BolgeXeber.Com » Analitika » İqtidar mətbuatı Ziya Məmmədovu “vurdu”

İqtidar mətbuatı Ziya Məmmədovu “vurdu”

31-10-2012, 14:35
Oxunub: 4 958 “Kaspi” qəzeti «Bakının yolları düzələ-düzələ dağılır…» başlıqlı yazı dərc edib

Son günlər özünü kifayət qədər müstəqil mətbuat kimi hiss etdirən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun kurasiyasında olan “Kaspi” qəzeti artıq ayrı-ayrı məmurların bostanına daş atan tənqidi materiallarının sayını daha da artırmaqdadır. Maraqlıdır ki, bu dəfə “Kaspi”də nəqliyyat naziri Ziya Məmmədovun işinə mənfi qiymət verilib. Hər halda “Kaspi” qəzetində yer almış «Bakının yolları düzələ-düzələ dağılır…» başlıqlı yazı həm də iqtidariçi münasibətlərin də güzgüsü kimi qəbul edilə bilər. Həmin materialı diqqətinizə çatdırırıq:

«Bakı və onun ətraf qəsəbələrin sosial-iqtisadi inkişaf proqramında başlıca məsələlərdən biri şəhər və ətraf qəsəbələri birləşdirən yolların təmiri və yenidən qurulmasıdır. Burada həmçinin qəsəbədaxili yolların da yenilənnməsi nəzərdə tutulub. Bu məqsədlə, cari və bundan əvvəlki illərdə müvafiq işlər görülüb. Şəhər mərkəzi ilə yanaşı, ətraf qəsəbələrə gedən yollar da demək olar ki, yenidən qurulub.

Amma bir məsələ var ki, asfaltlanaraq istifadəyə verilən yeni yollar bir müddətdən sonra sıradan çıxır. Bunun səbəbləri barədə mediada dəfələrlə müzakirələr olub. Amma vəziyyət yenə də olduğu kimi qalmaqdadır. Mütəxəssislər hesab edirlər ki, avtomobil yollarına ayrılan vəsaitlər düzgün istiqamətdə xərclənmir. Nəticədə yollar keyfiyyətsiz təmir olunur.

Bunlara baxmayaraq, ötən həftə dövlət büdcəsindən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yolların bərpasına 5 milyon manat vəsait ayırıldı. AzərTAc-ın verdiyi məlumata görə, ölkə başçısının imzaladığı sərəncama əsasən, iki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat – Maştağa – Buzovna və Zabrat – Kürdəxanı – Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrılıb. Sərəncama görə, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nəqliyyatçıların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov hesab edir ki, Bakı şəhəri və onun ətraf qəsəbələrinin avtomobil yollarının təmiri 2006-cı il dövlət başçısının sərəncamından irəli gələn məsələlərdir:

“O gündən bu günə kimi, daim Bakı və ətraf ərazilərində yolların təmiri və yenidən qurulması üçün böyük vəsaitlər xərclənir və işlər görülür. Mən deyərdim ki, bu günə qədər bu yollara həddən ziyadə çox vəsaitlər plansız şəkildə sərf olunub. Amma təəssüflər olsun ki, yollar təmir, yaxud yenidən qurularkən beş gündən sonra bir «əmma»sı çıxır. Məlum olur ki, o yola yenidən kommunikasiya xətti çəkilməli, yaxud əlavə yardımçı işlər görülməlidir. Ona görə də, bu gün Bakı şəhərində yolların tikintisindən söhbət gedəndə mən belə başa düşürəm ki, bu yollar bizi çox uzaqlara aparacaq. Yəni yolların tikintisinə hələ çox xərclər gedəcək. Çünki yolları bu formada heç cür düzəltmək olmaz. Sovet dönəmində hər bir iş planlaşdırma əsasında aparılırdı. Məsələn, bir yol istifadəyə veriləndə bildirilirdi ki, həmin yola müəyyən kosmetik düzəlişlərdən başqa düz 15 il əsaslı vəsait qoyulmayacaqdır”.

“Ancaq hazırda 2006-2007-ci illərdən bəri 5-6 il keçməsinə baxmayaraq, hər il yenidən qurulmuş yollara xərclər tökülür və yenə də yenidən qurulur. Prezident yəqin ki, qeyd olunan yollarda hansısa qüsurları görüb və bu vəsaiti ayırıb ki, mütləq qüsurlar aradan qaldırılmalıdır” deyə, ekspert əlavə etdi. Bildirdi ki, Bakı yollarına ayrılan vəsaitlə nəinki Bakı şəhərinin, hətta ətraf rayonlara gedən yolları da çəkmək olar. Ona görə də fikirləşirəm ki, yollara ayrılan vəsaitlər düzgün istiqamətdə sərf olunmur və işlər plansız şəkildə həyata keçirilir”.

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli də hesab edir ki, Bakı şəhəri və ətraf qəsəbələrində yolların və inrfrastrukturun qurulmasında çox ciddi işlər görülməlidir: “Bəzi hallarda, bütövlükdə Bakı yollarının və ətraf qəsəbələrindən şəhərə gələn yolların yenilənməsinə ehtiyac var. Ona görə bəzi hallarda deyirəm ki, bu yolların böyük əksəriyyətində artıq yenidənqurma və bərpa işləri gedib. Bu baxımdan, yollara ayrılan vəsait daha çox qəsəbədaxili yollarda istifadə olunsa yaxşı olar. Qəsəbədaxili yollar çəkiləndə isə digər infrastruktur işləri ilə birgə aparılmalıdır. Ona görə ki, sonradan kanalizasiya xətti çəkilərkən asfalt örtüyünün dağıdılmasına gətirib çıxarmasın. Bu məsələdə şəffaflığı təmin etmək üçün ictimai nəzarətə də şərait yaradılmalıdır. O cümlədən, layihələrin iştirakında yerli bələdiyyərə də bu prosesə nəzarət edən bir qurum qismində önəmli əhəmiyyət verilməlidir”.

İ. Hüseynli bunu belə əsaslandırır ki, bələdiyyələr tabeçiliyində olan infrastruktur işinin keyfiyyətli olmasında daha maraqlıdırlar. Belə olarsa, həm də yola ayrılan vəsaitin səmərəli istifadəsinə də müsbət təkan vermiş olar:

“Sərəncama görə, Bakı və ətraf qəsəbələrin infrastruktur işlərinin tamamlanması 2013-cü ilə qədərdir. Amma bu kifayət qədər az bir zamandır. Mənə elə gəlir ki, bu məsələdə daha təcrübəli yol tikinti şirkətləri işə cəlb olunsa, quruculuq işlərini vaxtında başa çatdırmaq olar. Amma, bu məsələlərlə yalnız bir qurum, “Azəryolservis” məşğul olarsa, təbii ki, tez bir müddətdə heç nəyə nail ola bilməyəcəyik”».