BolgeXeber.Com » Analitika » Ziya Məmmədov xalqın cibinə girməkdə israrlıdır

Ziya Məmmədov xalqın cibinə girməkdə israrlıdır

14-05-2013, 11:40
Oxunub: 5 309 Nəqliyyat nazirinin növbəti blefi
Avtobuslarda gediş haqqının artırılmasını özünəməxsus şəkildə izah edən nazir “indiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır” söyləyir; heç yerdən maliyyə yardımı almayan müəssisələr uzun illərdir “ziyan”la necə işləyib...
Nəqliyyat naziri Ziya Məmmədov yenidən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı məsələni aktuallaşdırıb. O, mayın 10-da jurnalistlərə açıqlamasında deyib ki, avtobuslarda qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət olunub: “Çünki Bakıda 60-a yaxın şirkət sərnişin daşınması ilə məşğul olur. Reallıq belədir, indiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır. Bununla bağlı Tarif Şurasına müraciət etmişik. Qərarı Tarif Şurası özü verəcək”.
Göründüyü kimi, nazir bu absurd təklifini əsaslandırmaq üçün çox absurd bir arqument seçib: “İndiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır”.

Əvvəla, nazir ümumi sözlərlə danışmaqdansa konkretləşdirsin görək ki, paytaxtda sərnişin daşınmasının konkret maya dəyəri neçəyədir və sərnişin daşınması ilə məşğul olan özəl şirkətlər nə qədər ziyana düşür. Ancaq 100 faiz əminliklə deyirik ki, nazir konkret rəqəm göstərməkdə acizdir. Çünki bu, heç nəzəri baxımdan da mümkün deyil.

Birincisi, sərnişin daşınması ilə məşğul olan şirkətlər özəl şirkətlərdir. Onlar dövlətdən 1 qəpik də olsun dotasiya almırlar. Onlar xərclərini öz gəlirləri hesabına qarşılayırlar. Əgər Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyirsə ki, metroda bir sərnişinin daşınmasının maya dəyəri 50 qəpiyə başa gəlir, ancaq gediş haqqı bunun 40 faizi həddindədir, yəni 20 qəpikdir, bunu anlamaq olar. Çünki Bakı Metropoliteni dövlət müəssisəsidir və dövlət bu xərclərin bir qismini öz öhdəsinə götürür. Məsələn, təkcə bu dövlət büdcəsindən gediş haqqı ilə maya dəyəri arasındakı fərqi ödəmək üçün Bakı Metropoliteninə 29 milyon 242 min manat subsidiya ayrılıb. Ancaq sərnişin daşınması ilə məşğul olan şirkətlərə belə bir dotasiya ayrılmayıb. Deməli, nazirin bu arqumenti blefdən başqa bir şey deyil.

İkincisi, nəzəri baxımdan maya dəyərin şişərək indiki tarifləri üstələməsi ehtimalı var. Ancaq bunun üçün maya dəyəri təşkil edən əsas xərclərin bahalaşması gərəkdir. Ancaq belə bir bahalaşma qeydə alınmayıb. Maya dəyərin əsasını təşkil edən yanacaq xərcləri son bir neçə ildə sabit qalıb və digər xidmətlərin də tarifi artmayıb. Əgər artım faktı varsa, buyurub açıqlasınlar, görək maya dəyərin hansı komponentləri bahalaşıb.

Üçüncüsü, əgər maya dəyəri gediş haqqından yüksək olsaydı, onda sərnişin daşınması ilə məşğul olan şirkətlər qısa müddət ərzində müflisləşməli və fəaliyyətini dayandırmalıydı. Ancaq belə bir hal müşahidə edilməyib - sərnişin daşınması ilə məşğul olan şirkətlər fəaliyyətlərini davam etdirirlər. Bəlkə Z.Məmmədov onların ziyanını öz cibindən ödəyir? Bu qədər absurd arqumentə istinad etmək nə dərəcədə doğrudur?

Z.Məmmədovun açıqlamasındakı başqa bir nüans da heç bir tənqidə dözmür. Nazir deyir ki, Bakıda 60-a yaxın şirkət sərnişin daşınması ilə məşğul olur. Hanı 60 şirkət? Hamı bilir ki, paytaxtda sərnişin daşınmasını “Garant Holding”ə daxil olan “Transqeyt” MMC inhisara alıb. “Transqeyt” MMC və bir neçə fiziki şəxsdən başqa kimsənin Bakıda sərnişin daşınması ilə məşğul olmasına qeyri-rəsmi olaraq icazə verilmir.

Yada salaq ki, Tarif Şurasının aprelin 26-da keçirilən iclasında Nəqliyyat Nazirliyinin şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarında gediş haqlarının artırılması təklifinə baxılıb və buna mənfi cavab verilib. Ancaq daxili oyun qaydalarını pozan Z.Məmmədov və onun müavini Musa Pənahov qiymətlərin artırılacağı anonsunu verməkdə davam ediblər.

Aprelin 29-da nəqliyyat naziri Z.Məmmədov mediaya açıqlamasında ictimai nəqliyyatda qiymət artımları ilə bağlı təkliflərin sərnişin daşınması ilə məşğul olan özəl şirkətlərin müraciətlərinə əsaslandığını qeyd etmişdi. Nazir qiymətin 30 qəpiyə endirilməsini təklif edirdi. Nazirin hesablamalarına görə, guya indiki qiymətlər daşınma xərclərinin maya dəyərini belə ödəmir. Bunun ardınca nəqliyyat nazirinin müavini Musa Pənahov gediş haqqının artımı ilə bağlı Nəqliyyat Nazirliyinin təkliflərinə Tarif Şurasında baxıldığını qeyd etmişdi.

İctimai rəydə çaşqınlıq yarandığını görən Tarif Şurası mayın 3-də təkrar məlumat yayaraq qiymət artımları barədə söz-söhbətlərin əsassız olduğunu birmənalı şəkildə bəyan etdi. Şuranın məlumatında deyilir: “Hazırda Tarif Şurasında sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmur və bu sahədə tarif dəyişikliyinin aparılması şuranın gündəmində deyil”.

Tarif Şurasının son bəyanatından sonra Ziya Məmmədovun yenidən bu məsələyə qayıtması onu göstərir ki, nazir qiymətlərin artırılması ilə bağlı təklifində israrlıdır və ilk fürsətdə bunu reallaşdırmağa çalışacaq. Çünki bu, nazirin şəxsi maraqlarına xidmət edir - paytaxtda sərnişin daşınması ilə Ziya Məmmədova məxsus “Garant Holding”ə daxil olan “Transqeyt” MMC, şəhərlərarası sərnişin daşınmaları ilə isə nazirin deputat qardaşı Elton Məmmədova məxsus “Bakı XXI ƏSR” MMC məşğul olur. Görünür, artıq oliqarxiya hökumətin qərarlarına da itaətsizlik nümayiş etdirir.musavat