BolgeXeber.Com » Analitika » Nəfəslə gələn ölüm...

Nəfəslə gələn ölüm...

16-07-2018, 11:14
Oxunub: 4 724 Nəfəslə gələn ölüm...Və ya siqaret çəkənlər üçün son "ümid" yeri olan "gündə bir ədəd çəkmək zərərsizdir'' düşüncəsi necə öldü?

Bolgexeber.com kaspi.az-a istinadən Kardioloji Uzman Yalçın Velibeyin yazısını təqdim edir.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada 1,1 milyard insan siqaret çəkir. Dünyada hər il 4,5 milyon insan siqaretə bağlı xəstəliklərdən ölür. Əgər tədbir görülməzsə, 2025-ci ildə 10 milyon insanın, siqaret çəkdiyi üçün öləcəyi gözlənilir. Yaşadığım Türkiyə Cümhuriyyətində isə 17 milyon insan siqaret çəkir. Dünyada və Avropada ən çox siqaret çəkilən ölkə Yunanıstandadır. Yunanıstandan sonra dünyada ən çox siqaret çəkən insanlar İndoneziyadadır. Avropada Yunanıstandan sonra ən çox siqaret çəkənlər isə Türkiyədədir.

Cavan yaşlarda (50 yaşdan aşağı) infarkt keçirən xəstələrdə hipertaniya və diabet kimi xəstəliklər daha az müşahidə edilsə də, bu xəstələr arasında siqaret çəkənlər daha çoxdur. Hətta 35 yaşın altında infarkt keçirən insanların 94 faizində ürək-damar tıxanmasının səbəbi siqaret çəkməkdir. Ancaq təəssüf ki, cavan xəstələrin 59 faizi infarkt keçirdikdən sonra yenidən siqaret çəkməyə başlayırlar. Siqaret çəkən şəxs mütləq siqaret ondan vaz keçməlidir. Siqaret bir çox xəstəliyə səbəb olmaqla yanaşı, əngəllənə bilinən (yəni qarşısı alına bilinən) ölümlərin 50 faizinin səbəbidir. Siqaret çəkən hər iki nəfərdən biri siqaretə bağlı xəstəliklərdən (ürək-damar və ağciyər xəstəlikləri, xərçəng, və sairə) ölür. Siqaret çəkməklə həyatınızın ən azı 10 ilini itirirsiniz. Siqaret çəkənlərdə 10 il içində infarktdan ölmə riski ikiqat artır. Siqaret çəkməyi buraxdıqdan sonra bir insanın infarkt keçirmə riski ancaq 10-15 il sonra siqaret çəkməyən bir insanın infarkt keçirmə riskinə bərabər olur (ancaq bu risk heç vaxt 0 faiz olmur). Siqaret çəkən bir insanın infarkt keçirdikdən sonra siqaret çəkməkdən imtina etməsi təkrar infarkt keçirmədən qoruyan müalicə metodları arasındakı ən önəmli müalicə metodudur.

Siqaret tüstüsünə məruz qalmaq da (buna passiv siqaret çəkmə deyilir) ürək-damar xəstəliyi riskini artırır. Siqaret çəkən bir nəfərlə yaşayan siqaret çəkməyən birində, ürək-damar xəstəliyi riski 30 faiz artar. Yəni siqaret çəkən şəxs, təkcə öz həyatını deyil, onunla bir evdə yaşayanların və ya bir mühitdə olanların da həyatını təhlükə altına atır. Siqaret çəkmək qadınlara daha çox təsir edir. Belə ki, siqaret çəkən bir qadının infarkt keçirmə riski siqaret çəkən bir kişinin infarkt keçirmə riskindən daha çoxdur. Daha dəqiq desəm, siqaret çəkən qadınlarda ürək damarlarının tıxanma riski siqaret çəkən kişilərə nisbətən 1,25 qat daha çoxdur. 'Light" siqaret və filtrli siqaretin zərərsiz olduğu deyilir. Bu, yanlış bir düşüncədir. Çünki istənilən növ siqaret (siqar, 'light" siqaret, filtrli siqaret, puro, nargilə, tənbəki) ürək-damar xəstəliyi üçün risk faktorudur. Tüstünü nəfəslə içə çəkmək daha zərərlidir. Ancaq tüstünü daxilə ötürmədiyini söyləyən siqaret çəkənlər də infarkt keçirmə riski ilə qarşı-qarşıyadırlar. Bəs, tüstüsüz tütün də zərərlidirmi? Tüstüsüz tütünün istifadəsi get-gedə artır. Tüstüsüz tütün dünyada ən çox İsveçdə istifadə edilir. Ən çox istifadə edilən tüstüsüz tütün isə "SNUS''-dur. Tüstüsüz tütün, qurudulmuş tütünə su, ətir, qələvi maddə və duz qatılaraq hazırlanır. Yəni dumansız tütün yaş tütündür və diş əti ilə dodaq arasına qoyularaq istifadə edilir. Tüstüsüz tütünün zərərli olmadığı düşüncəsi mövcuddur. Ancaq aparılan son elmi araşdırmalar tüstüsüz tütünün qandakı adrenalin miqdarını, qan təzyiqini, nəbzi və infarkt keçirmə riskini artırdığını göstərdi. Yəni tüstüsüz tütün də zərərlidir və tüstüsüz tütün istifadə edənlər bundan imtina etməlidirlər. Gündə bir ədəd siqaret çəkmək də zərərlidir? Az (gündə 10 ədədə qədər) siqaret çəkməyin zərərli olmadığı düşüncəsi mövcuddur. Ancaq aparılan ən son elmi araşdırmalar, hətta gündə sadəcə, bir ədəd siqaret çəkməyin belə, ürək-damar tıxanması riskini kişilərdə 48, qadınlarda 57 faiz artırdığını sübuta yetirib. Ayrıca, gündə sadəcə, bir ədəd siqaret çəkmək ağciyər xəstəlikləri və ağciyər xərçəngi riskini də artırır. Beləliklə, siqaret çəkənlər üçün son "ümid" yeri olan "gündə bir ədəd çəkmək zərərsizdir'' düşüncəsi də, beləcə "öldü".

Siqaret çəkməyi buraxdıqdan sonra çəkinin artdığı doğrudurmu? Siqaret çəkən insanların çəkiləri siqaret çəkməyən insanlarla müqayisədə daha az olur. Siqaretdən imtina edən insanların əksəriyyətində çəki artır. Siqaret çəkməyi buraxan insanlarda bir il ərzində təqribən 4-5 kilo çəki artımı olur. Çəki artımının çoxu ilk 3 ay içində olur. Çəki artımının iki önəmli səbəbi var. Birincisi, siqaretin tərkibində olan nikotin iştahanı azaldır. İkincisi, nikotin bədəndəki metabolizmanın sürətlənməsinə səbəb olur. Siqaret çəkməkdən imtina həm iştahanın artmasına səbəb olur, həm də metabolizmanın sürətini azaldır. Bunun nəticəsində də, çəki artımı olur. Artıq çəkinin zərərli olduğunu düşünərək, siqaretdən imtinanın faydasının ortadan qalxdığını iddia edənlər də var. Ancaq siqaret çəkməyi buraxdıqdan sonra çəkinin yaranması siqaretdən imtinanın faydasını azaltmamalıdır. Çünki aparılan elmi araşdırmalar nəticəsində bu çəki artımının infarkt və ya insult keçirmə riskini artırmadığını sübut edib.

Siqaretdən imtina üçün qəbul edilən bəzi dərman preparatları ürək-damar sistemi üçün zərərlidirmi? Hər şeydən əvvəl onu deyim ki, siqaretdən imtina bir iradə məsələsidir. Ancaq son illərdə siqaret çəkməyi buraxmaq üçün bəzi dərman preparatlarından (varenicline, bupropion və nikotin) da istifadə edilir. Ancaq bu dərman preparatlarından istifadə, infarkt keçirmə və ya ürək-damar xəstəliyinə tutulma və ya ürək-damar xəstəliklərindən ölmə riskini artırmır. Üstəlik, bu dərmanlar xəstələrin qan təzyiqini və nəbzini də yüksəltmir.