BolgeXeber.Com » Analitika » İctimai rəyi, ziyalı sözünü qulaqardına vurmaq olmaz

İctimai rəyi, ziyalı sözünü qulaqardına vurmaq olmaz

11-04-2016, 09:46
Oxunub: 3 636 İctimai rəyi, ziyalı sözünü qulaqardına vurmaq olmaz“Təhsil ekspertlərinin tənqid edici fikirləri məni çox təəccübləndirdi.“

Azərbaycanda şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimənin ləğv ediliməsi barədə yayılan xəbərlərə görə İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsi Milli Məclisin aprelin 15-də keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi barədə qanun layihəsi hazırlanıb.
Layihədə bildirilir ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir” məzmunlu bənd ləğv edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə şagirdlərin dərs buraxması ilə bağlı dəyişiklik Milli Məclis tərəfindən dekabrın 4-də qəbul edilib. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə 5 dekabr 2015-ci il tarixli fərmanı əsasında valideynləri cərimələyəcək orqanlar müəyyənləşdirilmişdi. Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxmalı idi.

Yayılan məlumata təhsil eksperti Nadir İsrafilov münasibət bildirib:

Hələ 4 ay əvvəl qüvvəyə minmiş Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər, daha konkret şəkildə desək Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələ ortalığa atılanda o zaman yazılı və elektron mediada geniş müzakirələrə və mübahisələrə yol açmış, məcəlləyə təklif olunan bu dəyişiklik cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayaraq, bir çox təhsil ekspertləri tərəfindən dərindən düşünülməmış, kökündən yanlış bir addım kimi qiymətləndirilmişdi.

Layihənin Milli Məclisə təqdim olunduğu ərəfədə və müzakirələrin gedişı zamanı nəinki millətin sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan professorları Şahlar Əsgərov, Firudin Cəlilov, Əjdər Ağayev, ölkənin tanınmış təhsil ekspertləri Vurğun Əyyub, Etibar Əliyev, Məlahət Mürşüdlü və bir çox digər ziyalılarımızın, hətta Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abiyev, Milli Məclisin deputatları Elmira Axundova, Fazil Mustafa belə gündəmə çıxarılacaq layihənin absurd xarakterini etiraf etməli olmuşdular.
Bütün bunlara baxmayaraq belə bir əks mövqe əsas götüldü ki, bəs bəzi valideynlər uşaqlarının təhsil almasına qarşı çıxır. Hətta uşaqlarına dini baxışları təlqin etməyə üstünlük verən valideynlər də var. Biz də bu səbəbləri aradan qaldırmaq üçün müəyyən mexanizmlər düşünməliyik. Ona görə də cərimələrin tətbiq olunması yaxşı addımdır. Valideyn qəyyumluq vəzifəsini daşıyır və belə olan halda onu təhsillə bağlı məsələdə məsuliyyətdən azad etmək olmaz və s. Hətta təhsil ekspertlərini ittiham etməkdən çəkinməyən xalq elçimiz də oldu: “Təhsil ekspertlərinin tənqid edici fikirləri məni çox təəccübləndirdi.“ Maraqlıdır ki, fikir ayrılığı, demokratik təfəkkür, tənqidi plürializm nə vaxtdan təəccüb hədəfi olub?
Qanun layihəsi qəbul edilərkən, hətta o da nəzərə alınmadı ki, bu kimi məsələlər ölkə başçısının 22 noyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanununu”nda kifayət qədər öz əksini tapıb. Yəni vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, QHT-lər, ekspertlər nəinki fikir söyləyə bilər, hətta onlarla məsləhətləşmələr, ictimai rəyin nəzərə alınması, ictimai nəzarət və digər bu kimi məsələlər qanunvericiliklə nəzərdə tutulan haldır.
Halbuki ekspertlər nə deyirdilər? Deyirdilər ki, belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. Bu əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, genış müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.
Yenə də əvvəlki mövqeyimdə qalaraq hesab edirəm ki, 100 manatlıq cərimə tətbiq etməklə erkən nikahların qarşısını almaq, bir daha heç kəsin dərsdən ayrılıb, repetitor yanına, əlavə hazırlıq kurslarına getməyəcəyinə, uşaqlarımızın evdə hansısa işlərə cəlb olunmayacağına, valideynlərinə kömək etməyəcəyinə, birdən-birə qərardan çəkinərək ateistə çevriləcəyinə, dini təhsildən imtina edəcəyinə ümid bəsləmək kimi arqumentlər sadəlövhlükdən başqa bir şey deyildir.
Bu mənada məhz dərs hesabına repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinin tətbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töhvəsini verə bilərdi. Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçirilməsi daha çox effekt verərdi, nəinki valideynlərin cərimələnməsi. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir. Digər tərəfdən dərsdən yayınmada maddiyatla bağlı məsələlər olduğundan bu cərimələr əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər də yaradır. Yəni, məktəbdə elə bir mühit yaradılmalıdır ki, şagird məktəbə həvəslə getsin, məktəb həyatı onun maraq dünyasının ayrılmaz tərkib hissəsinə çevrilsin.
Ən başlıcası isə təhsildən yayınma ilə dərsdən yayınmanı qarışıq salmışıq. Halbuki, təhsildən yayınma, cəmiyyət üçün dərsdən yayınmadan daha təhlükəli tendensiya olub, ildən-ilə daha geniş xarakter alır, coğrafiyası daha da genışlənir. Xüsusilə, regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Bütövlükdə təhsildən yayınanların sayı isə on minlərlə ölçülür. Ona görə də bu qəbildən olan məsələlərə qaçaraqdan, səthi şəkildə deyil, kompleks halında baxılmalı idi. Nəticə nə oldu? O oldu ki, qanun özünü doğrultmadı. Ötən 4 ay ərzində bir nəfərin belə cərimələnməsinin şahidi olmadıq. Əksinə... Çünki, ictimai rəy, mütəxəssis fikri, ziyalı sözü nəzərə alınmamışdı.