BolgeXeber.Com » Analitika » Səlim Müslümov Cenevrəni necə qurutdu…

Səlim Müslümov Cenevrəni necə qurutdu…

12-08-2018, 15:08
Oxunub: 5 792 Səlim Müslümov Cenevrəni necə qurutdu…Üçüncü günün səhəri, artıq Sürixə qayıtmağımıza dəqiqələr qalmış, nəhayət, almanca danışan bir qadına rast gəldik, çünki həmin gün Səlim Müslümov qabağımıza çıxmamışdı

İsveçrənin almandilli kantonlarına qarşı, öncəki yazımda göstərdiyim “qəddarlığı” yumşaltmaq adına, onların bir üstün cəhətini demək istəyirəm – siz Sürixdə, Bazeldə fransızca danışsanız, bu dili bilən adam mütləq fransızcaya keçəcək ki, sizə rahat olsun. Əlbəttə bu, başqa dillərə də aiddir – sürixli, bazelli bildiyi bütün dilləri işə salacaq ki, sizin işiniz görülsün. Lakin Cenevrədə sizə qarşı bu qədər “dözümlü” olmayacaq, fransızcada israr edəcəklər. Fransızların ədasından, forsundan da ki, keçmək olmur.

İki il əvvəl, həftəsonunu keçirmək üçün, ailəvi getmişdik Cenevrəyə. Birinci gün, səhər saatlarında, Rue des Moulins-də (küçə adı) Səlim Müslümov çıxmışdı qabağımıza. Belə qərara gəlmişdik ki, bu, nəsə pis bir şeyə işarədir. Elə də oldu – bütün gün boyunca almanca danışan bircə adama belə rast gəlmədik – kafedə, mağazada çox əziyyət çəkdik.

İkinci gün, demək olar ki, eyni səhər saatlarında və eyni küçədə, Səlim Müslimov ikinci dəfə çıxdı qabağımıza. Qəti qərara gəldik ki, burda zarafatsız filansız bir mistika var, çünki Səlim Müslümov iki gün dalbadal, niyə adamın qabağına çıxsın ki? Elə də oldu – o gün də, almanca bilən bir Allah bəndəsinə rast gəlmədik. Mən şübhə etmirəm ki, Səlim Müslümov, məsələn, əmək və müharibə əlillərinin işi ilə bağlı, onların güzaranını yaxşılaşdırmaq üçün Cenevrəyə gəlmişdi. Amma onun ayağı bizə düşmədi, fransız dilinin terroruna məruz qaldıq.

Üçüncü günün səhəri, artıq Sürixə qayıtmağımıza dəqiqələr qalmış, nəhayət, almanca danışan bir qadına rast gəldik, çünki həmin gün Səlim Müslümov qabağımıza çıxmamışdı. Bu qadın II dünya müharibəsindən qalmışdı, bəlkə də qız vaxtı uzaqdan Hitleri görmüşdü, yəni o dərəcə yaşlı idi. Yaşlı, istiqanlı və mehriban. Soruşdum niyə bu gözəl Cenevrənin camaatı “ölərik, fransızcadan başqa dildə danışmarıq” havalarına giriblər, dərdləri nədir? Qadın cavab verdi ki, “Fransızca o qədər gözəldir ki, başqa dili bilməyə ehtiyac yoxdur”. Rəsmən belə dedi. Yerimizdə quruduq.

Bəli, İsveçrənin italyan və fransız kantonları lüks və bohem imiclərinə malikdirlər, almandilli kantonlarda isə kalvinist sadəlik var. Zatən, diqqət yetirsəniz görərsiniz ki, oliqarx uşaqlarının, bütün dünyadan qlamur manıs və civilərin İsveçrədə dadandıqları şəhərlər əsasən fransız və italyan kantonlarındakı şəhərlərdir. Siz heç vaxt, hansısa milyonçunun, ya da uşağının Sürixdə, Bazeldə “avtoşluq” etdiyini eşitməzsiniz.

İndi isə diqqətli olun, sizə çox vacib bir informasiya daha verirəm – siz heç vaxt hansısa oliqarx, milyonçu uşağının Sürixdə, Baseldə, Berndə, St.Gallen-də universitet oxuduğunu da eşitməzsiniz. Çünki almandilli kantonlarda universitetlər ciddidir, rüşvət keçmir, rektorun cibinə pul basıb, diplom almaq mümkün deyil. Beləliklə, əgər Azərbaycanda kimdənsə eşitsəniz ki, “filankəsin uşağı İsveçrədə oxuyur”, deməli, söhbət 100% Cenevrədən gedir. Cenevrədə avara ali təhsil diplomu verən universitetlər var və dünyadan, o cümlədən Azərbaycandan, avara milyonçu balaları, gəlib guya burada təhsil alırlar. Basırsan puldan, alırsan diplomdan. Məhz bu səbəbdən, İsveçrənin almandilli kantonlarının universitetlərində, Azərbaycanlı tələbəyə rast gəlmək, demək olar ki, mümkün deyil.

İsveçrəlilər sakit və təmkinlidirlər. Emosionallığı, temperamenti sevmirlər, xoş qarşılamırlar. Qafqazlıların çoxu üçün bu, dözülməzdir. Azərbaycandan bir qonağımız gəlmişdi, İsveçrəni boydan-boya gəzib görəndən sonra qayıdıb demişdi ki, “mən əsla bu ölkədə yaşaya bilmərəm, bu qədər qanun-qaydaya riayət edə bilmərəm, ölərəm burada…”.

Haqlıdır – İsveçrədə emosionallıqla, temperamentlə, tərbiyəsizliklə, ərköyünlüklə vidalaşmalısan. Birdəfəlik! Bu isə, siqareti tərgitməkdən qat-qat mürəkkəb işdir. Bu ölkədə danalıq eləmək kimi bir lüksunuz yoxdur. Danalıq eləsən diqqət cəlb edərsən, cəzalandırarlar səni. Bu ölkədə zərrə qədər də olsa, başqalarından bir üstünlüyün, imtiyazın yoxdur. Yəni tipik azərbaycanlı üçün, İsveçrədə həyat cəhənnəm əzabı kimi bir şeydir.

Ələkbər Əliyev