BolgeXeber.Com » Analitika » Məmurlar pullarını niyə kabinetlərində saxlayır?

Məmurlar pullarını niyə kabinetlərində saxlayır?

24-11-2015, 10:48
Oxunub: 3 076 Məmurlar pullarını niyə kabinetlərində saxlayır?Həbs edilən MTN generalı Akif Çovdarov haqda əvvəl heç kim heç bir tənqid işlətmirdi

Sirr deyil ki, Azərbaycanda imkanlı məmurlar pullarını müxtəlif üsullarla saxlayır və gələcəklərini bu pulla güvənə alırlar. Elə məmur-oliqarxlar var ki, kapitalının müəyyən hissəsini ölkə iqtisadiyyatına yönəldir, bəziləri xarici ölkələrdə daşınmaz əmlaka qoyur, bəziləri də xüsusi otaqlarda, kimisi isə yastıq altında saxlayır.

Bolgexeber.com musavat.com-a istinadən bildirir ki, bir neçə ay əvvəl redaksiyamıza nazirlərdən birinin uzun müddətdir öz pulları və qiymətli əşyalarını xaricdən gətirdiyi, yalnız özünün bildiyi xüsusi bir firmanın tikdiyi otaqda saxlaması haqda ilginc məlumat daxil olmuşdu. Məlumatda deyilirdi ki, həmin bağ evinin içərisindəki otaq o qədər ideal və möhkəm konstruksiya ilə tikilib ki, nə yana, nə təbii fəlakətdə zədələnə bilər. Yəni faktiki, bir bunker. Bu bunkerin ən müasir texnologiya ilə qorunması da təşkil edilibmiş. Amma o nazirin adı indiyədək açıqlanmayıb.

Bir neçə gün əvvəl isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından tapılan xəzinə bu cür məlumatların gerçəkliyi əks etdirdiyini və məmurların gizli otaqlarının, bank hesablarının olduğunu bir daha ortaya qoyub. İş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyirmi beşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saat, ona qədər qızıl, brilyant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əsginazlar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.

Maraqlıdır, nəyə görə məmurlar xalqdan oğurladıqları pullarla hansısa yatırım edib pulunun üstünə pul qoymaq əvəzinə, onu kabinetində, "yastıq altında" saxlamağı üstün tuturlar?

Psixoloq Dəyanət Rzayev bu cür insanların heç nədən qorxmadığını və özlərini hər şeyə qadir Allah hesab etdiklərini dedi: "İnsan bu dünyada nəyə görəsə yaşayır. Bir çox insanlar heç vaxt ölüm haqda düşünmürlər. Onlar cah-cəlallarının əbədi olacağını güman edirlər. İnsan o qədər özünü arxayın hiss edib, düşünür ki, vəzifədədirsə, ona heç kim heç nə edə bilməz. Buna görə də o bu arxayınçılıqla oğurladığı qızılları, pulları kabinetində, evində çox rahatlıqla saxlayır. Bu hələ həbs olunan məmurların kabinetindən çıxanlardır. Həbs olunmayanların nə qədər pulları var, bunu bilmirik. Adicə orta ranqlı məmuru, məsələn, hansısa nazirlikdəki şöbə müdirini götürsək görərik ki, onun özünün və övladlarının olduqca bahalı maşınları var. Maaşla insan ailə dolandırıb maşınlar ala bilər? Yox təbii ki. Ümumiyyətlə, mən elə bir adam tanımıram ki, vəzifədə olsun və təmiz yaşasın. Məncə, rüşvəti rəsmiləşdirmək lazımdır. Hansısa dükanlarda adamlar bir-iki manat vergidən yayınanda o dəqiqə həmin adama cinayət işi açır və dərisini soyurlar. Amma həmin mağaza sahibindən rüşvət alan məmura cinayət işi açılmır. Buna görə məmurlar heç nədən və heç kimdən qorxmur. Onlarda çəkinmə, vicdan yoxdur. Nə qədər rahat, vicdansız insan olasan ki, insanlardan oğurlayasan və oğurladıqlarını da kabinetində saxlayasan. Məmurların 99 faizi bu cürdür. Son həbslərə görə qorxuya düşüb nələri varsa satırlar. Onların pulları xalqdan oğurladıqları pullardır. Bu insanların psixologiyaları da qəribədir, onlar heç nədən qorxmur, özlərini hər şeyə qadir Allah hesab edirlər. Onlar elə düşünürlər ki, pulları varsa, yerişləri belə dəyişilməlidir. Amma düşünmürlər ki, onlar bunun hesabını, bu dünyada olmasa da o biri dünyada verəcəklər. Diqqət etsək, bir çox məmurların balalarının əqli çatışmazlığı olduğunu, pullarını ora bura sovurduğunu görərik. Onların kabinetində tapılan pullar yuxarılara ötürməli olduqları pullardır. Buna görə də rahatdırlar. Həbs edilən MTN generalı Akif Çovdarov haqda əvvəl heç kim heç bir tənqid işlətmirdi. Bizim millətdə qorxu var. Bu da çox pisdir. Qorxu ilə insan yaşaya bilməz".

Məmurların kabinetində saxladıqları pulları, qızılları nəyə görə onlara gəlir gətirəcək bir yatırıma qoymaması səbəbinə gəlincə, iqtisadçı ekspert Qadir İbrahimli bu pullar çirkli olduğu üçün onunla hansısa bir yatırım etməyin həmin məmur üçün təhlükəli sayıla biləcəyini dedi: "Hər kəsə məlumdur ki, məmurların otaqlarında tapılan pulların, qızılların mənbəyi kriminal xarakterlidir, yəni o pullar çirkli pullar sayılır. Onların bu pulları açıq formada hansısa biznes layihəsinə yatırmaq şansları yox idi. Həm də bu bir qədər təhlükəli hesab edilə bilərdi. Azərbaycan biznesinin bir sıra problemləri var ki, bunlar mülkiyyət toxunulmazlığının, kapitala təminatın olmaması həmin məmurları məcbur edib ki, onlar oğurladıqları pulları sandığında saxlasınlar, nəinki hansısa biznes layihəsinə yatırmaq".