BolgeXeber.Com » Analitika » Varlıların gözü doymur, yoxsa…

Varlıların gözü doymur, yoxsa…

25-01-2018, 17:22
Oxunub: 4 755 Varlıların gözü doymur, yoxsa…Milyonerləri digər insanlardan fərqləndirən çox ilginc cəhətlər və bunun səbəbləri

“Keçən il dünyada superzənginlər və digərləri arasında varlılıq fərqi artmaqda davam edib”. Bu, “Oxfam” təşkilatının yeni hesabatında iddia edilir. Bolgexeber.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı ortada ilginc rəqəmlər var.

Xeyriyyə təşkilatı bildirib ki, keçən il qazanılan pulun 82 faizi dünya əhalisinin ən varlı 1 faizinin cibinə gedib, digərləri isə sahib olduqları sərvətdə heç bir artım müşahidə etməyiblər.

“Oxfam” bildirir ki, təşkilatın əldə etdiyi rəqəmlər hazırkı sistemin uğursuz olduğunu göstərir. Lakin bəzi tənqidçilər təşkilatın məlumat bazasını sual altına qoyublar.

Təşkilat artan fərqə əsas səbəblərin vergidən qaçma, şirkətlərin siyasətə təsiri, əmək hüquqlarının zəifləməsi və hökumətlərin xərclərini azaltması olduğunu deyib.

“Oxfam” artıq beş ildir ki, buna bənzər hesabatlar dərc edir. 2017-ci ildə təşkilatın hesablamaları dünyanın ən zəngin 8 varlısının sərvətinin dünya əhalisinin ən kasıb 50 faizinin sərvətinə bərabər olduğunu iddia etmişdi.


Builki hesabatda isə təşkilat hesablamasını dəyişərək, keçən ilki rəqəminə düzəliş edib, dünyada ən varlı 61 nəfərin sərvətinin ən kasıb 50 faizinin sərvətinə bərabər olduğunu deyib. Bu il isə fərq artaraq, yalnız 42 nəfərin sərvətinin ən kasıb 50 faizinin sərvətinə bərabər olduğunu qeyd edib.

“Oxfam” qeyd edir ki, hesablamada etdiyi dəyişikliyə səbəb təşkilatın daha dəqiq məlumat əldə etdiyinə görədir. Buna baxmayaraq, təşkilat dünyanın ən zənginləri ilə kasıb əhalinin sərvəti arasındaki fərqin artmaqda davam etdiyini vurğulayıb.

“Oxfam”ın baş idarəçisi Mark Goldring rəqəmlərindəki dəyişikliyin hesabatın hər dəfə hazırlananda mövcud olan ən dəqiq məlumatdan istifadə etdiyinə görə olduğunu bildirib.

“Bu dərəcədə bərabərsizlik qəbulolunmazdır”, – o deyib.

“Oxfam”ın hesabatının dərc edilməsi İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun keçirilməsi ilə üst-üstə düşür. İllik konfrans dünyanını ən mühüm siyasi və biznes liderlərini cəlb edir.

Danışıqlar zamanı bərabərsizlik mühüm mövzu olur, lakin cənab Goldring şikayət edir ki, çox vaxt “sərt söhbətlər ilk müqavimətlə üzləşən kimi yoxa çıxır”.

Superzənginlərin və ən kasıb əhalinin sahib olduğu sərvəti hesablamaq çox çətindir.

Superzənginlərin çoxu sərvətləri barədə məlumatı ictimailəşdirmirlər və dünyanın ən kasıb ölkələrinin topladığı statistikanın keyfiyyəti, adətən aşağı səviyyədə olur.

Hesabatın istifadə etdiyi statistika barədə digər problemlər də ola bilər. Məsələn, çox kasıb olduqları qeyd olunan şəxslər qeyd edilən səviyyədə kasıb olmaya bilərlər. Mümkündür ki, onlar təhsil xərcləri kimi böyük borcları olan peşəkarlar və ya böyük gəlirləri və eyni zamanda böyük ipoteka xərcləri olan insanlardır.

Lakin dünya əhalisinin sərvətinə bərabər sərvətə sahib olan şəxslərin sayı 8, 41 və ya 62 nəfər olsa da bu nəhəng bərabərsizliyin göstəricisidir və “Oxfam”ın Davosa yönəltdiyi əsas mesaj budur.

Amma bu məlumat özü ilə paralel xeyli suallar da yaradır. Xüsusən də ictimaiyyətdə bu rəqəmləri eşidən kimi formalaşan məsələlər fərqlidir. Sıravi vətəndaş dərhal düşünür ki, bu qədər malı, pulu olan insanlar niyə daha çox varlanmaq eşqi ilə yaşayır? Zatən yaxşı yaşayış üçün şərtlər bəllidir: gözəl ev, maşın, sağlamlıq və səyahətlər. Bütün bunları isə həmin var-dövlətin sahibləri asanlıqla əldə edə bilirlər. O halda bunun adı hərislikdir, yoxsa “ən yaxşı yaşayış” arzusu? Bəlkə bu qazanmaq özü bir sənətdir?

“Yeni Müsavat” dünya psixoloqlarının analizlərindən ibarət varlı insanların düşüncə və yaşam tərzlərindəki fərqlər barədə bir arayış hazırlayıb. Öncə ondan başlayaq ki, varlı insanları orta sinifdən fərqləndirən bank hesablarından daha çox düşüncə tərzləridir.


Sərvətinin hamısını özü yaratmış milyonerlər üzərində qurulan və 25 il davam edən araşdırmalara görə, varlı olmaq zehində başlayır və pul qazanmaqla bağlı düşüncələriniz, inanclarınız varlı olub-ola bilməyəcəyinizə təsir edən ən önəmli faktor olaraq qarşınıza çıxır. İnsanların varlı olmalarına mane olan şey ehtiras əskikliyindən daha çox inanc əskikliyindən qaynaqlanır və bu, olduqca əhəmiyyət daşıyan nəticələrdən biridir.

Lazımi qədər pulları olmasa da, maddi sıxıntıda olduqlarını düşünməzlər

Varlı insanlar başqa insanların pullarından istifadə edərək, gələcəklərini qurmaqdan heç vaxt çəkinmirlər. Əgər gözəl bir iş fikri taparlarsa və bunu həyata keçirməyə kifayət edəcək qədər pulları yoxsa, o iş fikrini həyata keçirmək məqsədilə başqa insanların pullarından istifadə edərək, irəliləməyə çalışırlar.

Varlılar bilirlər ki, bir şeyi gerçəkləşdirməyə kifayət edəcək pula sahib olmamaq onu həyata keçirməyə əngəl deyil. Əsas məsələ buna investisiya qoymağa və ya əziyyət çəkməyə dəyib-dəyməməsidir.

Orta sinif insanlar maddi gözləntilərini aşağı səviyyədə tutaraq, xəyal qırıqlığına düşməkdən qaçarkən varlılar gözləntilərini son dərəcədə yüksək tutur və qarşılaşacaqları hər cür çətinliyə hazır olurlar.

Varlılar çox arzuladıqları bir hədəf müəyyənləşdirdikdən sonra həvəslə işə başlayır və bu hədəfə çatmaq üçün müxtəlif yollar axtarırlar: “Çempionlar nələrinsə olmasını gözləmirlər, onu gerçəkləşdirirlər”.

Pul qazanmağı bir oyun olaraq görürlər

Varlilar həyata, işə və pul qazanmağa bir oyun gözü ilə baxırlar. Məhz bu səbəbdən milyonerlər varlı olmalarına baxmayaraq, yenə də hər gün işə gedir və bir sonrakı hədəflərinə çatmağa çalışırlar. Bu insanlar üçün pul növbəti hədəfə çatdıqlarını göstərən bir göstəricidən başqa bir şey deyil.

Bundan başqa, “oyun oynamanın həyəcanı” davamlı olaraq gözləntini yüksəltmək adına onları təşviq edir.

Varlılar pulu ən yaxşı dost və ortaq olaraq görürlər. “Yuxusuz gecələr boyunca duyulan qayğıya, fiziki ağrıya son verəcək gücü olan və hətta həyatlarını xilas edə biləcək bir dostdur pul”.

Varlılar pulun bir çox dərdə dava ola biləcəyinə inandıqları halda orta sinifdən olan insanlar pulu, ömür boyu dözmək zorunda olduqları, bitmək-tükənmək bilməyən bir müsibət olaraq görürlər.

Böyük adamlar qorxuya yer olmayan bir anlayış, məntiq səviyyəsində yaşayırlar. Bu düşüncə tərzində olan insanlara görə hər şey mümkündür. Çılğınlıq kimi görünən hər cür xəyal onlara görə həyata keçə bilər.

Bu səviyyədə bir anlayışa, beyinə sahib ola bilmək üçün öncə hər varlının etdiyi kimi öz rahatlıq səviyyənizin xaricinə çıxmalısınız. Dünya səviyyəsində məsələni təhlil edənlər ilk növbədə milyoner olmağın asan olmadığını bilirlər və bir müddət davam edən qeyri-müəyyənlik halında belə özlərini rahat hiss edirlər.

Varlı olmaq qədər təbii bir şey yoxmuş kimi düşünürlər

Varlılar uğur, doyum və xoşbəxtliyin təbii şəkildə yarandığına inanırlar. Hardasa bu inanc belə təkbaşına uğurlu olmanın təminatçısıdır.

Bundan başqa, orta sinif daim mübarizə halındadır. Çünki onlar ummaqla kifayətlənirlər. Özünü varlı olmağa layiq belə görməyən bir yığın insan var. Öz-özünüzə “Mən kiməm ki, milyoner olum” demək yerinə, “Nə üçün mən də varlı olmayım?” deməyə üstünlük vermək lazımdır.

Puldan doyandan sonra siyasətə gəlirlər…

Bir çox hallarda isə varlılar müəyyən yaşdan sonra siyasətə gəlirlər. Siyasi analitiklər isə hesab edir ki, varlı insanların siyasətə gəlişi psixoloji nüansdır. Onların fikrincə, biznesdə uğur qazanan şəxslər eqolarını həm də ictimaiyyətin həyatında qazanacaqları uğurlarla doyuzdurmaq istəyirlər. Məsələn, biznes layihəsini uğurla həyata keçirən şəxs hesab edir ki, ölkədə də müsbət istiqamətdə hansısa dəyişikliklər edə bilər. Bundan başqa, dünyada varlılar siyasətə həm də var-dövlətlərini artırmaq, qarşılarında yaranmış bəzi qırmızı işıqları maneəsiz keçmək üçün baxırlar.

Sevinc TELMANQIZI