BolgeXeber.Com » Analitika » Ekspertlərdən hərbi çağırış sistemi barədə sos siqnalı

Ekspertlərdən hərbi çağırış sistemi barədə sos siqnalı

12-11-2012, 13:15
Oxunub: 5 225 “Dövlətin bir qurumu başqa bir qurumuna təxribat edir”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) olan ümidlər korrupsiya bataqlığında batır. SHXÇDX-nin Qəbələ rayon şöbəsinin hərbi xidmətə yararsız çağırışçıları hərbi xidmətə göndərdiyi, yararlıları isə rüşvət müqabilində əsgərlikdən saxladığı barədə Bahadır Camalovun imzası ilə redaksiyamıza daxil olan və dünən “Yeni Müsavat”da dərc edilən məktubda yazılanlar bunu deməyə əsas verir.
Qeyd edək ki, prezident İlham Əliyevin fərmanı ilə bu ilin fevralında hərbi komissarlıq sistemi ləğv edilib, onun bazasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Prezident sərəncamı ilə general Arzu Rəhimov xidmətə rəisi təyin olunub. Bu qurum yaradılan zaman bir çox hərbi ekspertlər bu sahənin, nəhayət ki, korrupsiya bataqlığından çıxarılacağı proqnozunu verir, vəziyyətin yaxşılığa doğru dəyişəcəyi haqda mülahizələrini bildirirdilər. Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov isə yeni qurumun vəziyyəti daha da pisləşdirəcəyi proqnozunu verən ekspertlərdən idi. Aradan keçən müddət ərzində, təəssüf ki, pessimist proqnozlar özünü doğruldub.
Yaranmış vəziyyətlə bağlı danışan Üzeyir Cəfərov bildirdi ki, fevralın 13-dən bu günə qədər hələ bu qurumda təyinatlar həyata keçirilməyib: “Müdafiə Nazirliyinin tabeçiliyində olanda hərbi komissarlığın işində nöqsanlar, rüşvətxorluq halları var idi. Lakin çıxış yolu hərbi komissarlığı Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarıb ayrıca qurum etmək deyildi. Mən bu barədə hələ o zaman da demişdim. Rüşvətxorluq və digər nöqsanlara qarşı hərbi komissarlıq Müdafiə Nazirliyinin tərkibində saxlanılmaqla aparılmalı idi. Təəssüf ki, bu edilmədi və hərbi komissarlığı ayırıb ayrıca qurum etdilər. Nəticə isə göz qabağındadır. Xəstə, hərbi xidmətə yararsız çağırışçıları hərbi xidmətə göndərirlər. Sağlam, yararlı çağırışçılar isə müxtəlif yollarla hərbi xidmətdən yayındırılır. ”Yeni Müsavat"a Qəbələdən daxil olan informasiya da bunu bir daha təsdiq edir. Əslində bütün rayonlarda eyni vəziyyət hökm sürür".
Ü.Cəfərovun sözlərinə görə, xəstə çağırışçıları hərbi xidmətə göndərməkdə bir neçə məqsəd güdülür: “Məqsədlərdən biri plan doldurmaqdır. İkinci məqsəd əsgər ölümlərinin sayının artması və nəticədə Müdafiə Nazirliyini hədəfə çıxarmaq, Müdafiə Nazirliyini və digər silahlı birləşmələri olan strukturları günahlandırmaqdır. Yevlax hərbi komissarlığından bir ay öncə hərbi xidmətə göndərilən əsgər Bəylər İbrahimovun bir neçə gün öncə xəstəlikdən vəfat etməsi buna daha bir sübutdur. Göründüyü kimi, xəstəliyi olan çağırışçı hərbi xidmətə heç bir ay keçməmiş dünyasını dəyişir və ölüm işi, günah qalır hərbi hissənin və Müdafiə Nazirliyinin üzərində. Sabah bu cür hadisələr Daxili Qoşunlarda da, Dövlət Sərhəd Xidmətində və digər strukturlarda təkrarlana bilər. Halbuki əsas günahkar xəstə vətəndaşı hərbi xidməti yararlı sayıb hərbi xidmətə göndərən hərbi komissarlıqdır. Belə çıxır ki, dövlətin bir qurumu başqa bir qurumuna, özü də çox mühüm qurumuna qarşı təxribat işlədir. Bunun başqa adı yoxdur və çox təhlükəli prosesdir. Mən əvvəldən bəyan etmişəm ki, Arzu Rəhimovun rəhbərliyi altında bu qurum müsbət heç nəyə imza atası deyil. Fəaliyyətə başlamamış 18 rayonun hərbi komissarını Səfər Əbiyevin kadrlarıdır deyə işdən çıxardı. Halbuki məntiq və iş prinsipinə görə o adamlarla bir müddət işləmək və onların işinə qiymət verərək addım atılmalı idi. Ölkənin Ali Baş Komandanın bu qurumun rəhbərliyini çağırıb onlarla ciddi bir iş aparmasına, suallar ünvanlamasına ehtiyac var”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri isə hesab edir ki, hərbi komissarlıq sisteminin yararsız çağırışçıları hərbi xidmətə göndərməsi ölkəyə, xalqa qarşı xəyanətə bərabərdir. Belə hallar dövlətin dayaqlarını sarsıdır: “Yarandığı hələ 1 il olmasa da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında xoşagəlməz informasiyalar, faktlar mətbuatda dəfələrlə yayılıb. Bu, çox təhlükəli tendensiyadır. Çünki hərbi çağırış sistemindəki qüsurlar, hərbi xidmətə yaramayan vətəndaşların hərbi xidmətə göndərilməsi və sağlamların hərbi xidmətdən yayındırılması dövlətin dayaqlarını sarsıda biləcək bir davranışdır və ən böyük cinayətdir. Ordu ilk növbədə çağırışdan başlayır. Əgər çağırışda qüsurlu sistem qurulubsa, proses bu cür davam edirsə, bu, ordu ilə xalq arasında bir növü etimadı sarsıdır. Silahlı qüvvələrdə ölüm hallarının sayının artması təbii ki, orduya olan ictimai münasibəti sarsıdır. Bu, dövlətin dayağı olan ordunun təməlini, özünə inamını baltalayır. Açıqca görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti özünün doğrultmadı. Çox təəssüf ki, proses getdikcə, düzəlmək əvəzinə daha da mənfiyə inkişaf edir. Bütün bunlar cəzasızlıq mühitinin yaranmasından doğur. Siyasi hakimiyyət dövlətin dayaqlarını sarsıdan təhlükəli prosesi təcili surətdə dayandırmalıdır. Əks halda dövlətimizə ciddi zərbələr dəyəcək”.
/musavat.com/