BolgeXeber.Com » Analitika » Ayıq sürücü”lərin sərxoş hərəkətləri...

Ayıq sürücü”lərin sərxoş hərəkətləri...

14-12-2017, 11:43
Oxunub: 4 312 Bu günlərdə jurnalist Mahir Məmmədli ayıq sürücü xidmətindən istifadə edərkən ciddi insident yaşayıb. O, bu barədə sosial şəbəkədəki statusunda məlumat verib. Yazıb ki, “Valet Parking” adlı ayıq sürücü xidməti göstərən şirkətin sürücüsü onların başına oyun açıb. Belə ki, sürücü onlardan göstərdiyi xidmətdən artıq pul istəyib. 2 saatlıq xidmət haqqı 14 manat olsa da, sürücü onlardan 1 saat 40 dəqiqənin tamamında 21 manat tələb edib: “Sürücü razılaşmadı ki, 2 saat 1 dəqiqə də olsa, 3 saatın pulu ödənilməlidir. Dedik ki, qəbz ver, burda 14 manat ödəyək, ayrılaq. Məlum oldu ki, qəbz-filan yoxdur.

Şirkətə zəng vurduq, məsələni ayırd edənə qədər baxdıq ki, sürücü yoxdur. Maşının açarını da götürüb və qeyb olub. Şirkətin vergidən yayınması, qanunsuz ödəniş qəbul etməsi bir yana, sürücünün bu hərəkəti əndazənin aşılması idi. Polisə müraciət edəcəyimizi deyəndən sonra şirkətin meneceri sürücüyə zəng vurdu və o, açarı gətirib gəldi. Yenə dedik ki, qəbz verin, pulunuzu alın və sürücünüz getsin. Qəbz olmadığını təkrarladılar və bildirdik ki, nə vaxt qəbz gətirərsiniz, pulu alarsınız. Beləcə, nə qəbz verildi, nə də ödəniş olundu. Yazdıqlarım ayıq sürücü xidmətlərindən istifadə edənlər üçün bir xəbərdarlıqdır. Nə vaxtsa ”Valet Parking"ə müraciət etmək fikrinə düşsəniz, istirahətinizin və əhvalınızın korlanmaması üçün yazdıqlarımı nəzərə alın".

Ayıq sürücü işləkləri

Amma bu, ilk belə hadisə deyil. Bu ilin iyulunda da ayıq sürücü xidmətindən istifadə edən bir nəfərin maşınından 5 min manat pul oğurlanmışdı. Bakının Nərimanov rayonunda yaşayan 23 yaşlı Nicat Kamalov şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilmiş və aşağıdakı ifadəni vermişdi: “Sumqayıtda restoranda dayanmışdım. Bir nəfər çağırdı ki, bu müəllim içkilidir, maşınını idarə elə apar. Mən də həmin adamı götürdüm, Masazıra getdik. Orada gördüm ki, maşında pul var, ehtiyacım olduğu üçün götürdüm. Maşının sahibi də çox içkili idi, oyada bilmədim. Maşında qoyub getdim”.

Habelə, ayıq sürücü xidməti göstərdiyi zaman maşını əzib, dərhal da düşüb hadisə yerindən qaçan sürücülər də olub.

Bunlar sözügedən xidmətdən istifadə edənlərin başına gələn neqativ hallardır. Bunun kimi hallar isə əminik ki, çoxdur. Çünki maşın sahibi sərxoş, bir çox hallarda anlaqsızdırsa, xəstədirsə, onun başına bir çox neqativ hal gətirilə bilər. Pulu oğurlanar, üstünə silah çəkilərək, özünün və həyat yoldaşının üzərindəki zinət əşyaları tələb oluna bilər, insident çıxar və sair. Bütün hallarda ortada bir hüquqi tənzimlənmə, öhdəlik bölgüsü olmalıdır. Yəni sözügedən xidmətdən istifadə edən şəxs güvəndə olduğundan əmin olmalı, ya da başına bir iş gələrsə, maşını sürücü tərəfindən qəzaya uğradılarsa, öz haqlarını tələb edə bilməlidir.

Bəs neqativ halların qurbanı olmamaq üçün nə kimi önləyici tədbirlər görülməlidir? “Ayıq sürücü” xidmətinin sürücüsü tərəfindən zərərçəkən durumuna düşməməkdən ötrü nələr etmək olar?

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli öncə bildirdi ki, bir neçə dəfə “Ayıq sürücü” xidmətindən yararlansa da, xidmətin təyinatı ilə bağlı yanlış təsəvvür var. O dedi ki, əslində bu xidmətdən ancaq sərxoş vəziyyətdə yox, sağlamlıqda hansısa problem yarananda da istifadə edilir: “Məsələn, mənim gözümdə problem var, kompüterdə çox işləyəndə elə olur ki, yağışlı havada gecələr yaxşı görmürəm. Bu kimi halda da ayıq sürücü çağırmışam. Təkcə sərxoş olanda deyil, sürücü özünü narahat hiss edərsə, qəfildən görməsində problem yaranarsa, təzyiqi qalxarsa, bu xidmət işə yarayır”.

Müsahibimiz özünə uyğun şirkət seçənə qədər dərin araşdırma apardığını xatırlatdı: “Hansı şirkət daha təhlükəsizdir, sığortalı xidmət göstərir, bunu araşdırdım. Əksəriyyəti təminat vermir. Bəzi sığorta şirkətlərinin nəzdində ayıq sürücü xidməti var. Və bu, daha etibarlıdır. Məsələn, mən sığorta şirkətinin ayıq sürücü xidmətindən istifadə edirəm. Əgər bizim sürücü maşını vursa, günah onda olsa, şirkət dəyən ziyanı ödəyir”.

Müsahibimiz dedi ki, “Ayıq sürücü” xidməti sektoru olduqca bərbad durumdadır. Belə ki, bir nəfər şirkət açır, 5-6 taksi sürücüsü ilə əməkdaşlıq edir: “Onlarla müqaviləsiz çalışır. Ortada etibarlılıq göstəricisi olan heç nə olmur. Adını firma qoyub, əslində firma deyil. Heç bir müqaviləsi yoxdur, sadəcə, MMC yaradıb, cüzi vergi ödəyir. Nə sürücü ilə müqaviləsi var, nə də müştəri qarşısında öhdəliyi. Məsələn, bir dəfə belə şirkətlərdən birinin xidmətindən istifadə etdim. Sürücü gətirdi məni evə. Xidmət haqqını ödəyəndən sonra dedi ki, mənə əlavə yol pulu da ver. Bu isə ciddi istismardır”.

E.Məmmədli dedi ki, bu sayaq xidmətlərin bəzisi məsafə, bəzisi isə saatla çalışır. Daha doğrusu, maşın üçün bir neçə saatlıq sürücü tutmaq başqa anlayışdır, sərxoş sürücü xidmət başqadır: “Tutaq ki, firma deyir, iki saatlıq sürücü xidməti 20 manatdır. Sən 2 saat o sürücünü istədiyin yerə sürdürürsən. Amma sən ancaq şəhərin bir nöqtəsindən digərinə gedirsənsə, bu halda məsafəyə uyğun pul ödəyirsən. Bəzən o şirkətlər yolda baş verən qəzalara görə məsuliyyət daşımır. Yaxın bir adam bir dəfə bu xidmətdən istifadə edərkən ”ayıq sürücü" onun maşınını sürtüb qaçmış, dəyən ziyanı da ödəməmişdi. Amma mənim daim xidmətindən istifadə etdiyim firmanın sürücüləri səliqəli geyimdə, mədəni danışığı olan şəxslərdir. Hətta xanım sürücülər ayıq sürücü üçün müraciət edəndə onlara xanım ayıq sürücü təklif edirlər. Bu işdə əsas qayda odur ki, etibarlı şirkətlə əməkdaşlıq edilsin".

Ayıq sürücü kim olmalıdır, hansı xüsusiyyətlərə sahib olmalıdır?

Arayış üçün məlumat verək. “Ayıq sürücü” xidməti günün 24 saatı həftənin bütün günləri, o cümlədən bayram günləri, fəaliyyətindədir. Bəzi firmaların xidmətdən istifadə etmək üçün pulsuz olaraq hansısa qısa nömrəyə zəng edib marşrutu və sizə uyğun olan vaxtı qeyd etməlisiz ki, operator tarifi hesablayıb lazım olan yerə sürücü göndərsin. Şəhərdaxili 5-10 AZN, şəhərdaxili bir neçə istiqamət 10+5 AZN, şəhərdaxili istiqamətlər 15-20 AZN civarındadır.

Ayıq sürücü xidmətini nə vaxt sifariş etmək lazımdır? Alkoqoldan istifadə edəndə, səhhətinizdə problem olanda və ya özünüzü yorğun hiss edəndə, ilk dəfə sükan arxasında olub, yeni maşını evə xəta-bəlasız çatdırmaq istəyəndə, küçədə güclü qar və ya yağış olduğu halda, sürücülük təcrübəniz çatışmayanda... Gördüyünüz kimi, xidmətin təyinatı xeyli zəngindir.

“Ayıq sürücü” işləyən şəxs mexaniki və ya avtomat sürət qutusuna malik olan bütün maşın növlərini idarə etməyi bacarmalıdır. Sürücü müştəri və onun avtomobilinin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarını bilməli və ciddi şəkildə əməl etməlidir. Müştəri sürücüdən şəxsiyyət və sürücülük vəsiqəsi kimi sənədləri tələb etməlidir.

Bununla yanaşı, sürücünü işə götürən şirkət onu yoxlamalıdır. Maşında hər hansı bir problem yarandığı və ya radara düşdüyü təqdirdə, cərimə alan zaman maşın sahibi kiminlə əlaqə saxlamalı olduğunu bilməlidir. “Ayıq sürücü” gələn zaman ondan işlədiyi şirkətin vizit kartı tələb edilməlidir. Sürücü müştərini haradan, saat neçədə götürdüyünü və hansı yerdə maşını təhvil verdiyini zəng edib şirkətə xəbər etməlidir. Bu məlumatlar şirkət tərəfindən qeydə alınmalı, bir neçə ay o bazada saxlanılmalıdır. Hər hansı bir problem yaransa, elektron protokol gəldikdə, maşın sahibi günahın sürücüdə olduğunu sübut edə bilir. Bu zaman şirkət həmin vaxt sizə hansı sürücünün xidmət etdiyini tapır, cəriməni sürücüyə ödətdirir.

Ərşad Hüseynov: “Sürücü ilə şirkət arasında müqavilənin bağlanması mümkün deyil”

Bundan başqa, Azərbaycanda bu xidməti göstərən sürücülərin əksəriyyəti gündüz taksi sürənlərdir. Bu isə onların gün ərzində yorulduğunu, gecə isə yuxusuz qaldığını göstərir. Nəticə etibarilə sizə keyfiyyətli xidmət göstərən sürücüdən danışa bilməzsiniz. Daha bir qanuni boşluq isə ayıq sürücünün adına verilməmiş etibarnamədir. Belə ki, yalnız sürücülük üçün etibarnaməsi olan vətəndaş öz maşınını başqasının idarəsinə verə bilməz.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dövlətin müəyyən etdiyi xidmətin standartı olmalıdır: “Bu xidməti göstərən sürücü xüsusi intizama malik olmalı, maşın sahibinə hansısa maddi-mənəvi ziyan vuranda məsələ onun təmsil etdiyi şirkət tərəfindən həll olunmalıdır. Bu xidmətin bazar normaları müəyyən edilməli, xidmət etikası olmalıdır. Yaxşı olar ki, yeni standart olsun və bu xidmət sığortalı olsun. Mənə yarım saat maşınımı idarə edəcək şəxs lazımdırsa, bu xidmətin dərhal müqavilə formasında rəsmiləşdirilməsi mümkün deyil. Sadəcə, şirkətin üzərinə götürdüyü öhdəliklər bəlli olmalıdır”.

Müsahibimiz dedi ki, əgər nəqliyyat vasitəsindən istifadə edərkən kiməsə ziyan dəyirsə, onda maşının sahibi də məsuliyyət daşıyır. Bu məqamlar həm qanunvericilikdə, həm də təcrübədə tənzimlənməlidir: “Bu halda ”ayıq sürücü" xidməti təklif edən şirkətlərin öz işçilərinin həyatını sığortalaması arzuediləndir. Çünki bu sığortaya əsasən, şirkət qəza törətmiş işçisinin bütün məsuliyyətini və qəza baş verən zaman hər iki tərəfə dəymiş ziyanı üzərinə götürür".