BolgeXeber.Com » Analitika » Nizami İsgəndərov işçilərini şoka salıb

Nizami İsgəndərov işçilərini şoka salıb

6-02-2013, 20:25
Oxunub: 6 313 İş adamı son bir ildə çoxlu sayda əcaib yeniliklərə imza atıb

Sumqayıt şəhərinin tanınmış iş adamlarından biri olan “Cavid” və “Sumqayıt” Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərov son bir il ərzində sahibi olduğu alış-veriş mərkəzlərində həyata keçirdiyi yeniliklərlə işçiləri şoka salıb. Bu barədə redaksiyamıza məlumat verən özəl mənbənin sözlərinə görə, iş adamının həyata keçirdiyi şok yeniliklərdən biri arendatorlardan fərqli adlarla əlavə vəsaitin toplanması, icarədar və işçilərin fəaliyyətinə lüzumsuz müdaxilələrlə bağlıdır.

Ticarət mərkəzində texniki təchizat hazırlığı

Mənbənin sözlərinə görə, bir neçə ay bundan öncə N.İsgəndərovun tapşırığı ilə iş adamının köməkçiləri yeni qaydalar müəyyənləşdirdiki, bunlardan da biri texniki təchizat adı ilə arendatorlardan əlavə vəsaitlərin toplanması oldu: “İş adamının göstərişi ilə bütün arendatorlara elan edildi ki, bundan sonra onlar daha optimal fəaliyyət üçün texniki təchizata əlavə vəsait ödəyəcəklər. Yığılan pullar isə ticarət mərkəzinin texniki təchizarı ilə bağlı meydana çıxacaq problemlərin həllinə srəf olunacaq. Lakin texniki təchizat adı ilə vəsait yığımı bir neçə aydır ki, davam etsə də, bugünə qədər həmin vəsaitin hansısa texniki təchizat işlərinə sərf edildiyini görən olmayıb. Ümumiyyətlə, həm “Cavid”, həm də “Sumqayıt” Ticarət Mərkəzlərində texniki təchizatla bağlı meydana çıxan bütün problemlər arendatorların şəxsi vəsaiti hesabına həll olunur. N.İsgəndərovun müəyyənləşdirdiyi qaydalara görə, hər bir arendator onun istifadəsinə verilən obyektin estetik görünüşündən tutmuş texniki təchizatına qədər hər bir probleminin həllinə cavabdehdir. Hətta arendatorların istifdəsinə verilən obyektin xarici fasadı və ona yaxın məkanın təmir-bərpa problemləri də həmin arendatora həvalə edilir. Buna görə də, arendatorlar texniki təchizat adı ilə onlardan yığılan vəsaiti haqlı olaraq əlavə itki hesab edir”.

“Təmizlik imandandır, pul arendatordan”

Mənbənin məlumatına görə, arendatorların təmizlik adı ilə də vəsait toplanılır ki, bu vəsait də kiçik sahibkarları narazı salan məqamlardandır: “N.İsgəndərovun arendatorlardan aldığı təmizlik haqqı da sahibkarlar tərəfindən narazılıqla qrşılanır. Çünki bu məsələdə də bütün problemin ağırlığı məhz arendatorların üzərinə düşür. Hər bir arendator sahib olduğu obyekt və onun qarşısının təmizliyini həyata keçirdiyi üçün hansısa əlavə təmizliyə ehtiyac qalmır. Buna görə də N.İsgəndərovun “təmizlik haqqı” adı ilə arendatorlardan pul yığımı ikincilərinin ciddi narazılığına səbəb olmaqdadır”.
Bəzi arendatorların baş verənlərlə bağlı öz narazılığını artıq büruzə verdiyini bildirən mənbə, N.İsgəndərovun köməkçilərinin bu məsələyə münasibətinin sərt olduğunu qeyd edib: “Bəzi arendatorlar ticarətin günü-gündən zəiflədiyi, arenda şərtlərinin isə sərtlşdiyi bir zamanda təmizlik adı ilə pul yığımına yumşaq şəkildə etirazını bildirsə də, sabiq millət vəkilinin köməkçiləri həmin şəxslərə çox sərt şəkildə qarşılıq verib. Belə ki, narazı arendatorlara bildirilib ki, kim narazıdırsa ticarət mərkəzini tərk edə bilər. Heç kim burada məcburən saxlanılmır. İş adamının köməkçiləri bu yerdə İslamı da yada salır və bildirir ki, təmizlik haqqına etiraz etməyə kimsənin haqqı yoxdur. Ən azından ona görə ki, “təmizlik imandandır. Arendatorlar isə bu məsələ ilə bağlı öz aralarında belə bir deyimdəm istifadə edir: “Təmizlik imandandır, pul arendatordan ”.

Təhlükəsizlik haqqı

N.İsgəndərovun təhlükəsizliyin təminatı məqsədilə də arendatorlardan vəsait topladığını bildirən mənbə, bütün bunların kiçik sahibkarların büdcəsi ilə yanaşı, əsəblərinə də mənfi mənada təsir göstərdiyini qeyd etdi: “Arendatorlardan təhlükəsizliyin təminatı adı ilə mühafizə xidməti üçün də vəsait toplanır ki, bu da kiçik sahibkarlar üçün yalnız maddi deyil, həm də vaxt itkisi deməkdir. Çünki bu vəsaitlərin hər birini arendatorlardan ayrı-ayrı adamlar toplayır. Daha doğrusu, arendatorlar ayın bəlli bir günündə bəlli şəxsin kabinetinə yaxınlaşaraq növbəyə durur, pul vermək üçün saatlarla vaxt və əsəb sərf edirlər. Arendatorlar hesab edir ki, bütün bu pulları konkret bir şəxsə toplu olaraq vermək daha məqsədəuyğun olar. Ən azından arendatorlar vaxt və əsəblərini korlamaz, buna sərf etdikəri vaxtı öz ticarətlərinə yönəldərlər. Lakin hələ ki, N.İsgəndərova məxsus ticarət mərkəzlərində sistem məlum qayda ilə idarə olunmaqdadır. Hansı ki, bu idarə sistemindən razı qalan yeganə şəxs iş adamı N.İsgəndərov və onun köməkçiləri hesab olunur”.

“İş adamından dəstəmaz qadağası”

Mənbənin sözlərinə görə, N.İsgəndərovun yaxın bir neçə ayda həyata keçirdiyi ən əcaib yeniliklərdən biri ticarət mərkəzlərinin əməkdaşlarının sudan istifadəsini məhdudlaşdırması ilə bağlı oldu: “N.İsgəndərov artıq bir neçə aydır ki, “Cavid” və “Sumqayıt” Ticarət Mərkəzlərində çalışan işçilərin sudan istifadəsinə bəlli bir ölçüdə qadağa qoyub. Belə ki, əgər əvəllər işçilər “Cavid” Ticarət Mərkəzindəki ayaqyoludan öz məişət ehtiyaclarını ödəmək, su doldurmaq, işlətdikləri stəkanları yumaq, dəstəmaz almaq və s. məqsədlə istifadə edə bilirdisə, artıq bu imkan da aradan qalxıb. N.İsgəndərovun suya nəzarət üçün təyin etdiyi şəxs bildirir ki, sudan yalnız o şəxslər istifadə edə bilər ki, onlar ayaqyoludan istifadə ediblər. Yəni bu sudan dəstəmaz almaq, çaynik doldurmaq, stəkan yumaq və s. məqsədlərlə istifadə etmək olmaz. Ayaqyoludan istifadə etdikləri üçün isə ticarət mərkəzlərindəki bütün obyekltlərdən ayda 6 manat məbləğində pul yığılır. Lakin N.İsgəndərovun “su israfının qarşısını almaq” üçün gətirdiyi bu yenilik işçilərin çoxunun tələbatına cavab vermədiyi üçün onların böyük əksəriyyəti “Karvan” ticarət mərkəzindəki sudan istifadə edirlər. Artıq bir neçə aydır ki, dəstəmaz almaq istəyən və ya obyektdə müəyyən məqsədlərlə sudan istifadə etmək istəyən hər kəs məhz Ağamirzə Əhədova məxsus su mənbəyinə üz tutur”.

Su israfını önləməyin daha bir yolu

N.İsgəndərovun yaxın aylarda su sərfini önləmək üçün daha bir maraqlı üsula əl atdığını bildirən mənbə, ayaqyoluna bu məqsədlə yeni bir cihaz yerləşdirildiyini bildirib. Belə ki, artıq ayaqyolundan istifadə edən hər kəs girişdə quraşdırılan məlum aparata 20 qəpik məbləğində pul atmağa məcburdur: “İş adamı işçilərinin sudan sadalanan məqsədlərlə istifadəsini önləsə də, su sərfindən narahat olan N.İsgəndərov daha bir üsula əl atıb. Belə ki, bir neçə ay bundan öncə ayaqyolunun girişinə eyniylə metrodakı cihaza bənzər yeni bir aparat yerləşdirilib. Beləliklə də, iş adamı ayaqyolundan istifadə edən hər kəsi bura girdiyi hər dəfədə 20 qəpik ödəmək məcburiyyəti qarşısında qoyub. N.İsgəndərovun bu addımı ticarət mərkəzinin əməkdaşlarını şoka salmaqla yanaşı, onları maddi baxımdan da ciddi ziyana uğradıb. Belə ki, gündə bir neçə dəfə ayaqyolundan istifadə edən şəxslər hər dəfə 20 qəpik məbləğində pul ödəyir ki, bu da ay sonunda nəzərəçarpacaq bir məbləğ təşkil edir. Ümumiyyətlə, əksər satıcı və arendatorlar hesab edir ki, N.İsgəndərovun ticarət mərkəzlərində həyata keçirdiyi bütün yenilik və islahların hamısı iş adamının şəxsi maraqlarına hesablanıb və bu islahatlarda icarədarların maraqları zərrə qədər də olsun nəzərə alınmır. Bu isə öz növbəsində bir çox icarədarın ticarət mərkəzini tərk etməsinə səbəb olur. “Cavid” Ticarət Mərkəzində əksər obyektlərin boş qalması buna nümunədir”.

Oksigen balonlarına hazırlıq gedir

Mənbənin bildirdiyinə görə, N.İsgəndərovun əcaib yeniliklərindən təngə gələn icarədarlar öz aralarında yarızarafat-yarıgerçək deyirlər ki, belə getsə, iş adamı yaxın günlərdə işçilərdən aldqıları havaya görə haqq alacaq: “Bu fikir işçilərin məlum narazılığının göstəricisidir və N.İsgəndərovun hər şeydən pul qoparmaq cəhdindən usanan işçilər bununla diqqəti iş adamının mərhəmətsiz münasibətinə cəlb edirlər. İşçilər bildirirlər ki, belə getsə, günlərin bir günü N.İsgəndərov işçilərdən “oksigen pulu” da yığacaq. Ticarət mərkəzlərinin girişinə oksigen cihazları yerləşdiriləcək ki, işə gələn hər kəs eyniylə ayaqyoluna qoyulan cihaz kimi bu qurğuya bəlli bir miqdarda pul köçürərək içəri girmək haqqı qazanacaq. Buna etiraz edən şəxslər isə havasızlıqdan boğulmamaq üçün işə xüsusi oksigen balonları və əlehqazlarla gəlməyə, ticarət mərkəzində bu cihazlarla dolaşmağa məcbur olacaq”.
Mənbə N.İsgəndərovla bağlı narazılıq fonunda Zaman İsgəndərovun müsbət imicinin formalaşdığına da diqqət çəkdi: “N.İsgəndərovla bağlı narazılıq artdıqca, Zaman İsgəndərovla bağlı məmnunluq çoxalmaqdadır. Bu gün ticarət mərkəzində çalışan insanların böyük əksəriyyəti hesab edir ki, Z.İsgəndərov N.İsgəndərovdan fərqli olaraq əməkdaşların rahat bir ortamda fəaliyyətinə daha ciddi yanaşır, arenda pulu xaricində icarədarların heç bir işinə qarışmırdı. Lakin ticarət mərkəzlərinə rəhbərlik N.İsgəndərovun əlinə keçdikdən sonra vəziyyət tamamilə dəyişməyə başladı. Bu gün bəzi hallarda obyekti icarəyə götürən şəxsin yanında hansı işçinin çalışıb-çalışmayacağına da N.İsgəndərov və onun yanındakı şəxslər qərar verir ki, bu da icarədarın haqlı narazılığına səbəb olur. İcarədarlar hesab edir ki, ağır arenda şərtləri altında fəaliyyət göstərdikləri azmış kimi bu cür əlavə və yersiz problemlərin meydana çıxması onların ticarət fəaliyyətinə ağır ziyan vurur. Bu isə gec-tez icarədarın ticarət mərkəzini tərk edərək tamam başqa bir ortama daşınmasına səbəb olur”.
Araşdırmalarımız davam edir gundemxeber.az