BolgeXeber.Com » Analitika » Sayğac oğurluğu: İzlər hara aparır? - ARAŞDIRMA

Sayğac oğurluğu: İzlər hara aparır? - ARAŞDIRMA

29-10-2018, 12:27
Oxunub: 5 859 Sayğac oğurluğu: İzlər hara aparır? - ARAŞDIRMASon zamanlar həyətyanı sahələrdən, eləcə də köhnə binaların bloklarından su, qaz və işıq sayğaclarının oğurlaması adi hala çevrilib

Sayğac oğruları çox az hallarda tutularaq, cinayət məsuliyyətinə cəlb olunur. Əksər hallarda müəssisələr bu fakta görə abonenti cərimələyir. Məlumdur ki, köhnə binaların əksəriyyətində blok qapıları açıq qalır, müşahidə kameraları isə yoxdur.

Məlumdur ki, "Azəriqaz" İstehsalat Birliyi, “Azərsu” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri tərəfindən quraşdırılan sayğaclar mənzillərdən, evlərdən kənarda, bloklarda və həyətlərdə quraşdırılır. Bu, həm vətəndaşların sayğaclara müdaxilə etməsinin qarşısını almaq, həm də təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Bu, həmçinin, qurumun ərazi üzrə işçilərinin işini asanlaşdırır. Belə ki, işçilər abunəçiləri narahat etmədən, onların sayğaclarına nəzarət edə bilirlər. Bu isə vətəndaşın üzərində müqavilədə nəzərdə tutulmayan əlavə məsuliyyət qoyur. Sayğaclara abonentlərin müdaxiləsi olmadan dəyən zərərin cəriməsini vətəndaşların özü ödəməyə məcbur qalır. Bu isə haqlı narazılığa səbəb olur.

Maraqlıdır, köhnə tikililərdə və həyətyanı sahələrdə sayğacların mühafizəsinə kim cavabdehdir?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, əgər sayğac vətəndaşın mənzilinin daxilindədirsə, buna abonent özü məsuliyyət daşıyır:

“Əks halda, sözügedən məsələdə vətəndaşın heç bir məsuliyyəti yoxdur. Bununla bağlı onlarla məhkəmə predmeti var ki, aidiyyəti qurumlar sayğacların oğurlanmsına görə istehlakçını cərimələyib. Həmçinin, sayğacın möhürü qırıldığı üçün qurum abonentə cərimə tətbiq edib. Vətəndaş məhkəməyə müraciət edib həmin cərimə qərarını ləğv etdirib. Bu, tamamilə əsassızdır. Çünki qurumlar sayğacları vətəndaşın fərdi yaşayış evindən kənarda quraşdırırlar. Təbii ki, abonent gecə gedib sayğacın yanında yatmalı deyil. Bu, mümkün də deyil. Həmin qurumlarda ərazilər üzrə nəzarətçilər və çilingərlər var ki, onlar buna görə əməkhaqqı alırlar. Əgər həmin qurumlar istəmirlər ki, belə hal yaşansın, o zaman sayğaclaşdırdıqları ərazilərə müşahidə kameraları quraşdırsınlar. Yaxud da hansısa yollarla sayğacların mühafizəsi təşkil olunmalıdır. Buna görə istehlakçının cərimələnməsi qətiyyən yolverilməzdir. Onlarla bu cür faktlar mövcuddur ki, həmin qərarlar məhkəmə tərəfindən ləğv olunub”.

Ramil Osmanlı artan sayğac oğurluğuna görə müəssisələrin özlərinin də günahkar olduğunu vurğulayıb:

“Haradan bilim ki, həmin sayğacları əraziyə baxanlar və yaxud çilingərlər özləri aparmır?! Ümumiyyətlə, bağlanan müqavilələrdə sayğacın oğurlanmasına görə abonentə heç bir məsuliyyət nəzərdə tutulmur. Müqavilədə sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin olunduğu təsdiq edildiyi halda cərimə və məsuliyyət nəzərdə tutulur”.