BolgeXeber.Com » Analitika » “Xoşqədəmin ünsiyyət mədəniyyətinə əməl etməməsi...”

“Xoşqədəmin ünsiyyət mədəniyyətinə əməl etməməsi...”

28-11-2015, 13:47
Oxunub: 2 161 “Xoşqədəmin ünsiyyət mədəniyyətinə əməl etməməsi...”“O aparıcı çox əsəbidir, dözümsüzdür, ancaq öz iddiaları ilə yaşayır”
"Xoşqədəmin fikri “Səni axtarıram”a gedib, hələ də o proqramın əhval-ruhiyyəsindədir"


Pedoqoji elmlər doktoru, professor, tənqidçi Əjdər Ağayev moderator.az-ın suallarını cavablandırıb.

- Əjdər müəllim, dünən ANS kanalında “Deməsək olmaz” proqramında qonaq idiniz. Proqramda sizinlə bərabər qonaq qismində iştirak edənlər bu gün verilişin aparıcısı Xoşqədəm Hidayətqızı ilə bağlı ciddi narazılıqlar səsləndirir...

- Xoşqədəmin aparıcısı olduğu verilişə məni xüsusi olaraq dəvət etmişdilər. O verilişdə iştirak etməyə nə həvəsim, nə vaxtım var idi. Mənə televizya rəhbərliyindən zəng vurub xahiş edildi ki, təhsil mütəxəssisi olaraq verilişdə iştirak edim. Planımda olan işləri yarımçıq saxlayıb gəldim ki, görünür vacib məsələdir. Veriliş başlayandan sonra Xoşqədəmin ünsiyyət mədəniyyətinə əməl etməməsi, dəvət olunmuş insanlara hörmətsiz yanaşması, ümumiyyətlə qaldırdığı problemlərə bələd olmaması məni təəccübləndirdi. Əgər sən təhsildən danışırsansa mütləqdir ki, o sahəni araşdırasan, problemlərinin mahiyyətinə bələd olasan, elmini, metodikasını biləsən. Xoşqədəm küçə söhbətləri səviyyəsində 30 il əvvəlki təsəvvürlərlə danışır. Bu milyonluq auditoriya söhbətləri deyil. Ona görə də biz onun qaldırmaq istədiyi bəzi məsələlərə münasibət bildirmək istəyirdik. Məsələn, 12 illik təhsillə bağlı hərəyə bir cümlə dedizdirib, bəsdir, başqa suala keçirəm deyir. Axı belə olmaz, sən ekspert çağırmısansa mütləq məsələyə izah verilməlidir. Yaxud da, cənub zonasında məktəbli qızların erkən yaşda ailə qurması məsələsi qaldırıldı. Axı bu təhsil məsələsi deyil, bu sosial məsələdir, tamam başqa mövzudur. Xoşqədəmin fikri “Səni axtarıram”a gedib, hələ də o proqramın əhval-ruhiyyəsindədir. Verilişin əvvəlindəcə məndə təəssurat yarandı ki, Xoşqədəm təhsildən tam bixəbərdir, belə xəbərsizlik səviyyəsində də səviyyəli adamlarla da üz-üzə dayana bilmədi. Ona görə də çıxış yolunu “Bəsdir, mən sizinlə razı olmadım, tez o birisinə keçək” deməkdə gördü. Belə veriliş olmaz ki! Mən 35 il dövlət televiziyasında veriliş aparmışam, proqram müəllifi olmuşam və telejurnalistikanın bütün qaydalarını müəkəmməl bilirəm. Teleaparıcı ən yüksək mədəniyyət sahibi, gözəl ünsiyyət qura bilən adam olmalıdır və qaldırdığı problemi mükəmməl öyrəndikdən sonra ekspertlərlə üz-üzə gəlməlidir. O adamda bunların heç birini görmədim və təəssüf etdim ki, niyə o xahişlərə baxıb o verilişə getdim. Açıq şəkildə bildirirəm ki, bir də Xoşqədəmin apardığı hər hansı verilişdə iştirak etməyəcəm və arzu etmirəm ki, Xoşqədəm bundan sonra hansısa verilişi aparsın. Çünki verilişin səviyyəsi, qarmaqarışıqlığı az məlumatlı insanları çaşdırır. Mükəmməl insanlar zatən heç baxmırlar da o verilişə və haqlıdırlar da. Ancaq bəzi məlumatsızlar da elə bilirlər ki, elə Xoşqədəm düz deyir. Axı düz demir, onun yeniliklərdən, ölkənin nələrə nail olmasından, inkişafdan heç xəbəri yoxdur. Orada itən vaxtıma çox təəssüf etdim, belə bir səviyyəsiz verilişə hələ üç saat da vaxt ayırırlar. Bir insan ömründən keçən üç saata heyif deyilmi?! O zaman ərzində nə qədər faydalı işlər görmək olardı.

Bu üzdən də mənə verilişlə bağlı verilən məlumatı haqlı hesab edirəm. Düşünürəm ki, biz bu fikirlərimizlə televizya verilişlərinin səviyyəsinin yüksəlməsinə çalışmalıyıq, obyektiv fikirlərimizi söyləməklə baxımlılığını artırmağa kömək etməliyik. Hələ daha ciddi təhlil və tənqid etmək olar və düşünürəm ki, aidiyyati şəxslər həmin verilişi təhlil edib xanımın aparıcılıq səriştəsizliyini meydana çıxarıb ya onu təlimləndirib, maarifləndirib ünsiyyət mədəniyyətinə çatdırmalıdırlar, ya da o insan gərək bir neçə müddət veriliş aparmasın. Çünki çox əsəbidir, dözümsüzdür, ancaq öz iddiaları ilə yaşayır. Sanki o iddiaçıdır, qonaqları da müttəhim...

- Prezidentin fərmanı ilə iki ali təhsil ocağı birləşdirildi və bir çox ekspert bu fikri dəstəklədilər. Ancaq nədənsə indiyə qədər heç kim bu barədə danışmırdı, təklif vermirdi...

- Bu barədə rəsmiyyətdə danışılmayıb, saytlarda deyilməyib. Ancaq ümumiyyətlə pedoqoji toplantılarda, müzakirələrdə bu məsələ barəsində danışılırdı. Möhtəşəm və zəngin təcrübəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti var və müəllimlik hazırlığının flaqman universitetidir. Belə bir ali və yüksək universitet olduğu halda Müəllimlər İnstitutu çox kiçik görünürdü. Bu barədə söhbətlər çox olurdu, ancaq rəsmiyyətə çıxmırdı. Ona görə ki, Müəllimlər İnstitutu Pedaqoji kadrların ixtisasının artırılması institutunun bazasında yaradılmışdı və fəaliyyətinin bir hissəsini də ixtisasartırma və yenidən hazırlanma təşkil edirdi. Digər tərəfdən də institut yaranarkən prezidentin sərəncamında institut filialları ilə bərabaər yaranması nəzərdə tutulurdu, gözlənilirdi ki, institut regionlarda təhsilə daha güclü təsir göstərəcək. Amma əksinə oldu, regionlarda avanqard rol oynaya bilmədi, regionlardakı filiallarda xeyli qüsurlara yol verildi, o qüsurların nəticəsində də bir neçəsi bağlandı. Qüsurlar o qədər çoxaldı ki, Müəllimlər İnstitutu gözləntiləri doğrultmadı, ona görə də çox ağıllı olaraq institut ADPU-yə birləşdirildi. Burada həm də xarici təcrübənin rolu var, xaricdə bir universitetin azı 20 korpusu, 20 laboratoriyası var. Biz də köhnə üsullara alışmışıq ki, universitetin bir, uzağı üç binası olar. Mən bu birləşməni çox doğru hesab edirəm, Azərbaycanın baş ali pedaqoji universiteti geniş şəkildə fəaliyyət göstərsin, kadr hazırlığında da keyfiyyət göstəriciləri yüksəldisin. Və hesab edirəm ki, bu birləşmənin elə indi vaxtı çatmışdı.

- Deputat seçildiklərinə görə istefa vermiş rektorların yerinə kimləri təklif edərdiniz?

- Bu suala konkret şəxslərlə bağlı cavab verə bilmərəm, çünki kadr seçimi dövlət siyasətinə daxildir. Kadr seçiminin bir çox parametrləri var ki, o parametrlərin hamısını ayrı-ayrı adamlarda görə bilmirəm. Sadəcə görmək istədiyim parametrləri sadalamaq istəyirəm. İlk növbədə təhsil mütəxəssisi olmasını, təhsil sahəsində çalışmış birisi olmasını, ənənəvi təhsil təcrübəsi ilə müasir təhsil tələblərini birləşdirə bilən şəxs olsun. Daha sonra idarəetmə səriştəsinə malik olsun və bu idarəetmədə yüksək mədəniyyət və ünsiyyət mədəniyyəti nümayiş etdirsin. Ücüncüsü, öz ləyaqətini, şərəfini gözləyən adam olsun, müəyyən neqativ hallara, korrupsiyaya qarşı, təmənnalıqlara qarşı ciddi mübarizə aparsın, bu işdə özünün şəxsi nümunəsi nümayiş etdirsin. Dördüncüsü, müəyyən təhsil siyasəti məsələlərindən də baş çıxarıb ölkənin inkişafı xeyrinə, dünyada tanınması istiqamətində öz işini yönəldə bilən insan olsun.
Bolgexeber.com