BolgeXeber.Com » Analitika » Biz niyə Türkiyə ola bilmirik?

Biz niyə Türkiyə ola bilmirik?

2-03-2016, 09:38
Oxunub: 3 104 Ötən bir həftədə bir daha əmin oldum ki, Türkiyədən öyrənməli olduğumuz çox şeylər var. Avropa, ya Amerika nümunəsindən bəhs olunanda dodaq büzüb də, onların bizimçün qəbulolunmaz tərəflərindən bəhs edənlərədir sözümüz: bəs, Türkiyə nümunəsinə nə deyirsiniz? Bir millət, iki dövlətik də, buyurun, yaxşı nə varsa, tətbiq edin, yolundan tutmuş, hasarsız dənizinə qədər, hər şey göz oxşayır.

Bizim şəhər mərkəzlərində kitab evləri ləğv edilib dönərxana açıldı, Türkiyənin hər avtodayanacağında belə kitab, qəzet satışı məntəqələri 24 saat işləyir…

Türkiyə səfərindən bir gün öncə Bakının “Sovetski” məhəlləsində sökülən tariximizdən yazmışdım – Abbas Mirzə Şərifzadənin evindən, kökündən qoparılan, yaşı əsri adlamış tut ağaclarından, zəlzələnin, qar-yağışın yüz illərlə yerindən tərpədə bilmədiyi tikililərin buldozer qabağına verilməsindən.

Türkiyənin İzmir şəhərində bir ünvana apardılar. Üstü qamışla örtülmüş, yeri palçıqla suvanmış, sobası belə gildən hörülmüş daxmalar var idi burada. Bir tərəfində də arxeoloji qazıntılar aparılıbmış, əslində o qədər də təəccüblü olmayan daş təməlli evlərin tikildiyi güman edilən ərazi gördük. Ancaq oralardan tapılan eksponatları, hətta küp qəbirlərdən tapılmış insan qalıqlarını, kəllə sümüyünü yaxınlıqdakı qapalı muzeydə nümayiş etdirirlər. Bələdçimiz dedi ki, bura hər gün yüzlərlə insan gəlir – şəhərin kənarında olmasına baxmayaraq…

Kocaeli vilayətinin İzmit şəhərində də heyrətamiz bir faktla qarşılaşdım. 19-cu əsrdə tikilmiş dördmərtəbəli evə apardılar. Məlum oldu ki, bu ev vaxtilə İzmitin valisinə məxsus olub. Bir neçə il əvvəl bələdiyyə evin yanmış qalıqlarını hazırkı sahibindən böyük paranın müqabilində alıb, onqat artıq pul müqabilində təmir etdirib və… əvvəlki görkəminə qaytarandan sonra xalqın ixtiyarına verib. Öyrəndik ki, həmin bu keçmiş rəhbər zamanında gözəl yollar çəkdirib, yol kənarlarına çinar ağacları əkdiribmiş. İndiki rəhbərlik də məhz bu xeyirxahlığa qarşılıq verib. Düşünün, bizdə belə nümunələr nə qədərdir? Ümumiyyətlə, varmı?
Türkiyə insanı bir fərqli biçimdədir. Bəlkə də bu, dövlət-vətəndaş münasibətlərinin məntiqi nəticəsidir elə. Bəlkə də biz vətənpərvərlikdən daha çox danışdığımız halda, əslində daha çox Vətəndən uzaqlaşmışıq. Bəli, biz bir millət, iki dövlətik, bənzərliyimiz az deyil, lakin fərqli xüsusiyyətlərimiz də çoxdur.

Bu günlərdə Türkiyə ən ağır günlərini yaşayır, dörd tərəfi düşmənə çevrilib. Elə on gün əvvəl Ankarada dəhşətli terror hadisəsi törədildi, ölkə hər gün şəhid verir. Ancaq məmləkət insanında qətiyyən panika yoxdur, hamı eyni vaxtda lənət oxuyur. Belə ayaqda olan məmləkət heç vaxt məğlub olmaz, İnşallah!

Taksi sürücüsü ilə söhbət etdik, dövlətə sevigisindən danışdı, sərbəst şəkildə təmsil olunduğu partiyanın – daha çox CHP-lilərlə rastlaşdıq – baxışlarını bölüşdü, iqtidarı tənqid elədi, çəkinmədən, “görəsən, bunlar kimdir məndən söz almaq istəyirlər” şübhəsinə düşmədən. Taksi sürücüsü e… Bizdə taksi sürücüsünə ikinci sualı verəndə “sən Allah məni bu işlərə qatma, sonra başım ağrıyar” deyib neytrala çəkilir. Hələ başqalarını demirəm. Bax, biz yaxamızı kənara çəkdiyimizdəndir ki, başımızdan bəlalar əskik olmur, problemlərimiz tükənmir, devalvasiya şokundan ayıla bilmirik…

Türkiyədə devalvasiya bizdən qabaq olub, ancaq bank borcuna görə özünü asan, yandıran, şoka düşən bizlərdən fərqli olaraq, orda həyat öz axarı ilə gedib və davam edir. Bu gün də hər gün kurs dəyişir, İzmirdə dolların lirəyə nisbəti 2.95 idisə, İstanbulda 2.88 idi, kimsə gəlib demirdi sən niyə fərqli kursla satırsan. Heç dükan-bazarlardakı qiymətlərin arasındakı fərqə görə də hansısa nazirlik reydlər aparmırdı. Çünki dövlət və cəmiyyət anlayır ki, qiymətləri bazar tənzimrləyir, nazirlik yox.

Hələ bir müraciət formalarına baxın, bu, ona “abi” deyir, o biri digərinə “abla”. Bu, yolda da belədir, parlamentdə də… Bir tədbirdən sonra bələdiyyə sədri ilə birgə yol kedəsi olduq. Bələdiyyə başqanı küçəni süpürən süpürgəçiyə salam verib “yorulmayasan” deyib keçdi. Bizim insanlarla söyüşlə danışan, sonra da “qohumlarımdır” deyən icra başçısının vətəndaşa münasibətini xatırlayıb utandım o an. Utanmalı şeylər çoxdur, lap çox. Kaş ki, hər Türkiyədə istirahətə gedən, orda mülklər alan məmurlarımız gördüklərini Azərbaycanda tətbiq edəydilər. Kaş ki…
Elşad Paşasoy