BolgeXeber.Com » Analitika » Təhsil nazirliyin şöbə müdirinə 245 minlik ittiham

Təhsil nazirliyin şöbə müdirinə 245 minlik ittiham

3-05-2013, 10:50
Oxunub: 7 417 Hacıyeva həm də “plagiat” kitab nəşr etməkdə də ittiham olunur.

“Bizim Dövr” qəzetində Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Təranə Hacıyevadan bəhs edən yazı dərc olunub.

“Danılmaz faktdır ki, keçmiş nazirin rəhbərliyi altında fəaliyyət göstərən Təhsil Nazirliyi təhsilimizin irəli getməsi üçün tələb olunan işləri görməkdə aciz idi. Ölkə başçısı tərəfindən təhsil sisteminə göstərilən xüsusi diqqət keçmiş nazir və bəzi şöbə müdirlərinin “əməyi” nəticəsində heçə endirilirdi. Bu gün də Təhsil Nazirliyində çalışan bəzi şəxslərin “fəaliyyəti” nəticəsində elə problemlər yaranıb ki, onların həlli üçün ən azından beş il vaxt lazımdır.
Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Təranə Hacıyeva təhsil sahəsində baş verən qanunsuzluqların bəlkə də hazırlayıcısıdır. Bu xanım haqqında qəzetimizdə və digər mətbu orqanlarda dəfələrlə faktlara söykənən tənqidi yazılar dərc olunub. Yeni məlumatları qeyd etmədən qabaq xatırladaq ki, T.Hacıyeva bu vəzifədən əvvəl Bakı Dövlət Universitetində (BDU) adi laborant işləyib. Onun həyat yoldaşı İshaq Əvəzoğlu isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fanatıdır və iqtidar əleyhinə kəskin çıxışları ilə tanınır. Azərbaycan xalqının və iqtidarının açıq-aşkar düşməni olan partiyanın qatı fanatı ilə eyni evdə yaşayan şöbə müdiri təhsil sisteminin qabağa getməsini istəyərmi? Bizim fikrimizcə, yox.
T.Hacıyeva həm də “plagiat” kitab nəşr etməkdə də ittiham olunur. Belə ki, həmmüəllifləri Təranə Hacıyeva və Tariyel Talıbov olan “Pedaqoji testlərin nəzəriyyə və praktikasına giriş” adlı kitab ötən il ifşa edildi. Məlum oldu ki, bu kitab rusiyalı professor Çelişkovanın eyni adlı əsərindən sözbəsöz, cümləbəcümlə köçürülüb. İxtisasca filoloq olan xanım şöbə müdirinin nəyə görə riyaziyyatdan kitab yazmaq eşqinə düşməsi də müəmmalıdır. Yəqin o, fikirləşib ki, bu oğurluğun üstü açılmayacaq. T.Hacıyeva həm də attestat paylamaqla da “ad” qazanıb. Məlumatlara görə, ötən illərdə orta məktəblərin məzunu olan şagirdlərin böyük əksəriyyəti şöbə müdirinin əli ilə attestat alıb. Sözsüz ki, həmin attestatlar havayı verilməyib. Hər şagird müəyyən miqdarda nə isə verərək attestatlarına qovuşublar. Şükürlər olsun ki, xalqımızı bu bəladan TQDK qurtardı və imtahanları öz nəzarətinə götürdü. Qiymətləndirmə şöbəsinə rəhbərlik edən T.Hacıyevanın biliyi hansı yolla qiymətləndirdiyi isə getdikcə ortaya çıxır. Ötən illərdə nazirliyin orta məktəblərin on birinci siniflərində həyata keçirdiyi mərkəzləşdirilmiş imtahanlarda attestat ala bilməyən şagirdlərin hamısını T.Hacıyeva necə lazımdısa təmin edib. Bu işdə ona yerli təhsil şöbələrinin müdirləri də kömək ediblər. Bu maxinasiyalardan isə şöbə müdiri milyonlar qazanıb. Onun şəhərin bir neçə yerində bahalı evləri, özünün və qızlarının son model bahalı avtomobilləri var. Yeri gəlmişkən qeyd edək ki, elə dünən T.Hacıyeva qızına 245.000 dollara sonuncu model Gallenwagen alıb. Sağlığına qismət, varlığa nə darlıq! Allah keçən illərdə attestat alanların canını sağ etsin!
Ümidvarıq ki, yeni təyin olunmuş təhsil naziri Mikayıl Cabbarov təhsildə mütərəqqi üsulların tətbiqini sürətləndirəcək və Təranə Hacıyeva kimi nazirliyin adına ləkə gətirəcək kadrları yeniləri ilə əvəzləyəcəkdir”.