BolgeXeber.Com » Analitika » "Microsoft" "LinkedIn" şəbəkəsini niyə alıb? - ARAŞDIRMA

"Microsoft" "LinkedIn" şəbəkəsini niyə alıb? - ARAŞDIRMA

15-06-2016, 13:36
Oxunub: 4 685 "Microsoft" "LinkedIn" şəbəkəsini niyə alıb? - ARAŞDIRMAƏQDİN BAĞLANMASINA AZI 3 ƏSASLI SƏBƏB VAR

Ötən gün "Microsoft" korporasiyası "LinkedIn" sosial şəbəkəsini aldığını açıqlayıb. Əqdin dəyəri $26,2 mlrd. təşkil edir.Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu xəbər IT və biznes sahəsinin mütəxəssisləri tərəfindən birmənalı qarşılanmadı. Başlıca səbəb odur ki, "LinkedIn" servisinin rəhbəri Ceff Veyner dəfələrlə bildirib ki, sosial şəbəkə müstəqilliyini qoruyacaq. Mütəxəssisləri düşündürən başqa bir sual odur ki, "Microsoft" "Facebook"un "darıxdırıcı prototipi"nə çevrilən "LinkedIn" ilə nə edəcək? Özü də son 7 ay ərzində "LinkedIn" sosial şəbəkəsinin səhmləri 48% ucuzlaşıb. Əqdin dəyəri barədə isə saatlarla mübahisə etmək olar...

ƏQDİN BAĞLANMASINA AZI 3 ƏSASLI SƏBƏB VAR

Birincisi, bir qədər öncə qeyd etdiyim kimi, "LinkedIn" şəbəkəsinin səhmləri son 7 ay ərzində 48% ucuzlaşıb. Ötən ilin noyabr ayında "LinkedIn"in 1 səhminin nominal dəyəri $252 təşkil edib. Halbuki, fevral ayında (ən pik dövr) bu rəqəm $269 idi. Sosial şəbəkə "Microsoft"a satıldığını elan etdiyi gün onun 1 səhminin nominal dəyəri $131 olub. Beləliklə, "Microsoft" sosial şəbəkəni az qala dəyər-dəyməzə alıb. Üstəlik, artıq əqd bağlanandan, yəni "LinkedIn" "Microsoft"a məxsus olduqdan sonra sosial şəbəkənin 1 səhminin nominal dəyəri $196-dək bahalaşıb.

İkinci və üçüncü səbəblərə gəlincə, "LinkedIn"in gəlirliliyi olduqca enib. Şirkətin son hesabatına əsasən, 2015-ci ilin sonuna onun reklam gəlirləri cəmi 20% artıb. Halbuki, 2014-cü ilin sonuna reklamdan əldə olunan gəlirlər 56% artmışdı. "eMarketer" şirkətinin proqnozuna əsasən, bu il sosial şəbəkənin gəlirləri 9,5% azalacaq. Servisin qeyri-maliyyə göstəriciləri də axsayır. Bütün bunlara baxmayaraq, sosial şəbəkənin istifadəçilərinin sayında ciddi azalma müşahidə olunur.

"MICROSOFT" NƏ DEYİR?

"Microsoft"un rəhbəri Satya Nadella bildirir ki, sosial şəbəkənin satın alınması korporasiyanın imkanlarının genişləndirilməsinə imkan verəcək. Bundan başqa, xanım Nadella hesab edir ki, "Microsoft" kimi nəhəngin sosial şəbəkəyə sahib çıxması onun istifadəçilərinin sayını artıracaq. BU PRESS-RELİZDƏN GÖTÜRÜLMÜŞ CÜMLƏLƏRİN ARXASINDA NƏ DAYANIR? IT sahənin mütəxəssisləri hesab edir ki, "LinkedIn" və "Microsoft" artıq çoxdan darıxdırıcı olub. Onlar daha populyar olan "Facebook" ilə rəqabət apara bilmir. Beləliklə, görünən budur ki, "Microsoft" artıq yalnız müştərilərinə proqram təminatı satmaqla kifayətlənmək istəmir. Korporasiya müştərilərinə texnoloji xidmətlər göstərməyə can atır. Professionalların auditoriyasına hesablanan sosial şəbəkə bu baxımdan ideal variantdır. "LinkedIn" vasitəsilə korporasiya həm yeni müştərilər tapacaq, həm də mövcud müştəriləri ilə əlaqələrini daha da gücləndirəcək.

"LinkedIn"in auditoriyası (433 mln. istifadəçi) say baxımından "Facebook", "Twitter" və "Instagram" ilə rəqabət apara bilməsə də, bu auditoriya pul qazandıran insanlardan ibarətdir. Yaxşı kadrlar axtarışında olan şirkətlər pul xərcləməyə hazırdır. "LinkedIn" vasitəsilə bu kadrları tapmaq mümkündür.

$26 MLRD. ÇOX DEYİL?!

"Microsoft" mütəmadi olaraq yeni tapıntılara bir ətək pul xərcləyir və biz buna alışmışıq. Yəqin dəyərli oxucularımız "aQuantive" servisinin alınmasına xərclənən $6,2 mlrd., "Skype Technologies" servisinin alınmasına çəkilən $8,5 mlrd. xərci, "Nokia" üçün verilən $7,2 mlrd. unutmayıb. Düzdür, "LinkedIn"ə çəkilən xərc bunlarla müqayisə oluna bilməz. Məşhur IT analitik Tomas Devenport hesab edir ki, "LinkedIn" gizli xəzinədir və "Microsoft" artıq ona yiyələnib.