıq? Suallar çoxdur, cavab verən isə hələ ki yox.
Nə deyirik, əgər ömür vəfa etsə, bəlkə bu mentorluq fəaliyyətinin də nə olduğunu və təhsilimiz üçün hansı nəticələr verəcəyini görə bildik. Işdir-qəzadır görmək qismətimiz olsa belə, heç olmasa bu xidmət növü bizə şou-biznesimizdəki prodüsser xidmətini xatırlatmasın.