BolgeXeber.Com » Analitika » Bizim məmurlara maaş düşmür?

Bizim məmurlara maaş düşmür?

27-02-2013, 15:50
Oxunub: 5 150 Fikrimcə prezidenti və bir-iki nəfər yüksək çinli “söz sahibi” olan dövlət məmurunu çıxmaq şərtilə (çünki onların maaşı simvolik xarakter daşıyır və onların maddi durumuna nəzarət yoxdur) bizdə icra hakimləri, idarə rəisləri, hakimlər, deputatlar, məktəb direktorları və s.bu səviyyədə digər məmurlara maaş düşmür. Məmurlarımızn 150, 500, 444, 435, 450, 500, 508, 700, 1365, 1500, 1950, 1250, və s. civarında olan maaşları istər-istəməz məndə belə bir sual doğurdu ki, bəs belə “cılız” əməkhaqqı ilə (özü də ayda bir dəfə verilir), hanki para ilə (?!) özlərinə böyük büdcə tələb edən, milyonlara başa gələn villalar, kotteclər, şadlıq evləri tikir, iri müəssələr,ticarət mərkəzləri açır, övladlarıını ABŞ-da, İngiltərədə, Fransada oxutdurur, Aralıq dənizinə kruizə gedir, cocuqlarına Mercedes-Benz CL 65 AMC (qiyməti 210 min dollar), Yaguar XJL Super Sportdan -(qiyməti 115 min dollar) zaddan ala bilirlər?
Aydın məsələdir, reallıq odur ki,onların da çoxu üçün (yoxsa hamısı üçün?!) bu rəsmi maaşlar əslində simvolik xarakter daşıyır və bəzi məmurlarda “hələ üstəlik maaş da verirlər?!” təəccüb dolu sualını doğurur. Həqiqətən də öz maaşı ilə dolanması inandırıcı olan yeganə şəxslərdən biri, mənim fikrimcə (bəlkə də yanılıram) Artur Rasizadədir. Hələ ola bilsin ki, bəlkə də o, bu pulu ayın axırınacan xərcləyib qurtarmaya bilər. Bunu onun “heç qışda da bahalı xiyar alarlar” fikrinə görə ehtimal etmək olar. Siyahıda özümdən asılı olmadan həqiqətən məni güldürən, nazirlərin, ələlxüsus FHN-naziri Kəmaləddin Heydərovun 1500 manat, məktəb direktorlarının isə cəmi 150-160 manat əməkhaqqı alması faktı oldu.(Allah sizi güldürsün) Bir çox məmurların, onların ailələlərinin sürdüyü yüksək büdcəli , “xərcli” həyat tərzi onlara kasıb deməyə heç bir əsas vermir və bunu deməyə adamın dili də gəlmir. Diqqəti çəkən məqamlardan biri bizim məmurların arasında imkansız şəxsin olmamasıdır. Görəsən niyə bizim vəzifəlilərin arasında heç olmasa bir dənə kasıb dövlət məmuru yoxdu?! Onların arasında heç olmasa bircəcə kasıbın olmaması görəsən təsadüfdən irəli gəlir yoxsa ...
Fəxrlə demək olar ki, bizim məmurlar dünyada ən vətənpərvər, millətini, vətəndaşını sevən ən alturist (etdiyi yaxşı əmələ görə təmənna gözləməyən) insanlardır. Bunu faktlar da göstərir. Məsələn, adi bir misal gətirim; əhali arasında hamı bir ağızdan qeyri-rəsmi şəkildə deyir ki, filan idarənin rəisi olmaq üçün 50 000 manat vermək lazımdır, filan yerə müdir keçmək üçün 100000 manat rüşvət vermək lazımdır və s. Buradan da belə çıxır ki, əgər vətəndaşların şaiyə (?) şəklində dediyi düzdürsə, demək bizim məmurlar 150-435 manat maaş üçün külli miqdarda rüşvət verib işə düzəlirlər, hələ üstəlik işə düzələndən sonra aybaay, ilbəil “yuxarıdakıları” ,başqalarını da dolandırırlar. Hesab edirəm ki, bu çox böyük ədalətsizlikdir və başa düşə bilmirəm ki, dünya ictimaiyyəti hələ də buna,bizim məmurların özlərini dövlət uğrunda pulsuz-parasız fəda etmələrinə necə və niyə dözür, susur?! Bu ədalətsizliyə son qoymaq üçün təklif edirəm onların maaşı layiq olduqları qədər qaldırılsın.
Bizim məmurların vəzifəyə keçəndən sonra rüşvət götürmək ehtimalı, variantı tamamilə mümkün deyil. Ancaq bir variant var, o da halal zəhmət hesabına başa gələn zəhmət haqqı. Rüşvət almaq fikri isə məmurlarımızın ağlına belə gəlməz. Bu məqamda oxuculardan kiminsə uzandığı yerdən “hə, heç ağıllarına gəlməz!” ironik tonlu atmacalar atması isə məndə böyük hiddət doğurur və mən hirslənib yazımı bu hissədə bitirmək istəyirəm.

P.S. Əlbəttə, varlı məmurlarımızın bəziləri maddi durumlarının yaxşı olmasını onunla izah edə, əsaslandıra bilər ki, var-dövlət onlara atalarından,babalarından miras qalıb, vəzifə başına keçməzdən əvvəl və elə hazırda böyük bizneslə məşğul olurlar, pulu, ağır qızıl külçələri keçmiş Səhiyyə naziri Əli İnsanovun qeyri-inandırıcı səslənən fikrinə uyğun olaraq elmi ixtiralardan qazanıblar və s. Ancaq əvvəla, dövlət məmurunun bizneslə məşğul olması, mən bilən bizdə, qanunla qadağandır. Reallıq isə odur ki, məmurların çoxu vəzifəyə elə biznesin bir növü kimi baxır.
Yeri gəlmişkən onu da deyim ki, sovetlər dönəmində müəyyən mənada faydalı bir qanunsuz qayda var idi. Varlı həyat sürən bütün sovet vətəndaşlarından əlavə qazanclarının mənbəyi barəsində hesabat tələb olunurdu ki, bu da onları həbs olunmamaq üçün maaşını-filanı münasib olan başqa bir adamın adına sənədləşdirmək məcburiyyətində qoyurdu.