BolgeXeber.Com » Analitika » Adamları diri-diri yandıran kreditlər...

Adamları diri-diri yandıran kreditlər...

26-11-2015, 10:11
Oxunub: 3 587 Adamları diri-diri yandıran kreditlər...“Odlu kreditlər”in son illər ərzində nə qədər can aldığının statistikası tutulmur

Daha bir vətəndaşın özünə od vurduğu xəbəri yayılanda hələ təfərrüatlar bəlli olmamış “Yəqin banka borcu olub” versiyası havada dolaşdı.

Versiya doğru çıxdı - 35 yaşlı Malik Hüseynov kreditə götürdüyü avtomobilin pulunu ödəyə bilməyib. Güzəran üçün alınan kreditlər taleləri bankrot etməkdə davam edir.

“Odlu kreditlər”in son illər ərzində nə qədər can aldığının statistikası tutulmur. Ancaq fakt odur ki, bu faciələr get-gedə adiləşir və əvvəlki nəsillərdə dəhşət qarışıq təəccüb hissi yaratmaqda davam etsə də artıq yeni nəsil - vəhşi kapitalizmin formalaşdırdığı gənclər üçün ictimai formasiyanın az qala atributu kimi qəbul olunmağa başlayır.

Axı hətta deputatlar da deyirdilər ki, kapitalizm bir dənizdir, “üzməyi bacarmayanlar” sağ qalmayacaq.
Adamları diri-diri yandıran kreditlər...

Mən isə müasirimiz olan böyük yazıçı Fazil İsgəndərin hələ 1965-ci ildə yazdığı cümlələri xatırlayıram: “Həyat sağ qalmaq uğrunda mübarizədirsə, burada vicdan tamamilə gərəksizdir”.

İnsanları bir tikə çörəkdən asılı edən indiki qlobal quruluşda nə vicdana, nə mərhəmət hissinə, nə həmrəyliyə yer ayrılıb. Uğur və ya uğursuzluğun etalonu pul və istehlakın həcmi sayılırsa, “insan insana canavardır” prinsipi də öz ali hüququna yüksəlmiş olur.

Adamları diri-diri yandıran kreditlər...


Vəziyyət isə acınacaqlı olduğu qədər də təhlükəlidir, çünki sosial gərginliyi permanentləşdirir. Deputat Vahid Əhmədov məhz bu təhlükəni nəzərə alaraq problemli kreditləri bağışlamağı təklif edir.

Əslində bu, kapitalizmin “müqəddəs” qalasına - banklara hücum etməkdir. Odur ki, banklar unison olaraq bu təklifi rədd edir, heç müzakirə açmağa belə ehtimal yeri qoymurlar. Eyni zamanda deputatın təklifi də çıxış yolu deyil, olsa-olsa palliativ taktikadır. Çünki borcları bağışlananlar dərhal yeni borclara girəcəklər.

İzah isə üzdədir. Əvvəla, kreditlər hansısa təbəqə üçün mövcudluğun son ümid yeridirsə, digərləri isə meşşan psixologiyasının sahibləri kimi artıq çoxdan “kredit iynəsi”nə oturublar. Bu ikincilər üçün yaşamın mənası istehlak imkanları ilə ölçülür, bu imkanı isə kreditlər vasitəsilə təmin edirlər.

Hələlik mənzərə bu cürdür: Azərbaycan vətəndaşlarının 38 faizinin banklara borcu var. Bu isə 3,7 milyon insan deməkdir. Orta hesabla hər borclu dörd bank qarşısında öhdəlik götürüb, çünki birinə krediti qaytara bilməyəndə digərlərinə üz tutur və bu cür “qüsurlu dövrə”ni öz əli ilə yaradaraq xilas olmağa çalışır. Xilas yolu isə yoxdur.

Aligyeri Dantenin “İlahi komediyası”nda cəhənnəmin qapıları üzərində yazılmış mətnin son cümləsini bankların üzərinə də yazmaq olardı: “Buraya daxil olan hər kəs ümidlərini çöldə tərk etsin”.

Bu borc konveyeri heç də həmişə borclunun meşşanlığı və tamahkarlığı ucbatından işə düşmür. Adamlar az deyil ki, onlar bank kreditlərinə yaşamaq uğrunda mübarizədə çıxdaş olmamağın son şansı kimi baxırlar.

Bankın binası qarşısında özünə od vuran Malik Hüseynov da onlardan biri sayıla bilər - yas mərasimi üçün avtomobili borca götürməklə ailəsinə çörək aparmaq istəyində olub. Və nə qədər ki kağız üstündə açılmış iş yerləri reallıqla rastlaşdıqda sabun qovuğu kimi partlayacaq, kreditə son ümid yeri kimi baxanların sayı artacaq ki, azamayacaq.
Adamları diri-diri yandıran kreditlər...

Ancaq baş verənlərdə banklar azmı günahkardır? Onlardan daha çox günahkar isə gecə-gündüz, 24 saat fasiləsiz qışqıran reklamlardır: “Faizsiz, sənədsiz, ilkin ödənişiz...”

Onsuz da mövcud quruluşun ənənəvi normaları təhrif etməsi, rasionallığın fantaziyalara, ümidsizliyin nağıla inanmaq ehtirasına aparıb çıxarması bəndələrdə soyuqqanlı düşüncəni yox edib. Onlar gözəl bir nağıla inanmaq istəyirlər - borc götürəcəklər və problemlərini həll edəcəklər.

Döyüşə yollanan heç bir əsgər oraya ölmək üçün getmir, əksinə, inanır ki, güllə məhz ondan yan ötəcək. TV-nin, mətbuatın, reklam şitlərinin formalaşdırdığı və reallıqdan tam uzaq olan, emosiyalara hesablanan, qışqıran mətn və roliklər onsuz da son 25 ildə analiz qabiliyyətini yadırğamız, “KİV faşizmi”nin qurbanına çevrilmiş, təbliğatın ideal istehlakçıya çevirdiyi fərdləri kütləvi psixoz vəziyyətinə salır. Və uşaqlıqda dinlədiyimiz nağıllardan fərqli olaraq bu nağılların sonu acıdır, qorxuludur.

Banklar kapitalizmin aortasıdır. Odur ki, bu vədlərin, yalanların, təbliğat və reklamların sonu olmayacaq. Əksinə, onlar get-gedə daha israrlı, daha sayrışan olacaqlar. Onlar toplumu çoxdan inandırıb ki, Yer cənnəti - istədiyini ala bildiyin supermarketdir. Əsas olanı buna inandırmaqdır, ardınca induktiv psixoz məntiqi klinik mənzərə kimi gələcək.

***
Adamları diri-diri yandıran kreditlər...

Əgər Azərbaycanın bir qütbünün simvolu özünə od vuran Malik Hüseynovdursa, digər qütbü “Şeyxin qudası” kimi tanınan deputat Qalib Salahzadədir. Bu iki qütblər günbəgün bir-birindən uzaqlaşır, aralarında isə keçilməz boşluq qalır.



Hüseynov özünü yandıran gün Salahzadə 6 milyon dollarlıq (o yan, bu yan ola bilər) iqamətgahını hansı pulla tikdirdiyinə aydınlıq gətirərək deyib: “Kişinin evi olar. Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Hamı yaxşı bilir ki, anamın atası varlı adam olub, ondan anama xeyli qızıl, pul qalıb. Bu baxımdan kasıb olmamışıq”.

Sovet dövründə babanın bu astronomik məbləği necə qazandığı və saxladığı nə qədər absurddursa, bundan da absurdu təbii ki, bir yox, bir neçə malikanəsi olan deputatın sözlərini qızıla və pula çevirəndə alınır. 6 milyon dollarlıq villa üçün 100-150 kiloqram qızıl satmaq lazımdır. Heç Əli İnsanovun və MTN generallarının evlərindən bu qədər qızıl çıxmayıb...

***

Beləliklə, qütblər formalaşıb...

Məmməd Süleymanov