BolgeXeber.Com » Analitika » O nədir ki, İsveçdə 90%, bizdə isə 9 % də deyil...

O nədir ki, İsveçdə 90%, bizdə isə 9 % də deyil...

21-04-2016, 09:46
Oxunub: 3 515 O nədir ki, İsveçdə 90%, bizdə isə 9 % də deyil...Azərbaycanda heç kim heç kimin kitabını niyə oxumur?

“Kitablar- zaman dalğalarında üzən düşüncə gəmiləridir” deyiblər. Hansı ki, dəyərləri nəsildən-nəslə ötürür. İnsanlar iki kateqoriyaya bölünür:

kitab oxuyanlar və kitab oxuyanları dinləyənlər. Birinci kateqoriyadan olan insanlara vaxtilə daha çox rast gəlinirdi. İndi isə demək olar ki, hər iki kateqoriyadan olan insanların sayı azalıb. Kitab mağazalarında və kitabxanalarda olan kitablar öz oxucularını gözləyir. Ancaq bu kitabları nə alan var, nə də ki, oxuyan. Kitablara və kitabxanalara maraq kəskin şəkildə azalıb. 20 il əvvələ qədər metroda, avtobuslarda hər kəsin əlində kitab olduğunu görərdik. Hətta bir kitab üzərində növbələr yaranardı və kitab əldən-ələ keçərdi.

Çoxları kitab oxumağa marağın azalmasını texnologiyanın inkişafı ilə əlaqələndirir. Əksəriyyət gənclər isə kitabları elektron versiyadan oxuduqlarını və lazımi məlumatları internet vasitəsilə aldıqlarını deyirlər. Buna görə də bəzi gənclərin düşüncəsinə görə kitabxanaya getmək vaxt itkisidir.

***
...Əvvəlcə kitab satılan bir neçə mağazaya baş çəkib kitabların satışı ilə maraqlandıq. Baş çəkdiyimiz mağazaların bəzilərində barmaqla sayılacaq qədər alıcı olurdusa, bəzilərində satıcı kitabların arasında oturaraq mürgüləyirdi. Baş çəkdiyimiz kitab mağazalarının birində yaşlı bir adamın kitablara baxdığını gördük. Kitabları maraqla incələyən bu alıcıdan kitab oxuyub- oxumadığı ilə maraqlandıq. 52 yaşlı Sadiq Quliyev kitab oxumağa böyük həvəsi olduğunu, ancaq indiki gənclərin kitaba olan münasibətlərinin onu üzdüyünü dedi: “Bizim zamanımızda belə deyildi. Hər kəs kitab oxuyar, kitabxanaya gedərdi. Mən özüm cavanlığımda günümün yarısını kitabxanada keçirərdim. İndiki gənclər vaxtlarını internet, televiziya qarşısında seriallara baxmaqla keçirirlər. Dahilərdən biri yaxşı deyib ki, kitab oxuyan insanlar televiziyaya baxan insanları hər zaman idarə edəcək”.

Söhbətə qatılan Aqil Abbasov adlı gənc oğlan yaşlı adamın dediklərinə müdaxilə edərək “indiki gənclər neynəsin, bir tikə çörək pulu dalınca qaçmaqdan kitab oxumağa vaxt tapa bilmir” deyə, etirazını bildirdi: “İnsanların başı ailə-məişət problemlərinə qarışıb. Səhər 9-da işə gedib axşam 9-da çıxırıq, necə kitab oxuyaq?! Sizin zamanınızda hər şey asan idi. Bizim zamanımızda isə heç nə asan deyil”.

Tələbə olduğunu deyən digər gənc xanım isə “əgər bir tıklama ilə istədiyim məlumatı internet vasitəsilə alıramsa, kitabxanaya niyə getməliyəm və ya niyə pul verib kitab almalıyam” deyə söhbətə qatıldı.

Baş çəkdiyimiz digər “Kitab dünyası” adlı mağazanın satıcısı da kitab satışının az olduğunu dedi: “Kitab alanlar azdır. Alan adamlar da orta nəsil nümayəndələridir. Bir də tələbələr arada gəlib onlara lazım olan kitabları alırlar. Kitabların qiyməti baha deyil, münasibdir. Elə vaxt olur ki, günlərlə bir kitab sata bilmirəm”.

“Park Bulvar” ticarət mərkəzində isə kitab alıcıları az da olsa var idi. Gənclər bədii kitablar alırdılar. “İnsanların kitab almağa bəlkə də imkanları çatmır” deyə düşünüb yolumuzu dövlət kitabxanalarından saldıq.

Azərbaycanın ən böyük kitabxanası olan M.F.Axundov adına Milli Kitabxanaya üz tutduq. Qeyd edək ki, bu kitabxana nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir.
Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. Hazırda milli kitabxanada 27 şöbə, 46 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 569 min 604 nüsxə çap məhsulu saxlanılır. Ancaq bütün bu kriteriyalarına baxmayaraq burada da oxucu sayı azdır.

Oxu zalında bir neçə tələbə vardı. Kimisi dərsi ilə əlaqədar kitabdan qeydlər aparır, kimisi isə oturub oxuyurdu. Qəzet bölməsində də bir neçə yaşlı insanı gördük. Onlar gündəlik qəzetləri gözdən keçirir və bir-birilərinə ötürürdülər. Oxucu Vaqif Əliyev bizimlə söhbətində indiki gənclərin kitab oxumadığı üçün çox şeydən xəbərsiz olduğunu dedi: “Gənclərin söz ehtiyatı, dünyagörüşü olduqca azdır. Bunun da əsas səbəbi kitab oxumamalarıdır. Gənclər unutmamalıdır ki, oxumağın təfəkkürə faydası fiziki hərəkətlərin bədənə olan faydasına bərabərdir”.

Kitabxanadan çıxarkən nəzarətçilərin oxucularla kobud rəftarının şahidi olduq. Bəlkə də insanları kitabxanadan uzaqlaşdıran axtardığı kitabı tapa bilmədiyi zaman oxuculara dodaqucu və kobud cavab verən bu nəzarətçilərdir. Əsas səbəb olmasa da, təəssüf ki, səbəblərdən biridir.

Xatırladaq ki, Azərbaycanda bir neçə kitabxana birləşdirilib. Maraqlıdır, bu birləşmələrə səbəb oxucu azlığıdırmı, yoxsa başqa səbəblər var?

Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova yalnız qəzalı binada yerləşən kitabxanaların birləşdirildiyini dedi: “76 ədəd mərkəzi kitabxana, 4 respublika əhəmiyyətli kitabxana var. Bakıda 75 kütləvi kitabxana və kitabxana filialı var. Kitabxanaların ümumi sayı 2800-dür. Oxucuların azalması kitabxanaların birləşdirilməsinə səbəb ola bilməz. Kitabxananın birləşməsinə ancaq kitabxananın yerləşdiyi binaların qəza vəziyyətində olması səbəb ola bilər. Əgər kitabxanaya gedən azdırsa, oxucu sayı azdırsa, biz tələb edirik ki, onlar səyyar xidmət göstərsinlər, evlərə, hərbi hissələrə getsinlər. Bunları edirlər də. Kitabxanaya ziyalıları dəvət edir, tədbirlər keçirirlər. Fəxri oxucuları həvəsləndirirlər. Ona görə də kitabxananın birləşməsi üçün oxucunun az olması səbəb deyil. Hazırda qəza vəziyyətində olan kitabxanalar var. Biz bu kitabxanaları müvəqqəti birləşdiririk. Yerli icra orqanları vəsait ayırdıqdan sonra kitabxananı təmir etdiririk. Bəzən bir kənddə 2-3 kitabxana olur. Biz bu kitabxanaları birləşdiririk ki, bir dənə olsun, amma yaxşı kitabxana olsun”.

Avropa Komissiyasının sosial xidmətinin hesablamalarına görə, təxminən 68% Avropa vətəndaşı keçən il ərzində ən azı bir kitab oxuyub. Kitab oxuyanlar arasında İsveç (90%), Niderland (86%), həmçinin Danimarka (82%) vətəndaşları qabaqcıl yerləri bölüşdürür. Sonuncu yerləri isə rumınlarla (51%) yunanlar (50%) tutur. Avropada elektron kitablardan istifadə edənlər barədə isə dəqiq məlumat yoxdur. Lakin sorğu iştirakçılarının 27%-nin internet vasitəsilə kitab, kompakt-disk, mədəniyyət tədbirlərinə bilet aldıqları məlumdur. Bildirək ki, Almaniyanın 44%, Fransanın 31% və Böyük Britaniyanın 30% vətəndaşı internet vasitəsilə disk və kitab alır.

Maraqlısı budur ki, avropalıların 31%-i kitabxanaya gedir. Əsas səbəb kimi isə onlar evdə kitab oxumaq üçün vaxtın olmadığını göstərirlər. Psixoloqların fikrincə, kitab oxuyan insanlar digər insanlardan fərqlənirlər. Kitab oxuyan insanlarda diqqəti toplamaq qabiliyyəti yüksək olur, hədəflərini düzgün müəyyən edə bilir, zamanlarını ağıllı xərcləyir, uzaqgörən, müdrik olur, güclü yaddaşa sahib olur və hər zaman gümrah qalmağı bacarırlar.

Günel MANAFLI