BolgeXeber.Com » Analitika » “Accessbank” Tovuzda krediti borcludan deyil, zamindən alır - GİLEY

“Accessbank” Tovuzda krediti borcludan deyil, zamindən alır - GİLEY

2-02-2019, 14:26
Oxunub: 6 333 “Accessbank” Tovuzda krediti borcludan deyil, zamindən alır - GİLEYAzərbaycanda on minlərlə insan bank borcuna görə məhkəmə qərarlarından əziyyət çəkir

Özü də əksər hallarda qərarlar qarşı tərəfin iştirakı olmadan qəbul edilir. Belə qərarlardan biri də Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini Fəxrəddin Aslanov barəsində çıxarılıb.

Kənddə yerləşən orta məktəbin direktor müavini olan F.Aslanovun “Yeni Müsavat”a dediyinə görə, artıq neçə aylardır etibar edib zamin durmağının acı nəticəsini yaşayır: “2014-cü ilin mayında həmkəndlim və müəllim həmkarımın xahişi ilə onun əmisi oğlu, kəndimizin sakini İbrahimov Sahəddin Ədil oğluna ”Accessbank"ın Tovuz rayon filialından kredit götürməsi üçün zamin durmuşuq. O, bankdan 10 min dollar götürüb. Bir neçə ay ödəniş etdikdən sonra dolların məzənnəsi qalxdı, S.İbrahimov krediti ödəməkdən imtina etdi. Bizim və bank əməkdaşlarının təkidlərinə baxmayaraq, ödəniş etmədi. İki ilə yaxın vaxt keçəndən sonra məlum oldu ki, bank o adamı məhkəməyə verib, bizi də cavabdeh şəxs kimi göstərib və məhkəmə iştirakımızı təmin etmədən qərar qəbul edib. Qərar isə belədir ki, kredit götürən şəxsin böyük əmlakı, bahalı yük avtomobili, həyətində iri ərzaq mağazası nəzərə alınmadan, eyni zamanda digər zaminin də onun əmisi oğlu olmasına əhəmiyyət verilmədən pulun ödənməsi mənim əmək haqqımdan təmin olunsun. Təsəvvür edin, bank və məhkəmə krediti götürən şəxsin girov qoyulan əmlakını hərraca çıxarmaq əvəzinə özləri üçün rahat yolu seçib ödənişi mənim əmək haqqıma yönəldiblər".

Məhkəmə qərarına əsasən F.Aslanovun 388 manat təşkil edən aylıq əmək haqqının 193 manatı S.İbrahimovun kreditinin ödənməsinə tutulur: “Bizi məhkəməyə çağırmayıblar. Zamin duran zaman bizim bütün əlaqə vasitələrimiz qeyd olunmuşdu. Digər tərəfdən, məhkəmənin rayon yerində müəllim işləyən adamı tapa bilməməsi absurddur. Mənə heç bir çağırış gəlməyib axı. Məhkəmənin qərarından apelyasiya şikayəti verdim. Apelyasiya Məhkəməsi də bizim iştirakımız olmadan qərarı qüvvədə saxladı. Başa düşmürəm ki, biz iki zaminik, niyə indiyədək kredit götürənin əmisi oğlu olan digər zamindən pul tutulmur, məndən tutulur? Mənim öhdəmdə öz ailəmdən əlavə əlil qardaşım, əqli qüsurlu olan bacım var. Özüm xərclərimi qarşılamaq üçün kredit götürmüşəm, ayda 106 manat da ona ödəyirəm. İndi məndən ayda 299 manat kredit tutulur. Bu qanunsuzdur axı? Qardaşım yataq xəstəsidir, onun əməliyyatına 13 min dollar pul lazımdır. Mənim əmək haqqım başqasının kreditinin ödənməsinə gedirsə, mən nəylə dolanım? Bu adamın krediti qaytarmağa imkanı yetərincədir axı! Niyə məhkəmə, icraçılar onu məcbur etməkdənsə gözlərini mənim əmək haqqıma dikiblər? Bu gün banklarla məhkəmələr birlikdə əhalinin qanına susayıblar. İnsanları kütləvi şəkildə dövlətdən, hökumətdən narazı salmaqla məşğuldular”.

P.S. Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.