BolgeXeber.Com » Analitika » “Azərbaycan dilinin normaları kobud şəkildə pozulur”

“Azərbaycan dilinin normaları kobud şəkildə pozulur”

10-11-2018, 13:37
Oxunub: 6 219 “Azərbaycan dilinin normaları kobud şəkildə pozulur”"Bu gün Azərbaycanda həm yazılı, həm də şifahi dilin normaları kobud şəkildə pozulur"

Bunu Azvision.az-a açıqlamasında dilşunas alim, professor Buludxan Xəlilov deyib. Onun sözlərinə görə, Azərbaycan dilinin hər iki qolu - şifahi və ədəbi dilin tətbiqi sahələrində qüsurlar özünü göstərir.
"Televiziya və radioların bir qismində aparıcıların, diktorların dilində qüsurlar var. Onlar Azərbaycan dilinin normalarına düzgün riayət etmirlər, dilin lüğət tərkibində olan sözləri düzgün istifadə etmirlər. Qəzet və jurnalların dilində də müəyyən qüsurlar var. KİV-lərdə Azərbaycan dilinin normalarına düzgün əməl olunmalıdır. Təəssüf ki, bizdə dilin lüğət tərkibi, qrammatik quruluşuna düzgün əməl olunmur".

İnternet resurslarının dilində kifayət qədər qüsurların olduğunu deyən B.Xəliov qeyd edib ki, saytlarda peşəkar redaktorlara, korrektorlara ehtiyac var.

"Rəqabət dünyası internet resurslarının üzərində qurulub. Reklamların dili çox bərbad vəziyyətdədir. Reklamları kim necə istəyir, elə də yerləşdirir, orada dil xətaları çoxdur. Küçə-bazarlarda olan reklam lövhələrində də xətalar mövcuddur, qanunvericiliyin qaydaları kobud şəkildə pozulur. Azərbaycan dili bu gün müasir dövrün tələblərinə cavab verən dildir, təkcə kitab, qəzet, jurnal çapı ilə kifayətlənmir. Artıq elektron məkanda olan dildir. Azərbaycan dili bu gün dünya məkanına elektron sistemlə çıxmağı bacarmalıdır. Çıxmasa, müasir dünyanın rəqabətində uduza bilərik. Dil siyasətində qalıb gəlmək üçün dilimiz müasirliyin tələblərinə cavab verməlidir. Bu gün dilə texnologiyanın inkişafı ilə yeni sözlər gəlir. Dilimizdə Avropa, rus kəlmələri yerli-yersiz işlədilir", - deyə professor vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu yaxınlarda Ağdam Muğam Mərkəzinin açılış mərasimində Azərbaycan dili ilə bağlı önəmli məsələyə toxunub. Ölkə başçısı bildirib ki, dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq:

"Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm".