BolgeXeber.Com » Analitika » Toylar bizə necə «toy» tutur?

Toylar bizə necə «toy» tutur?

20-04-2013, 18:55
Oxunub: 6 151 Yaxud susmaq qızıl olmayanda


Azərbaycan cəmiyyətində şüursuzluğun dərəcəsi elə bir qalın qat bağlayıb ki, artıq ona qarşı yönələn düzgün fikirlər o qatı dəlib keçə bilmir. Bu lay o qədər betonlaşıb ki, onu hətta davamlı güclü «zərbələr» - sağlam məntiqlə də dağıtmaq mümkün deyil. Əlac yalnız onu təməldən laxlatmaqda ola bilər ki, bunun üçün də gərək yalnış fikir layını sağlam düşüncə beli ilə dərindən qazmaq lazımdır.

***
Mən 1991-ci ilin 6 oktyabrında konsert zalında müəmmalı şəkildə öldürülmüş rus müğənnisi İqor Talkovun mahnılarına qulaq asmağ, mənə qoyun sürüsünü xatırladan bizim gerizəkalı, yaltaq toy-konsert müğənnilərimizin ulamaqlarına qulaq asmaqdan daha xoşdur. Çünki, baxmayaraq ki, onun mahnıları 20-25 il əvvəl ifa edilib, əksəriyyəti eşqdən, məhəbbətdən bəhs etməyən o mahnılar, ələxüsus onların sözlərinin mənası öz aktuallığını indiyəcən də itirməyib. Rus dilin bilən sağlam əqidəli insanlarımız Talkovu dinlədikcə onun fəlsəfi fikirlərindən feyziyab olub faydalana bilərlər.

***
Əvvələr, sovet dönəmində hökumət əsl azadlıq, hüquq tələb edənləri, hakim ideologiyaya qarşı çıxanları, hökumətə etirazını cuzi şəkildə olsa belə bildirənləri fiziki olaraq tutub basırdı zindana, ya da yaxşı halda ölkədən xaric edirdi. İndi artıq müxalif şəxslərə qarşı o cür tədbirlər görməyə ehtiyac yoxdur. İndi etiraz edən istənilən vicdanlı vətəndaş sadəcə olaraq süni yaradılmış pis iqtisadi mühitdə boğulub öz-özünə zərərsizləşir və qeyri-normal hüquqi atmosferdə «məcbur olub» zindana düşür. Xarici ölkələrə qapı çox zaman açıq olsa da, buna da ölkədən çıxıb getmək istəyənin ya maddi imkanı olmur, ya da lazımi əlaqəsi. Yerdə qalır bir variant: özünə qəsd, o da günahdır, özü də düzgün çıxış yolu deyil. Ancaq başqa konstusion hüquqlardan fərqi olaraq bu «hüquqdan» istifadə etməyə həmişə «yaşıl işıq» yanır. Güman edirəm axırıncı yolun reallaşacağı təqdirdə bu yalnız özlərinə qəsd edənlərin yaxınları üçün faciə ola bilər. Yüksək vəzifəli, daş ürəkli məmurlarımız üçün bir kimsənin imkansızlıqdan, əlacsızlıqdan və s. səbəblərdən özünü asması yalnız bir reaksiya doğura bilər ki, o da təxminən belə səslənir: «Gözümün ikisi də birdən aydın!».

***
Azərbaycan reallığında toylarimiz mahiyyət etibarilə öz əsas funksiyasından, yəni qurulacaq ailənin təqdimatından uzaqlaşaraq artıq əxlaqsızlığın bir məkanına çevrilməkdədir. Əksər toylarımız xeyir işdən daha çox düşük şounu (guya başqa cürə şou olur? !), özünəməxsus bir biznesi xatırladır və ictimai bir bəlaya çevrilib. Ancaq əfsuslar olsun ki, toy edən insanların çoxu özləri zay olduqları səbəbindən bundan xəbəri yoxdu.

Toylar bizdə diskoteka olmaqla yanaşi, həm də quşbeyin qızların erotik geyimlər vasitəsilə özlərini reklam edərək göstərdiyi , əksəriyyəti quşbeyin olan gənclərimizin öz intellektlərini «Qoçəli» oyun havası altında oynayaraq nümayiş etdirdiyi bir səhnədir. Şadlıq evlərində, çadırlarda keçirilən belə xeyir (oxu: şər) işlərdə orta statistik azəri qadının əlinə olmayan dühasını göstərməsi üçün unikal bir fürsət düşür. Azəri qadınlarının əksəriyyəti toylarda sifətlərinə az qala bir kiloqram kosmetika - kraska çəksələr də bu onların boz, rəngsiz, ağıllarına qətiyyən rəng vermir. Üstbaşlarında 2-3 min manatlıq qızıl, ya da ətrafdakıları «aldatmaq» üçün nəzərdə tutulmuş qızıla oxşar 1,5 kq ağırlığında metal, bijuteriya gəzdirsələr də, toy qabağı böyük səylə düzəltdirdikləri, 30-40 manata başa gələn saç düzümlərinin altindaki başlarında adətən heç 5 manatlıq, 5 qramlıq belə normal düşüncə, sağlam fikir olmur. Heç olmasa, toylarımızda qadınlarla kişilər ayrı-ayrı yerlərdə çörək yesə , oynasa idi bunu bəlkə də dini, yəni mənəvi cəhətdən doğru saymaq mümkün olardı. Mənim fikrimcə bizim toylarımıza xas olan pul yazdırma sistemi tamamilə dağıdılmalıdır, yox edilməlidir. Əksər toylarda, ad günlərində və s. məclislərdə pul yazılmasa, bu cəmiyyətimizin bir çox xəstəliklərini qabarıq surətdə üzə çıxarar və heç olmasa onların müalicəsinə başlanıla bilər.

Bildiyiniz kimi bizim iqtisadiyyatın eyiblərini gizlədən əsas amillərdən biri malların nisyə, kreditə verilməsidir. Özü də bunu inkişaf etmiş ölkələrdə: ABŞ-da, İngiltərədə, İsveçdə və s. ölkələrdə populyar olan kredit sistemi, xidməti ilə eyniləşdirmək düzgün deyil. Oralarda da demək olar ki, əhalinin əksəriyyəti çox şeyi kreditə götürsə də, bu daha çox «kefdən» edilir. Yəni kreditə bir qayda olaraq ev, əmlak, maşın və s. böyük məbləğdə olan şeylər götürülür. Bizdə isə corabın, siqaretin, qəzetin, çörəyin belə nisyə alınması bizim alıcı qabiliyyətimizin, real gəlirmizin az olmasından irəli gəlir.

İqtisadiyyatımıza oxşar olaraq toylarımız da ikiüzlüdür, sünidir. Bizim toylarda dəvətnamə ilə gələnləri məclisdə rəsmən qonaq adlandırırlar. Ancaq gələnləri qonaq adlandıran o ev, toy sahibi, əlində 10 qəpiklik dəftər bir yaxınını otuzdurub çıxışda, toydan çıxanlardan utanmaz-utanmaz pul yığır. Bu ona oxşayır ki,təsəvvür edin sizin evə kimsə əziz bir nəfər, ailə qonaq gəlib, siz də onu, onları yaxşıca yedizdirib-içizdirirsiniz və sonda deyirsiniz ki, «bəs qardaş,baci incimə, ancaq sən 30 manat, ya da 50 manat verməlisən».

Gözəgörünməz ictimai rəy toya atılan pulun tasını çox dəqiq tənzimləyir. Məsələn, qiymətlər qalxdıqda və ya pul dəyərdən düşdükdə buna adekvat olaraq toya yazdırılan pul da artır. Yalnış ictimai rəy görün nə qədər güclüdür ki, hətta, artıq bizə «necə lazımdır» toxunan ümumdünya maaliyyə böhranı (əslində bu da iri bankların bir qurmasıdır) belə toyların tasına ciddi təsir edə bilmir. Bir çoxları səhvən elə düşünür ki, bizim toylar imkansız təbəqənin bir-birinə kömək etməsi deməkdir. Buna cavab olaraq deyim ki, bu cür yanaşma kökündən yanlışdır və aldadıcıdır.

Birincisi əksəriyyətin qəbul etdiyi yalnış toy fəlsəfəsinə görə belə toylara atılan pul borc sayılır və təbii ki, demək onun əvəzi nə vaxtsa (3 günə, 3 ilə) verilməlidir. İkincisi mən başa düşə bilmirəm toy sahibinin çoxsayıl kasıb təbəqənin işıqpulunu, qazpulunu belə çətinliklə ödəyən, öz uşaqlarına mütəmadi meyvə belə ala bilməyən nümayəndəsinə dəvətnamə verməyə əli necə gəlir?! Bundan başqa əvəz-əvəz bəhsi də yanliş bir düşüncədir. Çünki bir çox hallarda əgər kimsə, məsələn, bu gün birinin toyuna gəlibsə və ora pul atıbsa, hələ məlum deyil onun öz toyu nə vaxt olacaq, ümumiyyətlə olacaqmi və toyuna gütdiyi adamı sonra tapacaqmı və ya onu toyuna çağırmaq həvəsində qalacaqmi ?! Əslində pulun əvəzinə bir çox ölkələrdə uğurla praktikada olan ( qonşu Türkiyədə sərf etmirəmsə bu belədir) hədiyyə sistemi ən azından daha mütərəqqi və islama daha yaxındır.

Ümumiyyətlə, əgər toy edilərsə, arzu olunur ki, o ehsan şəklində həyata keçirilsin. Yəni həmin toyda spirtli içkinin içilməməsi, musiqinin çalınmaması nəzərdə tutulmamaqla bərabər nə pul yığılsın, nə də hədiyyə. Azərbaycan cəmiyyətinin, toylarının bir rəzalətli tərəıfi odur ki, bizdə hətta rəsmən spirtli içkisiz (spirtli içki stollara qoyulmayan zaman) keçirilən toylarda belə camaat gizli şəkildə stolun altından özünün aldığı arağı çıxararaq içir. Əsas mövzuya qayıdaraq öz şəxsi həyatından misal gətirib deyim ki, baxmayaraq ki, bizim evdən yüzlərlə toya gedilib d mən özüm üçün (oğlan toyu) toy-zad etməmişəm. Bu vaxtacan toylara yazdırdığım pullara görə isə qətiyyən heyfsilənmirəm. Birincisi mən toy məclisi qursaydım belə, toyuna getdiyim adamların heç də hamısını oz toyuma çağırmazdım. Sonrası da mən toy etəməməklə bir növ bu toy zəncirindən, boyunduruğundan asılacağdan, toy xəstəliyindən canım qurtardı və artıq mənim bu sarıdan heç kim qarşısında öhdəçiliyim, borcum yoxdur. Ona görə də məni toya çağıran yaxın qonşum, qohumum olsa belə əksəriyyətinə, «uf» demədən, utanmadan getmirəm. Çünki, mən bu şəkildə (biabırçı) keçirilən toyları həm mənasız, faydasız insana fiziki, mənəvi, həm də psixi cəhətdən ziyanlı bir şey hesab edirəm. Əlbəttə, bəlkə də o zaman mən istərdim (ancaq çətin) ki, pul yığmamaq şərti ilə toy edim.

Ancaq buna maddi imkanım çatmadığından, dəvət edəcəyim insanlardan pul ummağı, yığmağı, mədəni dilənçilik və ikiüzlülük hesab etdiyimdən (bu mənim şəxsi fikrimdir) toy etmədim və bir növ toylara xərclədiyim pullar «batdı». Ancaq mən axırıncı fakta görə zərrə qədər də heyfsilənmirəm, əksinə bununla qürur duyuram və inanıram ki, ömrümün axırınacan belə düşünəcəm.

Onu da qeyd edim ki, insanların maddi rifahı yüksəlsə belə, yəni toylara pul salmağa, hətta kifəyt qədər imkanı olsa belə, toylarda pul yığılmasının səhv olması yenə səhv olaraq qalacaq .Əlavə olaraq deyim ki,mənim qiz övladim yoxdur.Ancaq fikirləşirəm ki,mənim qizim olsaydi vəgələcəkdə o ailə qurduğu zaman maddi imkanim olub,olmamağimdan asili olmayaraq onu kamil bir insan bildiyim bir namizədə qoşub elə toysuz ,nişansiz , yalniz kəbinlə, zaqsla elə qapidan yola salaram, vəssalam.Düzdür, bu zaman ola bilsin olaydan şoka düşərək qizin bəzi yaxinlarinin ürəyi getsin.Ancaq bu elə də mühüm düyil ,çünki ailənin xöşbəxtliyi ,safliği və möhkəmliyi bütün rituallardan əsasdir. Qərar düz olanda ona camaatin necə baxmasi elə də vacib məsələ deyil .Yeri gəlmişkən xüsusi olaraq qeyd edim ki,əksəriyyət pis bir işi görməyi çox istəyəndə çox vaxti heç heç kimlə hasablaşmir, ictimai rəyə tüpürmək belə istəmir və öz bildiyini edir.

Cəmiyyət özü özünü uçuruma aparır. Protest edib sadəcə olaraq toylara getmək lazım deyil və bununla da dairəvi şüursuzluq zəncirlərindən birini qırmaq lazımdır. Birini ona görə deyirəm ki, bizim , qabaqda hələ nə qədər qırılası zəncirlərimiz var ki... İstər dini toy olsun, istərsə də dinsiz, əgər o, toyda pul yığılırsa demək “apar tulla”. Çalişin cəmiyyətin özü-özünə qurduğu tələlərin , torlarin heç birinə düşməyin və hallarda yalnış ictimai rəydən, qınaq obyekti olmaqdan çəkinməyin,qorxmayin, zay toyları, onları təşkil edənləri dəstəkləməyin.

Əlbəttə, hörmətli oxucuda belə bir sual ortaya çıxa bilər ki, bəs tutaq ki, sən (yəni mən) deyənlər düzdür, axı çıxış yolu nədir, bizim toylara alternativ variant , toy hansıdır, ? Buna cavab olaraq deyim ki, məsələn, tutaq ki, , kiminsə kor bağırsağı partlayıb,bu zaman o və ya onun yaxını məgər alternativ variant axtaracaq?! Birincisi, ilk növbdə bu hallarda xilas olmaq lazımdır. Bu (xilas) olandan sonra isə narahat olmayın, mən 158 dənə (yox 672 dənə) təklif verərəm. Bizim cəmiyyətin kor bağırsağı artıq partlayıb və artıq iy verir, bizim xəbərimiz yoxdur. İstənilən kamil insan bunu asanlıqla görür. Kor bağırsaq elə bir şeydir ki, mədənin üyüdə bilmədiyi hər hansı bir şey orqanizmin o hissəsində yığılır və həddən artiq yiğildiqda o partlayir. Bizim də düşüncəmizin üyüdə bilmədiyi çox saylı məsələlər, problemlər, nöqsanlar, analoji olaraq o «orqanda» yığılıb və artıq partlamağa da macal tapıb.
... Azərbaycan xalqı isə hələ ki, heç bir təhlükəni vecinə almadan «kef» eləyir...
Bakının mavi gecələri... Davam edir 2013...
Allah axırını xeyirli eləsin...

***
P.S.Dəvətnamələr «qara kağız» ilə bərabər mənə, vergidən gələn və təcili ödənilməsi tələb olunan bildirişi xatırladır ki, bizim reallıqda o normal adamda xof yaradır. Əslində Azərbaycan vergi ödəyicilərinin əksəriyyəti, gəlirinin az olması səbəbindən, bu elementar dolanışıq üçün belə çatmadığından camaat dövlətə yox, dövlət camaata nəsə ödəməlidir və bu daha ədalətli olardı. Çünki vergi dövlətin dayağı sayılsa da, dövlətə ondan da mühüm dayaq onun vətəndaşlarıdır. Bizim toylarda da camaatın mövcud şəkildə bir-birini toya dəvət etməsi əslində camaatın bir-birinə zülm etməsi deməkdir və bu cəmiyyətin özü-özünə tətbiq etdiyi, qeyri-hökumət vergisi adlana bilər.