BolgeXeber.Com » Analitika » Şəhid verən ölkənin teleməkanı niyə müğənnilərin ümidinə buraxılıb?

Şəhid verən ölkənin teleməkanı niyə müğənnilərin ümidinə buraxılıb?

14-04-2016, 09:56
Oxunub: 3 591 Şəhid verən ölkənin teleməkanı niyə müğənnilərin ümidinə buraxılıb?Bəs görəsən, televiziyaların yayım siyasətini müəyyənləşdirənlər niyə orada siyasi verilişləri, ictimai xadimlərin debatlarını yox, müğənniləri görmək istəyirlər?

Mehman Əliyev: “Hakimiyyətin illərlə apardığı izolyasiya siyasətidir ki, efirlərdə nə siyasətçilər, nə ictimai xadimlər gözə dəymir”;Fəzail Ağamalı: “Burada dövlətin izini axtarmağı, başqa səbəb tapmadığı üçün şou-verilişlərə görə iqtidara hücum etməyi mən doğru saymıram”
Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması və cəbhə xəttində davam edən 4 günlük müharibə ilk gündən efir məkanına da təsir etdi. Bütün telekanalların efirindən şou, əyləncə verilişləri yığışdırıldı, əsas ağırlıq savaş xəbərlərinə və vətənpərvərlik ruhunda verilişlərə verildi.

Lakin atəşkəs imzalandığı gündən etibarən xüsusən özəl televiziyaların öz ənənəvi yayım siyasətinə, şou-proqramlara qayıtması cəmiyyətdə qıcıq doğurdu. Çünki hələ də şəhid xəbərlərinin, şəhid cənazələrinin gəldiyi bir vaxtda hansısa müğənninin əsgər paltarı geyərək, oxuyub oynaması auditoriyada da müsbət rəy formalaşdırmadı. Lakin təbii ki, tənqidin hədəfi həmin müğənnilər yox, onu efirə çıxaran televiziyanın rəhbərliyi və həmin televiziyanın yayım siyasətini diqtə edən şəxs və ya qurumlardır.

Bəs görəsən, televiziyaların yayım siyasətini müəyyənləşdirənlər niyə orada siyasi verilişləri, ictimai xadimlərin debatlarını yox, müğənniləri görmək istəyirlər? Bu yayım siyasətinin özəyində hansı məqsədlər durur?

Şəhid verən ölkənin teleməkanı niyə müğənnilərin ümidinə buraxılıb?


“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hakimiyyət televiziyalara siyasətçilərin çıxmasında maraqlı deyil: “Ümumiyyətlə, bizdə hər hansı bir siyasi aktivlik narahatlıqla qarşılanır. Hakimiyyətin illərlə apardığı izolyasiya siyasətidir ki, efirlərdə nə siyasətçilər, nə ictimai xadimlər gözə dəymir. Heç iqtidaryönlü siyasətçilər də efirə buraxılmır. Yəni söhbət ondan gedir ki, siyasət haqqında nə yaxşı, nə pis, heç nə olmasın”.

M. Əliyevin sözlərinə görə, belə vaxtlarda televiziyalarda əhval-ruhiyyənin yüksəldilməsi, qələbəyə inamın artması, mübarizəyə hazırlıq ruhu aşılanmalı idi: “Lakin hakimiyyətə bu cür vətənpərvərlik lazım deyil. Onlar bundan çox çəkinir, qorxur. Çünki bu vətənpərvərlik təkcə savaş məsələlərini həll eləmir. O insanlar sonradan normal demokratik, şəffaf dövlət, cəmiyyətdə normal münasibətlər, iqtidarla xalqın təması və sair tələb edəcəklər. Bu, iqtidara sərf eləmir. Hər cür ictimai aktivliyin əleyhinədirlər. İctimai aktivlik bu gün xalqı narahat edən başqa problemləri də ortaya çıxara bilər ki, bu da iqtidara sərf eləmir”.

Şəhid verən ölkənin teleməkanı niyə müğənnilərin ümidinə buraxılıb?


Milli Məclisin deputatı Fəzail Ağamalı isə bu iddiaları əsassız adlandırdı: “Bütün xalq gördü ki, aprelin 2-dən 8-nə qədər Azərbaycanın bütün telekanallarında siyasətçilərin, ictimai xadimlərin, nüfuzlu insanların iştirakı ilə debatlar, dəyirmi masalar keçirildi. Müxtəlif fikirlər ifadə olundu. Azərbaycan xalqı ilə bərabər hər kəs Mili Ordumuzun uğurlarını alqışladı, prezidentimizin qətiyyətini birmənalı şəkildə dəstəklədi. Sağ olun ki, siz də ”Yeni Müsavat" qəzeti olaraq, bu günlərdə böyük işlər gördünüz, əhalini məlumatlandırdınız. Düzdür, indi KİV, xüsusilə televiziyalar bununla bağlı əvvəlki kimi ardıcıllıqla bu müzakirələri təşkil etmirlər. Lakin dünən ANS Beşbarmaq verilişində bu məsələni gündəmə gətirdi, İTV, AzTV, ATV də həmçinin. Sizin “Yeni Müsavat” qəzetində də müharibə hələ də bir nömrəli məsələdir".

Fəzail Ağamalı vurğuladı ki, əgər müxalifət öz facebook səhifələrində, öz himayəsində olan qəzetlərdə dedi-qodu ilə məşğul olursa, bunu bütövlükdə cəmiyyətə aid etmək düzgün deyil: “Digər tərəfdən, o da düzgün deyil ki, televiziyalar bütün verilişlərini dayandırıb, ancaq bu istiqamətdə yönəlsinlər. Bu gün ona ehtiyac da yoxdur. Xalq öz həyatını yaşamalıdır. Öz arzu etdiklərini TV-lərdəki verilişlərdə görməlidir. Burada şou və əyləncə də ola bilər. Buna görə televiziyalarımızın göstərmiş olduğu vətənpərvərliyi etiraf etməmək doğru olmazdı. Burada dövlətin izini axtarmağı, başqa səbəb tapmadığı üçün şou-verilişlərə görə iqtidara hücum etməyi mən doğru saymıram. Bu əllaməlikdən başqa bir şey deyil və bu cür mübarizə gülüş doğurur. Biz cəmiyyət olaraq həyatımızın bütün tərəflərini yaşamalıyıq. Televiziyalarda şou da olmalıdır, vətənpərvərlik verilişləri də... Əlbəttə, mən də arzulayardım ki, vətənpərvərlik verilişlərinə daha çox yer ayrılsın”.