BolgeXeber.Com » Analitika » "DəmirBank"ın gecikən iflasının səbəbləri — Ekspertlər açıqlayır

"DəmirBank"ın gecikən iflasının səbəbləri — Ekspertlər açıqlayır

23-12-2017, 15:09
Oxunub: 4 627 "DəmirBank"ın gecikən iflasının səbəbləri — Ekspertlər açıqlayırAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib

Maraqlıdır ki, Azərbaycan Banklar Assosiasiyası 2017-ci ili banklar üçün uğurlu il olduğunu bəyan edib. Bundan əlavə dəfələrlə Maliyyə Bazarlarına Nəzarət Palatasını artıq bankların bağlanmayacağını deyib. Palata problemləri bankları birləşməyə çağırsa da, banklar bu addımı atmayıb.

Bank sektorundakı vəziyyət, "DəmirBank"ın lisenziyasının ləğvi barədə iqtisadçı ekspertlər Əkrəm Həsənov və Vüqar Bayramov Ölkə.Az-a açıqlamalar veriblər.

Əkrəm Həsənov Azərbaycan Banklar Assosiasiyasının səsləndirdiyi fikirə münasibət bildirirək deyib ki, Azərbaycan Banklar Assosiasiyası Maliyyə Bazarlarına Nəzarət Palatasının mövqeyini dilə gətirir:

"Ötən ilin əvvəlində 6 bank bağlanmışdı. Bu ilin ilk rübündə Maliyyə Bazarlarına Nəzarət Palatası bildirdi ki, bundan sonra Azərbaycanda heç bir bank bağlanmayacaq. Ancaq iyul ayında palata 4 bankı bağladı. 4 bank bağlanandan sonra palata yenə bildirdi ki, heç bir bank bağlanmayacaq, oktyabr ayında "Bank Standart" bağlandı. Bundan sonra Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası bəyanat verdi ki, artıq bank sektorunda sabitlikdir, narahatçılığa əsas yoxdur. İl boyu deyirdim ki, proses bitməyib, əslində ölkədə xeyli pis vəziyyətdə olan banklar var. Çağırışlar edirdim ki, pis vəziyyətdə olan bankları bağlamaq lazımdır. Bunlar yaxşı bankların fəaliyyətinə mane olacaq".

Son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatasının "DəmirBank"la yanaşı bir neçə banka qarşı sanksiya tətbiq etdiyini deyən iqtisadçı ekspert qeyd edib ki, banklar əmanət qəbul edə bilmirdi:

"Bütün bunlarla bağlı məndə dəqiq məlumat var idi. Hesab edək ki, xəstə can verir, sən də ona dərman qəbul etməyə qoymursan. Problemləri olan banklar da bildirirdi ki, bundansa bankı bağlayın. Sən mənə əmanət qoymağa icazə vermirsənsə, bu o deməkdir ki, mənim vəziyyətimi daha da pisləşdirirsən. Bu vəziyyət çox davam edə bilməzdi. Sadəcə olaraq gözləyirdim ki, "DəmirBank"ın bağlanmasını növbəti ilə saxlayacaqlar, ancaq son anda bu qərar verildi.

İyun ayından Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsinə dəyişiklik olub. Lisenziya məsələlərini dövlət başçısı ilə mütləq razılaşdırmalıdırlar. "DəmirBank"ın lisenziyasının ləğvi ölkə rəhbərliyi ilə razılaşdırılıb. Yəqin ki, ölkə rəhbərliyinə məlumat çatıb ki, "DəmirBank"ın vəziyyəti pisdir, ancaq palata bu məsələni uzadır. Problemli banklar fəaliyyət göstərir, bu da yaxşı bankların fəaliyyətinə pis təsir edir".
Prosesin davam etməli olduğunu deyən Əkrəm Həsənov qeyd edib ki, vəziyəti pis olan bankları bağlamaq lazımdır:

"Ola bilsin ki, 1-2 həftəyə bir neçə bank da bağlandı. Onsuzda problemli banklar bağlanacaqlar. Bunu uzatmağın mənası yoxdur. Bankların pulu yoxdur artıq. Kreditlər veriblər, onları yığa bilmirlər".

“Dəmirbank”ın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlamasında Vüqar Bayramov deyib ki, “Dəmirbank”ın bağlanması gözlənilən qərardır:

"Çünki artıq xeyili müddətdir ki, sözügedən bank hətta kiçik məbləğli əmanətləri belə geri qaytara bilmirdi. Ötən həftə “axsayan banklardan” yazanda bildirmişdim ki, öz fəaliyyətlərini yerinə yetirə bilməyən banklar var və onların sağlamlaşdırılması lazımdır. Belə bankların sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanması uzun müddətdir ki, təklif etməyimizə baxmayaraq, təəssüf ki, palata tərəfindən bu istiqamətdə hələlik real addımlar atılmayıb.

Yeni bir bankın müflis elan edilməsi bank sektoruna inamın azalması kimi mənfi təsirlər ilə yanaşı, bankların konsolidasiyasının, demək olar, mümkün olmadığından xəbər verir. Halbuki konsolidasiya prosesi dəstəklənməli və eləcə də belə bankların sağlamlaşdırılması müflis elan olunmaların və xüsusən də bank sektoruna olan inamın azalmasını qarşısını alar.

Əmanətlərin aqibətinə gəldikdə isə iqtisadçı ekspert bildirib ki, müflis olan bankların sayı artdıqca qorunmayan əmanətlərin qaytarılması şansları azalır:

"Belə ki, Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətlərin ödənilməsinə məsuldur. Fondun məlumatına görə, əvvəl müflis elan edilən 11 bank üzrə 747 milyon 938 min manat kompensasiya ödənilib. Bu yaxşıdır. Amma qorunmayan əmanətlərin taleyi necə olacaq? Müflis olan bank onu qaytarmaq öhdəliyi götürüb və həmin puldan istifadə edərək gəlir əldə edib. Müflis olunduqdan sonra isə qorunmayan əmanət sahibinə qaytarılmır. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənilməli və ən əsası bankların öhdəlikləri ilə aktivlərinin korrelasiyası müəyyənləşdirilməlidir. Bütövlükdə isə, son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara və eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var".