BolgeXeber.Com » Analitika » Cəmiyyətdə dələduzların artmasının səbəbləri - ekspertlər danışır

Cəmiyyətdə dələduzların artmasının səbəbləri - ekspertlər danışır

2-10-2018, 13:37
Oxunub: 4 968 Cəmiyyətdə dələduzların artmasının səbəbləri - ekspertlər danışırBu halın çoxalmasında maddi problemlər rol oynamır?

Son zamanlar ölkədə dələduzluğa görə həbs olunan vətəndaşların sayında bir artım özünü göstərir. Məhkəmələrdən hazırlanan reportajlarda bir qrup insanın kiçik və böyük məbləğdə pul qarşılığında başqalarını aldatması, borc adı ilə külli miqdarda vəsait alıb, qaytarmaması və bu kimi hallar özünü göstərir. Maraqlı bir haldır ki, bu vəziyyət ildən-ilə artır, insanlar sanki dələduzluğu özünə ikinci peşə kimi seçirlər, asan və tez yolla pul qazanmağın fərqli üsullarını tapırlar.

Bəs bu mənzərənin yaranmasının səbəbi nədir? Təkcə sosial problemlər, işsizlik, yoxsa...? Deqredasiyanın insanları özünə çəkməsi ciddi səbəb sayıla bilərmi? Yoxsa dələduzluq etmək üçün maddi problemləri bəhanə gətirənlər artıb?

“Yeni Müsavat” mövzunun təhlilinə keçmədən öncə son dönəmlərin ən səs-küylü dələduzluq işlərini xatırladır. Bu ay ərzində baş verən bəzi cinayət işlərini yada salaq.

Bir qadının 81 min manatlıq dələduzluq aktı

Bakı Ağır Cinayətlər Məhkəməsində ər-arvada pul “atmaqda” təqsirləndirilən Nərminə Mirzəliyevaya hökm oxunub. Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Mirzəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı polisin nəzarətinə verilməklə azadlığa buraxıldığı üçün məhkəmə zalında qandallanıb.



İttihama görə, N.Mirzəliyeva Bakı şəhər sakinləri olan ər-arvaddan iş qurmaq adı ilə pul və qızıl zinət əşyaları alıb. Həmin qızılları lombarda qoyaraq pul götürərək faizə buraxıb. Lakin verdiyi vədə əməl etməyərək ər-arvada ümumilikdə 81 min manat ziyan vurub. Məhkəmə dövründə onlara 20 min manat qaytarıb.

Daha bir cinayət işi isə “Evrokord 2" Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlı oldu. Bu cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı cəmiyyətin direktoru Nəsimi Güləliyevin öz qulluq mövqeyindən istifadə etməklə tanışları Mübariz Heydərov və Rafik Əhmədovla qabaqcadan əlbir olaraq guya Xudat şəhərindən Qusar rayonunda yerləşən “Şahdağ” və Qəbələ rayonunda yerləşən “Tufandağ” turizm mərkəzlərinə yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin icrasının rəhbəri olduğu təşkilata həvalə edilməsi barədə ayrı-ayrı vətəndaşlara yalan məlumatlar verərək bununla əlaqədar təcrübəli kadrlara ehtiyacı olduğunu bildirib işə qəbulla bağlı cəmiyyətin maddi-texniki bazasının formalaşdırılmasına dəstək adı altında onlardan müxtəlif məbləğlərdə pulları dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi Güləliyevin ile ilgili görsel sonucu

Bundan başqa, istintaq zamanı N.Güləliyevin yalandan dövlət orqanlarında rəhbər vəzifədə işləyən tanışları olduğunu bildirərək məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli yaşayış binalarından mənzil verilməsi, dövlət orqanlarına rüşvət müqabilində işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd verib 37 min manat pulu aldatma yolu ilə ələ keçirməsinə, habelə başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.


Son dönəmin ən səs-küylü dələduzluq işlərindən biri də müğənni Könül Kərimovanın zərərçəkən olduğu işdir. Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub. Ona qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş müğənni Könül Kərimova ifadə verib. O deyib ki, Məlahət Məmmədovaya ilk dəfə 12 min manat verib. Daha sonra isə əlavə pul tələb edib. K.Kərimova ümumilikdə 32 min pul verdiyini, yalnız 11 min manatının geri qaytarıldığını deyib.


K.Kərimova əlavə edib ki, iş alınmadığı halda Məlahət Məmmədovanı tapa bilməyib: “Mən dedim ki, olsun, alınmırsa, pulumu qaytarsın. Amma zəng çatmırdı, mesajlara cavab vermirdi”.

Təqsirləndirilən şəxs Məlahət Məmmədova Könül Kərimovanın oğlunun Rusiyadakı təhsilinə pul xərclədiyini deyib. Amma Könül Kərimova bunun yalan olduğunu deyib: “Mən özüm də artistəm. Amma burada artistlik etmək lazım deyil. Məlahət xanım, heç ”Azdrama"da da sizin kimi artist yoxdur”.


Vəkil qızı dələduzluq edəndə...

Dələduzluqda ittiham olunanlar arasında tanınmışlar da var. Məsələn, zamanında eks deputat Gülər Əhmədovanın vəkili olmuş Əfsər Talıbovun qızı Cəlalə Talıbovanın dələduzluq maddəsi ilə başlanan cinayət işi barədə xəbərlər də mediada yer almışdı. 2014-cü ildə Çin vətəndaşı olan şəxslər tərəfindən Bakıda yaradılan “Tieus" MMC (indiki adı “Qren Lait») şirkəti işə qəbul barədə elan verib. Ofis Rəşid Behbudov küçəsi-53-də yerləşib. Müraciət edən vətəndaşlara özlərini ofisin rəhbəri kimi təqdim edən Əkbər Həşimov və menecer Cəlalə Əfsər qızı Talıbova qəbul edib, təklif edilən iş barədə ətraflı məlumat veriblər, hərtərəfli inandırıblar. Sonra da müqavilə bağlayıblar.

Həmçinin bildiriblər ki, əgər şirkətdə açılmış şəxsi hesabınıza öz vəsaitinizi yatırsanız, daha çox divident alacaqsınız. Həmçinin bunun müqabilində də yüksək məvacib alacaqsız.

Beləliklə, zərərçəkənlər Cəlalə Talıbovaya hissə-hissə pul ödəyiblər. Lakin vəd olunan müddətdə maaş yazmayıblar. Aldanan şəxslər onlardan verdikləri pulları geri tələb etdikdə isə C.Talıbova müxtəlif bəhanələrlə imtina edib.

Cəlaləyə bu dələduzluğu həyata keçirməsində onun 3 saylı Hüquq Məsləhətxanasında vəkil işləyən bacısı Talıbova Könül, yuxarıda adıçəkilən MMC-də çalışan Leyla adlı xanım, Ruslan və ya Rüstəm adlı sürücü köməklik göstərib. Hətta Cəlalənin anası Mərziyyə və xalası Esmira da Cəlalənin borclu olduğu pulların qaytarılmasına söz veriblər.

Belə olan vəziyyətdə zərərçəkənlər Cəlalə Talıbovanın dələduzluq cinayətinə görə Polis İdarəsinə ərizə ilə müraciət ediblər. RPİ-də Cəlalə Talıbova haqqında cinayət işi qaldırılıb. Bu zaman vəkil işləyən atası Əfsər Talıbov Cəlalənin dələduzluq əməlinin mülki iş kimi (borc) sənədləşdirilməsi üçün pulun tezliklə ödəniləcəyi vədi ilə danışığa gəlib. O, həmçinin xahiş edib ki, bu məsələdə onun vəkil işləyən digər qızı Könül Talıbovanın adı hallanmasın. Sonradan məlum oldu ki, Əfsər Talıbov da vaxtilə dələduzluq üstündə 4 il azadlıqdan məhrum olunub və bu yaxınlarda da dələduzluq əməllərinə görə vəkillik mandatından məhrum edilib.

C.Talıbovaya işin idarə olunmasında həm də çinli şərikləri olan xanımlar köməklik göstərib.


Əhməd Qəşəmoğlu: “Mənəvi dəyərlər arxa plana çatanda kriminal, fitnə-fəsad artır”

Gördüyünüz kimi, məzmun və mahiyyət etibarilə dələduzluq hadisələri bir-birindən çox fərqlidir. Biri külli miqdarda pul alır, bir başqası xırda dələduzluq edir. Amma sonuc eynidir: qısa və asan yolla vəsait əldə etmək, insanları sömürmək. Yazının girişində yazdığım suallara ekspertlərin cavabını öyrənməyə çalışdıq.

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bütün dini kitablar, müdrik insanlar, peyğəmbərlərin dediyi bir həqiqət var: “Hər hansı cəmiyyətdə mənəvi dəyərlər önə keçəndə cəmiyyət özünü tənzimləyir və orda ahəngdarlıq yaranır”. Müsahibimizin sözlərinə görə, mənəvi dəyərlərin bir az sıxışdırıldığı, arxa plana keçdiyi, bir az kölgədə qaldığı cəmiyyətdə xoşagəlməz halların artması qaçılmazdır: “Bu, cəmiyyətin qanunudur. Burada mənəvi dəyərlər öndədirsə, cəmiyyət özünü tənzimləyir. Mənəvi dəyərlər arxa plana çatanda kriminal, fitnə-fəsad artır. Bu, cəmiyyətin qanunauyğunluğudur. Bunu müdrik insanlar da deyir. Ona görə də hər zaman məsləhət görülür ki, mənəvi dəyərlərə üstünlük verilsin. Bəzi şeylərə tabu qoyulması o demək deyil ki, bunu kimsə istəyib. Bunun artmasını istəmiriksə, cəmiyyətdə elə proqramlar həyata keçirilməlidir ki, mənəvi cəmiyyət sağlam olsun”.

Müsahibimiz xatırladı ki, sovet cəmiyyətində də çoxlu xoşagəlməz hadisələr baş verirdi. Amma bununla paralel, mənəvi dəyərlərə üstünlük verilirdi: “Bu da istər-istəməz həmin cəmiyyəti qoruyurdu. Sovetlərdə ahəngdar həyatı təmin edə bilmişdilər. SSRİ-də mənəvi dəyərlər arxa plana keçəndə o quruluş dağıldı. Bu, hər zaman belədir. Qloballaşmanın sürətlə getməsi bu məsələni aktuallaşdırır. Bu isə heç bir tədbirə məhəl qoymur. Ona görə də çalışmalıyıq ki, cəmiyyətdə bu məsələlər artmasın deyə elmi əsaslarla təlim proqramları həyata keçirilsin”.

Sosioloq xatırlatdı ki, 10 il öncə bu durumla bağlı SOS siqnalı verib. Müsahibimizin sözlərinə görə, baş verənlər cəmiyyətin qanunauyğunluğudur və proseslər belə getsə, qorxulu hadisələr baş verə bilər. Ə.Qəşəmoğlu cəmiyyətdə dələduzluq faktlarının artmasını sosial problemlər, kasıblıqla əlaqələndirilməsinin yanlış olduğunu dedi: “Problemin yükünü təkcə maddi problemlərin üzərinə qoymaq məsələyə birtərəfli yanaşmaqdır. İstər Azərbaycanda, istər başqa ölkələrdə maddi vəziyyəti çox ağırdır. Amma heç də bütün ölkələrdə yüksək faizlə iyrənc hadisələr baş vermir. Çünki orada mənəvi dəyərlər öndədir. Mənəvi dəyərlər maddi dəyərləri tənzimləyir. İnsanı şəxsiyyət kimi təsdiq edən, onun eqosunu formalaşdıran mənəvi, mədəni dəyərlərdir. Ona görə bu işə kompleks baxmalıyıq. Qloballaşma o qədər sürətlə gedir ki, bir komponentə görə nəticə çıxarmaq olmaz. Qarşılıqlı əlaqələr təsir edir”.


Mehriban Zeynalova: “Əvvəl qadınlar daha çox borc üstündə tutulurdu, indi isə...”

Dələduzluqla bağlı cinayət işlərində qadınların son illər artan iştirakı barədə isə “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə danışdıq. Mehriban xanım bildirdi ki, bir müddət öncəyə qədər qadınlar daha çox borc üstündə həbs olunurdu. Üstlərinə yüklər düşən qadınlar borc asılılığına düşəndə ödəyə bilmir və nəticədə dələduzluq ittihamı ilə həbsə düşürdü: “Bu, uzun müddət davam edirdi. Amma pis nümunələr də var. Bəzi qadınlar iş düzəltmək adı ilə insanlara vədlər verir, onların pullarını alırlar. Görünür, bu pis nümunələr təsiredici qüvvəyə malik oldu. Onlar düşünürlər ki, bu yolla həm borca düşməz, həm də həyatlarındakı problemləri azaldarlar. Cəmiyyətdə tanıdığımız adamlar var ki, qanun onlara tərəf çatmayıb. Təbii ki, ölkədə elə hadisələr baş verir. Hiss olunur ki, bu məsələlərə diqqət yetirilir”.

M.Zeynalova bildirdi ki, yaranmış bu mənzərənin səbəbləri sırasında qadının iqtisadi azadlığı və götürdüyü yüklərin də payı var: “Qadın istəyir ki, yaxşı yaşasın, hər şeydən bəhrələnsin. Bu isə özlüyündə məhdudlaşdırma, nədənsə imtina etmək hallarını azaldır. Bunu da son nəticədə məsuliyyətsizlik əvəzləyir. Fikir vermisizsə, son zamanlar boşanmalarda qadınların israrları, müraciətləri daha çoxdur. Bu, məsuliyyətsizlik hissinin artması ilə nəticələnir”.

Sevinc TELMANQIZ