BolgeXeber.Com » Analitika » Bank borcundan qurtarmağın yolu varmı?

Bank borcundan qurtarmağın yolu varmı?

20-05-2016, 10:55
Oxunub: 3 974 Bank borcundan qurtarmağın yolu varmı?Ötən il ərzində baş verən iki devalvasiya həm də vətəndaşın müflislik məsələsini gündəmə gətirdi

Vətəndaşların bank borclarını ödəyə bilməməsi onlar üçün təzyiq vasitəsinə çevrilsə də, aidiyyəti qurumlar problemi həll etmək, yaxud əlverişli güzəşt tətbiq etmək niyyətində deyil. Daha çox dollar kreditləri ilə bağlı yaranan problem artıq böhran səbəbindən manat kreditləri ilə bağlı da var.

Ekspertlər problemi çözmək üçün müflislik haqqında qanunun qəbulunu təklif edirlər. Ancaq illərdir ki, bu cür təkliflər də aidiyyəti qurumlar tərəfindən dəyərləndirilmir. Ekspertlər bildirirlər ki, müflislik haqqında qanunun qəbulu bütövlükdə cəmiyyət üçün çox vacibdir.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, müflislik haqqında qanun yalnız vətəndaşın xeyrinə deyil: “Vətəndaşı bu qanun olmasa da, istənilən halda, borca görə həbs etmək olmaz. Sadəcə, qanunun vətəndaşa xeyri odur ki, vətəndaşa imkan verir ki, həyatını, fəaliyyətini yeni səhifədən başlasın, bütün borcları silinsin. Çünki əks halda, vətəndaş ömrünün axırına kimi bir növ psixoloji təzyiq altındadır. Hamı ondan daim borc tələb edir. Vətəndaş faktiki iqtisadi fəaliyyətlə məşğul ola bilmir. Qorxur ki, nəsə əldə etsə, işləsə, pul qazansa, gəlib əlindən alarlar. Bu da əlbəttə ki, cəmiyyətə də zərərdir. Çünki vətəndaş aktiv fəaliyyətlə məşğul olmur. Amma digər tərəfdən də bu qanunun olması maliyyə sisteminin sağlamlaşdırılmasına xidmət edir. Çünki bu halda bütün digər şəxslər vətəndaşın maliyyə vəziyyəti haqqında məlumat əldə edir. Ona, məsələn, borc vermirlər. Müflislik statusu yalnız borclardan yaxa qurtarmağa imkan verir. Digər tərəfdən, məhdudiyyətlər qoyur. Vətəndaşın adı hamıya bəlli olur. Saytda bütün müflis vətəndaşların adları olacaq ki, adam kimdənsə, qohumdan, dostundan, istənilən dükandan borc istəyəndə, nisyə mal almaq istəyəndə, lizinqə mal götürmək istəyəndə istənilən şəxs internetə girib baxa bilər ki, bu adamın adı müflislərin siyahısında varmı. Adı olduğu halda, heç kəs borc verməyəcək.

Digər tərəfdən, müflislik statusu almış vətəndaşa müəyyən fəaliyyət növləri ilə müəyyən müddət ərzində məşğul olmaq, müəyyən vəzifələr tutmaq qadağan ediləcək. Çünki bu insanlar artıq öz etibarsızlığını bir dəfə göstəriblər. Buna görə də cəmiyyət belə insanlarla ehtiyatlı davranacaq. Qanun cəmiyyətin müflislər haqqında məlumatlı olmasına xidmət göstərəcək. Bu da bütövlükdə cəmiyyətin maliyyə sisteminin sağlamlaşdırılmasına aparır. Çünki bundan sonrakı problemli borcların qarşısını ala bilər. Amma bu gün biz görürük ki, vətəndaşın bir neçə banka borcu var, ödəyə bilmir. Təbii ki, bundan müəyyən psixoloji sarsıntılar keçirir. Amma digər tərəfdən də cəmiyyət üçün zərərdir. Çünki bu insan gedib hansısa mağazadan borc istəyir, mağazada bilmirlər ki, onun başqalarına da borcu var və ödəyə bilmir. Bu qanun bütövlükdə cəmiyyətə xeyirdir, müsbət təsir göstərəcək”.

Ekspert qeyd edib ki, qanun layihəsi ilə bağlı indiyədək heç bir addım atılmayıb, heç bir ip ucu belə yoxdur. Ekspert bu səbəbdən layihəni yay aylarında özü hazırlamağı düşünür: “Bir neçə ölkənin təcrübəsindən istifadə edəcəm. Müzakirəsini də müvafiq dövlət orqanına verəcəm. Gözləmirəm ki, layihə tezliklə qəbul olunsun. Ən azı, qanun layihəsinin olması bir növ insanlarımıza müəyyən ümid verəcək ki, layihə artıq var”.

Ə.Həsənovun sözlərinə görə, 2 ildən sonra prezident seçkiləri olacaq. Deməli, vaxt bankların əleyhinə işləyir. Uzağı 2018-ci ildə dövlət məsələyə müdaxilə etməyə və borcların çoxunu silməyə məcbur olacaq:“Digər tərəfdən, banklar get-gedə zəifləyəcək və borclulara qarşı çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini apara bilməyəcək. Bankların məhkəmələri ələ alması və bütün qərarları öz xeyirlərinə çıxaracağı haqda söz-söhbət-bankların özü tərəfindən buraxılmış şayiədir. Bankların o qədər gücü və pulu yoxdur”.

Onun sözlərinə görə, işsizliyin artması, gəlirlərin düşməsi və qiymətlərin artması şəraitində təminatsız kreditlərin əksəriyyəti faktiki batıb: “Banklar bunu başa düşür. Ona görə də çox zaman məsələni məhkəmə yolu ilə deyil, hədə-qorxu ilə həll etməyə çalışır ki, borclular vahimədən hardansa pul tapıb krediti ödəsinlər. Deməli, gəliri olmayan, yaxud az olan şəxs borcunu sadəcə ödəməməli və heç nədən qorxmamalıdır. O cümlədən faiz və cərimələrin artmasından. Borcu indi verə bilmirsə, artan məbləğləri haradan ödəyəcək ki?! Belə borclular həm də ola bilsin, onsuz da əvvəl-axır özlərini müflis elan edə biləcəklər. Buna görə də məsələnin sırf məhkəmədə həll edilməsində inad etsinlər, sonra da məhkəmə qərarını icra edə bilməmələrini bildirsinlər”. (musavat.com)