BolgeXeber.Com » Analitika » Supermarketlərlə nazir arasında ƏDV davasının ikinci pərdəsi

Supermarketlərlə nazir arasında ƏDV davasının ikinci pərdəsi

14-05-2016, 17:30
Oxunub: 3 171 Supermarketlərlə nazir arasında ƏDV davasının ikinci pərdəsiVahid Əhmədov: “Fazil Məmmədov vergilər naziri olaraq, başqa cür danışa bilməzdi...”

Natiq Cəfərli: “İstənilən vergi yükünün zərbəsi sonda vətəndaşa dəyir”

Bir müddət öncə ölkənin bir çox iri supermarket şəbəkələrinin sahibləri müflis olmaq təhlükəsi ilə üzləşdiklərini bildirərək, iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etmişdilər. Nazir də bu müraciətə operativ reaksiya verərək, supermarket şəbəkələri sahiblərinin nümayəndələrini qəbul etmişdi.

Sahibkarlar istəyi bu idi ki, yerli istehsal olan sosial əhəmiyyətli gündəlik tələbat mallarının parakəndə satışının ƏDV-dən azad olunması üçün qanunvericilikdə dəyişikliklər edilsin. Lakin vergilər naziri Fazil Məmmədov açıqlama verdi ki, supermarketlərə vergi güzəştlərindən söhbət gedə bilməz.

F.Məmmədov bildirdi ki, supermarketlər şəbəkələrinin sahibləri ölkədə istehsal edilən kənd təsərrüfatı mallarının parakəndə satışının ƏDV-dən azad edilməsini istəyirlər. Hazırda belə məhsullarının 90-95 faizi bazarlarda, yarmarkalarda satılır. “Kim daha yaxşı çeşidlənmiş, qablaşdırılmış məhsul almaq istəyirsə, vergisini ödəyib supermarketlərdən ala bilər. Ona görə də, bu məsələdə vergi güzəşti mümkün deyil”.

Fazil Məmmədovun supermarket şəbəkələrinin sahiblərinin qaldırdığı məsələyə bu cür qəti şəkildə əks mövqe bildirməsi sahibkarları çıxılmaz vəziyyətə salıb. Devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin iki dəfə aşağı düşdüyünü deyən sahibkarlar hesab edirlər ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət parakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıydı.

Bəs görəsən, hökumət supermarketlərin bu çətin vəziyyətdən çıxması üçün hansı addımlar atacaq? Vergilərin azaldılması büdcəyə gələn vergi ödənişlərini azaldacaq, marketlərə yardım edilməməsi ilə yüzlərlə insanın iş yerini itirməsinə səbəb olacaq. Hökumət bu ƏDV yükünün altından necə çıxacaq? Market rəhbərləri ilə nazir arasındakı ƏDV mübahisədi nə ilə nəticələnəcək?

“Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Fazil Məmmədovun bu çıxışının səbəbi bu il büdcədə vergi yükünün artırılmasıdır: “Hər iki tərəfin yanaşmasının öz məntiqi var. Vergilər Nazirliyinin vergi paketində ƏDV çox önəmli rol oynayır. ƏDV-nin ləğv olunması və ya azaldılması Vergilər Nazirliyi qarşısında qoyulmuş planı yerinə yetirməkdə çətinliklər yaradır. Nazirliyin bu təqribən 7,9 milyard manata yaxın vergi yükü var. Məhz buna görə Fazil Məmmədov ƏDV-nin azaldılmasına və ya ləğvinə qarşı çıxır. İkinci bir məqam isə odur ki, Vergilər Nazirliyi ƏDV ilə bağlı obyektlərdə aparılan yoxlamalarda da çox böyük üstünlük qazanır. Bu baxımdan ƏDV ilə bağlı güzəştlər həmin üstünlükləri də itirə bilər. Bu iki səbəbdən Vergilər Nazirliyi bu məsələyə qarşı çıxır”.

İqtisadçı-ekspert sahibkarların tələblərinə də haqq verərək, devalvasiyadan sonra ticarətdə dövriyyənin azalması məsələsinə toxundu: “Sahibkarların məntiqi isə başqadır. Son dövrlərdə əhalinin gəlirlərinin azalması, iş yerlərinin bağlanması ilə əlaqədar sahibkarların dövriyyəsi aşağı düşüb. Dövriyyəsi aşağı düşən supermarket şəbəkələrində qazanc da azalıb. Bu da həmin şəbəkələrin saxlanmasında problemlər yaradır. Artıq regionlardakı və Bakıdakı supermarket filialları ya bağlanıb, ya da bağlanmaq haqda düşünür. Bu baxımdan onlar gündəlik istehlak mallarında ƏDV-nin azaldılmasını düşünürlər. Əgər ƏDV-nin azalması ilə qiymətlərdə ucuzlaşma olsa, bu zaman dövriyyə artacaq və gəlir də çoxalacaq. O da həqiqətdir ki, istənilən vergi yükünün zərbəsi sonda vətəndaşa dəyir.
Çünki ƏDV-nin ödəyicisi vətəndaşdır. Vətəndaş hər dəfə marketlərdən bazarlıq edərkən aldığı məhsulların üzərində ƏDV-yə əlavə ödəniş edir. Bu ki, tərəfin çəkişməsinin qurbanı yenə də vətəndaş oldu".

Supermarketlərlə nazir arasında ƏDV davasının ikinci pərdəsi


N.Cəfərli bildirdi ki, ƏDV-də dəyişiklik olmasa velə, sahibkarları vəziyyətdən necə çıxartmaq üçün güzəştlər lazımdır: “Ya vergilər, ya da gömrük rüsumları azaldılmalıdır ki, sahibkarlar da satdıqları məhsulun dəyərini azaltsınlar. Yaxud da qeyri-leqal yoxlamalar azaldılmalıdır ki, sahibkarlar ən azından qeyri-leqal xərcləri azaltsınlar. Bunların heç biri hələ ki, baş tutmur. Büdcənin indiki durumunda dövlət qurumlarının öz yoxlama səlahiyyətlərindən imtina edəcəyini də düşünmürəm. Vergi və gömrük rüsumlarının kəskin şəkildə azaldılması gözlənilmir. Hər iki tərəf bu məsələdə sonuna qədər dirənmək istəyir. Sahibkarlar isə vergi və gömrük rüsumlarından istifadə edərək qiyməti müəyyən qədər salmağı düşünürdü. Ancaq əgər bu baş verməyəcəksə sahibkarlar qiymətləri qaldırmaq məcburiyyətində qalacaq. Yəni getdikcə biz qiymətlərin daha da artacağını müşahidə edəcəyik. Bundan sonra isə tələbatın azalmasını, dövriyyə və gəlirlərin aşağı düşməsini, bu səbəbdən həmin şəbəkələrin bağlanmasını, yüzlərlə insanın işsiz qalmasını müşahidə edəcəyik”.

Supermarketlərlə nazir arasında ƏDV davasının ikinci pərdəsi


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə ƏDV-nin diferensiallaşdırılmasının vacibliyindən danışdı və bunun büdcəyə vergi daxilolmalarına mənfi təsir etməyəcəyini qeyd etdi: “ƏDV büdcəni formalaşdıran əsas vergi növlərindən biridir. Ona görə də burada İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi oturub müzakirə etməli və həm sahibkarların vəziyyətini yüngülləşdirən, həm də büdcəyə ziyan vurmayan ortaq bir yol tapmalıdırlar. Elə məhsullar var ki, onlara ƏDV-ni 25-30 faiz də qoymaq olar. Avtomobil, mebel, məişət cihazları və sairi insanlar 10 ildə bir dəfə alırlar. Ancaq gündəlik ərzaq malları daha çox istehlak edilir. Onların üzərinə qoyulan ƏDV-ni azaltmaq olar. Bu həm də qiymətlərin ucuzlaşmasına səbəb olar. Yəni əlavə dəyər vergisinin diferensiallaşdırılması həyata keçirilməlidir. Mən də Fazil Məmmədovun açıqlamasını oxudum. O, vergilər naziri olaraq, başqa cür dəyə bilməzdi. Çünki o nazirlik dövlət büdcəsinə vergi daxilolmalarına nəzarət edir. Ancaq məsələ qaldırılıb və baxılmalıdır. Bu dəyişikliklər elə qaydada edilə bilər ki, heç dövlət büdcəsinə daxilolmalarda da azalma olmaz. Məsələn, əsas prestij mallara yüksək ƏDV tətbiq etmək, gündəlik tələbat mallarına isə daha az ƏDV tətbiq etməklə buna nail olmaq mümkündür”.(musavat.com)