BolgeXeber.Com » Analitika » Otellərdə “mənəviyyat polisi” – Araşdırma

Otellərdə “mənəviyyat polisi” – Araşdırma

3-06-2016, 10:40
Oxunub: 3 644 Otellərdə “mənəviyyat polisi” – Araşdırma“Qız yerli olmamalıdır”

Yayın başlanması ilə Azərbaycanda turizm ilə bağlı problemlər kəskinləşir. Kimi yüksək qiymətlərə, kimi isə xidmət səviyyəsindən şikayətlənir, bununla yanaşı, qanuni həyat yoldaşı ilə gəlmədiyi üçün otelə buraxılmadığından gileylənənlər də var.

Xidmətlərin qiymət və keyfiyyətindən çox yazılıb, ona görə də bu dəfə sadaladığımız məsələlərdən sonuncu üzərində dayanmaq qərarına gəldik. Həqiqətənmi, Azərbaycanda – bir nömrəyə yalnız ailə üzvlərinin yerləşdirildiyi barədə yazılmamış qanun mövcuddur?!

Şayiələrə görə, Azərbaycan reallıqlarında ictimai qınaqdan uzaq olmağa, insan gözündən uzaqda yalnız qalmağa çalışan cütlüklər, yerli otel işçiləri simasında maneələrlə qarşılaşırlar. Otel işçiləri bir otaqda qalmaq istəyən müxtəlif cinsli müştərilərdən mütləq şəkildə nikah haqqında şəhadətnamə tələb edirlər.

Yeri gəlmişkən, hətta Mədəniyyət və Turizm Nazirliyi bəyan edir ki, bu qəbildən olan sənədi heç bir otelin istəməyə haqqı yoxdur:

“Məlum olduğu kimi, beynəlxalq qayda və təcrübəyə görə, oteldə qeydiyyatdan keçən hər bir vətəndaş xüsusi forma doldurur. Bura onun adı, soyadı, anadan olduğu il, daimi yaşayış yeri və s. məlumatlar daxil edilir. Bu kağızda oteldə yaşayış qaydaları əks olunur. Sənəddəki imza turistin qaydalarla və xidmət haqqı ilə tanış olduğunu təsdiqləyir. Daha sonra kağızdakı məlumatlar otelin qeydiyyat bankına daxil edilir və müştərinin şəxsiyyət vəsiqəsi dərhal geri qaytarılır. Əlavə olaraq bildiririk ki, mövcud qanunvericiliyə görə, oteldə qeydiyyat zamanı nikah haqqında şəhadətnamə tələb edilmir”, – nazirlikdən bildiriblər.

Otellərin administratorları/inzibatçıları ilk baxışdan lazımsız görünən tələblərini hüquq-mühafizə orqanı əməkdaşlarının sayıqlığı ilə izah edirlər. Belə ki, cari müəssisənin damı altında ailəli olmayan cütlüyü tutaraq bu oteli əxlaqsızlıq yuvası statusu ilə cəzalandıra və onun sahibinə qarşı lazımi qanunların tətbiqini təmin edə bilərlər.

DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi, polkovnik Şərif Əsədullayev idarənin ölkə otellərinə nəzarət etmədiyini bəyan edir: “İnsan Alverinə qarşı Mübarizə İdarəsi heç bir otel və mehmanxanaya nəzarət etmir. Bu barədə mətbuatda yayılan məlumat həqiqətəuyğun deyil”.

Oxu.Az-ın müxbiri yerli otellərdə “Müştəri həmişə haqlıdır” prinsipinin necə işlədiyini yoxlamaq qərarına gəlib və bu məqsədlə turizm baxımından cazibədar olan mehmanxanalara zəng edib.

İlk zəng isə Qafqazın qədim şəhərlərindən biri, Şəkidə yerləşən otelə olub. Şəkidəki oteldən cavab veriblər ki, kişi və qadının eyni nömrədə yalnız qadının Şəkidən olmadığı halda, yerləşdirilməsi mümkündür: “Siz ikinəfərlik otağı öz şəxsiyyət vəsiqənizi təqdim edərək tuta bilərsiniz, amma xanım Şəkidəndirsə bizim üçün problem yaranacaq”.

Mingəçevirdə otel əməkdaşları bildiriblər ki, əgər xanım yerlidirsə, onlara ikinəfərlik nömrə çətin verilər.

Qusarın otelində də vəziyyət fərqli olmayıb. Bildiriblər ki, yerli xanımla gələn kişi otelə buraxılmayacaq.

Masallı otelinin nümayəndələri isə Azərbaycan otel biznesinin yazılmamış qanundan yan keçmək üçün daha “orijinal” təklif irəli sürüblər. Belə ki, Masallıda iki müxtəlif nömrə götürməyi təklif edirlər. Harada gecələyəcəyiniz isə onların işi deyil. Əlbəttə, bu halda siz iki qat ödəniş etməli olacaqsınız.

Gəncədəki otellərin birindən deyiblər ki, ikinəfərlik nömrə yalnız xanım Gəncəbasar ərazisində qeydiyyatda olmadığı halda verilə bilər. Digərindən isə bildirdilər ki, ikinəfərlik nömrəni bir adam üçün qeydiyyatdan keçirə bilərlər. Digər şəxs qonaq gəlmiş kimi otelə daxil ola və qeydiyyatsız oteldə qala bilər.

Bəs paytaxt otellərində vəziyyət hansı yerdədir?

Məlum olub ki, cütlüklər Bakıda yerləşən otellərdə daha asan nömrə tuta bilərlər. Sizdən yalnız şəxsiyyət vəsiqəniz tələb olunacaq.

Nəticədə isə Azərbaycan otellərində nikahı olmayan qadın və kişinin bir otaqda qalmasının həm mümkün, həm də mümkünsüz olduğu meydana çıxır. Unutmayın ki, regionlara səyahət edərkən və gecəni yol yoldaşınızla keçirmək istərkən, öncə onun yerli olub-olmadığı ilə maraqlanın, yoxsa gecəni açıq səma altında ulduzları sayaraq keçirəcəksiniz.(Oxu.az)