BolgeXeber.Com » Analitika » Azərbaycan broylerləri bizə nə yedizdirir? - Araşdırma

Azərbaycan broylerləri bizə nə yedizdirir? - Araşdırma

7-04-2012, 11:45
Oxunub: 6 180 Broyler toyuqlarının zərərli olması haqda tez-tez məlumatlar yayılır.

Budəfəki şok açıqlama isə İstanbul Universitetinin Tibb Fakültəsinin Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdardan gəldi.

Y. Dizdar Türkiyənin “Vatan” qəzetinə müsahibəsində dünyanı bürüyən xəstəliklərin səbəblərini açıqlayıb. O, xərçəng xəstəliyinin əsas səbəblərindən birinin broyler toyuqları olduğunu söyləyib. Onun sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir: “Buraxsanız belə tərpənmirlər, əlinizə aldığınız zaman sümükləri qırılır. Bu, inanılmaz vicdansızlıqdır. Bunu kəsimdə çalışan dostum danışıb. 1,7 kilo yemlə 1 kilo toyuq əldə edirlər. Çox insan sağlam qidalanmaq üçün ancaq toyuq əti yeyir. Sonra da görürük ki, hər gün bir gənc qadın döş vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bu xərçəngin yaranma səbəbi toyuqlardan alınan bəzi hormonlardır”. Y.Dindar həmçinin deyib ki, yaxın dostunun 10 yaşındakı qızının ayaqları tüklənməyə başlayıb: “Həkimlərdən dəqiq diaqnoz almadıqları üçün valideynləri uşağa nə yedirtdiklərinə diqqət ediblər. Gəldikləri nöqtə yumurta olub. Hər gün bir yumurta yeyən uşağa yumurtanı vermədikdən sonra tüklənməsi keçib. Sonra orqanik yumurtadan (kənd yumurtası) istifadə etməyə başlayıblar”. Mütəxəssis bildirir ki, gündə iki-üç dəfə yumurtlada bilmək üçün toyuğa mütləq bir şey olunmalıdır. Təbii yolla toyuq bu qədər yumurtlaya bilməz.

Dünyanın bir neçə ölkəsində olduğu kimi, Azərbaycanda da broyler toyuqlarının geniş şəkildə satışı həyata keçirilir. Vəziyyətin təhlükəliliyi barədə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu günədək broyler təsərrüfatında dövlət nəzarət tədbirləri zamanı ciddi problem aşkarlamayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, bu müəssisələrdə yemlənmə, yemin tərkibi, vaksinasiya məsələləri yoxlanılır: “Standartın tələbinə görə, kəsilmiş toyuq ani dondurma prosesindən keçir və bu zaman onun tərkibindəki vitaminlər, zülallar və digər komponentlər ölmür. Bundan başqa, komitənin tərkibində təcrübə sınaq mərkəzinin laboratoriyasında mikrobioloji parametrlər, ağır metalların faiz göstəriciləri və s. yoxlanılır, məhsulda patogen orqanizmlərin varlığı araşdırılır.

Və sonda uyğunluq sertifikatı verilir. 500 qramdan aşağı olan cücə əti satışa çıxarıla bilməz. Toyuq ətinin boyun hissələri qısa kəsilməlidir, 2-3 fəqərə uzunluğunda olmalıdır, boyun dərisi çıxarılmalıdır. Donmuş broylerlərin müvafiq temperaturlarda müəyyənləşmiş saxlama rejimi var”.

Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev də bu sahədəki vəziyyəti qənaətbəxş sayır. Bunu da dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi ilə əlaqələndirir. “İstehsal çoxalıb. 2011-ci ildə 83, 880 ton broyler istehsal olunub. İndi quş əti ilə əhali tam təmin olunur. Heç bir ehtiyac olmasa da, idxal da var. Doğrudur, yem problemimiz mövcuddur. Məhsulun maya dəyərinin 65 faizini yem və yem əlavələri təşkil edir. Yemin 85-90 faizi idxal olunur. Bizdə hazır yemi istehsal etmək üçün texnologiya yoxdur. Həm də bu dövlətlik deyil. Təşəbbüsü sahibkarlar etməlidir. Qeyri-rəsmi ödənişlərdən isə söhbət belə gedə bilməz”.

Amma Milli Kulinariya Mərkəzinin prezidenti, baş kulinar Tahir Əmiraslanov çox az müddətdə böyüyən toyuqların ətini yeməyi yaxşı qarşılamadığını vurğulayır. Onun sözlərinə görə, quşların öz böyümə müddəti var və onlar təbii məhsulla qidalanmalıdırlar. “Ancaq bizim fabriklərdə bu şərtlərə nə qədər əməl olunduğunu yoxlamaq lazımdır. Elə fabriklər ola bilər ki, burada cücələrə təbiətdə qidalanacağı yemlər verilir. Yəni, arpa, buğda, darı, ot, soxulcan və s. Elə fabrik də ola bilər ki, burada cücələrə geni dəyişdirilmiş yem verilsin. Yaxud o yemə hormonal preparatlar qatılsın. Bircə bildirçin ətini kimyəvi yolla böyüdə bilmirlər. Mən tövsiyə edərdim ki, alıcılar kənd toyuqları alsınlar. Onun əti bərk olur, amma broyler toyuğu onun dadını heç vaxt verə bilməz”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, onların apardıqları tədqiqatlar zamanı xarici və yerli broyler toyuqlarına genetik modifikasiya olunmuş komponentlər, soya jımıxları verilməsi aşkar edilib. Azərbaycanın qanunvericiliyi heyvan yemləri üçün genetik modifikasiya olunmuş məhsulların, yəni yemlərin gətirilməsini qadağan etmir. Bu qidalar isə əsasən Argentina, Kanada, Rusiya və s. ölkələrdən gətirilir: “Azərbaycan broylerləri dünyanın az broylerlərindən biridir ki, qoxusundan yaxınlaşmaq mümkün deyil. Digər ölkələrin broyler toyuqlarında belə qoxu yoxdur. Quş peyinləri kimyəvi olaraq neytrallaşdırılır və gübrə kimi istifadə olunur. Azərbaycanda bu məsələ də həll olunmamış problem kimi qalır. Ümumilikdə isə bizdə broyler sənayesində şəffaflıq yoxdur. Baytarlıq dərmanlarının qalıqları məsələsi diqqətdə saxlanılmalıdır”.

E.Hüseynov bazarda kənd toyuğu kimi satılan quşlardan da danışdı: “Bu gün bazarda kiçik çəkili quşların satışını görürük. Üstəlik, bu toyuqları istehlakçıya kənd toyuğu kimi təqdim edirlər. Əslində bunlar ölmüş, antisanitariya şəraitində kəsilmiş quşlardır. Təəssüf ki, broyler sənayesində bu kimi problemlər yaşanır. Vətəndaşlara üzümü tutub deyirəm ki, üzərində istehsal tarixi, istehsalçının adı, ünvanı olmayan məhsulları almaqdan imtina etsinlər. Çünki, bizə belə məlumatlar gəlir ki, o toyuqları kimyəvi üsullarla saxlayırlar deyə, onların rəngi yaxşı olur və s.”. Onun sözlərinə görə, hələ ki, GMO-nun tədqiqi üçün Azərbaycanda nə labarator şərait, nə də mütəxəssis var”. Bu sahədə təkcə meyvələrin yoxlanması üçün laboratoriya yaradılıb. Ancaq onların bu vaxtadək gördüyü işlərdən ortalıqda heç nə yoxdur.

Birlik sədri genetik modifikasiya olunmuş məhsulların açıqlamasını belə izah edir: “Genetik modifikasiya olunmuş məhsullarla yüksək məhsuldarlıqlı bitkilər əldə etmək, bununla da guya bəşəriyyəti aclıqdan qurtarmaq mümkündür. Məsələn, suya dözümlü buğda yetişdirmək üçün əqrəbin genini buğdaya yerləşdirirlər, yaxud pomidorun məhsuldarlığını artırmaq üçün ona donuz geni vurulur”.

Məlumat üçün deyək ki, broyler ətlik istiqamətdə böyüdülən toyuqlar adlanır. Təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunsa da, broyler toyuqları 5 həftə içərisində 1 kilodan çox çəkiyə sahib olurlar. Bu zaman toyuqlar dayanmadan yemlənirlər və demək olar ki fəaliyyətsiz saxlanılırlar. Bir qayda olaraq broyler toyuqları ağ lələklərə və sarımtıl dəriyə sahibdirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox əlverişlidir. Çünki təbii yolla böyümüş toyuqların yonulduqdan sonra həm də ütülməyə ehtiyacı yaranır. Toyuqlar kəsilən kimi -20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.

kaspi.az